Prezident Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Azərbaycan qadınlarını 8 mart –
Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanımlar!
Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar
günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı,
səadət və işlərinizdə nailiyyətlər arzulayıram.

Sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi
sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin
irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə
çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın
müstəsna xidmətləri vardır. Ədəbiyyatımızda daim gözəlliyin və
zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf
olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü
iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun
mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin
mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən
dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin
sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir.

Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız
Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara
seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və
mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar
inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların
fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən
müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin
ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda
çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq
hərəkatının ön sıralarında olmuşlar.

Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin
hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı
potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik
sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin
milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və
ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə
dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc
nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda
tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək,
ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni
töhfələr verəcəksiniz.

Bayramınız mübarək olsun!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp