Od çərşənbəsi – Bu üsulla xəstəliklərdən xilas olun



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün ilaxır çərşənbələrdən ikincisi – Od
çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı
çərşənbə” kimi də adlandırılır.

Bu çərşənbənin özəlliyi barədə Publika.az-a danışan AMEA Folklor
İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi
işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki,
qədim dövrlərdən türk xalqlarında da günəşə, oda, atəşə böyük
hörmət, inam olub.

“İnsanlar odu qoruyub, ocağı illərlə sönməyə qoymayıblar. Oda
andlar içilib, müxtəlif mərasimlər təşkil edilməklə, insanlar öz
şükranlıqlarını ifadə ediblər. El arasında yayılan adət-ənənəyə
görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım,
azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla
xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç
çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar
hazırlanır, ocağın üstü boş qalmır. Od çərşənbəsində odun, tonqalın
yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin
isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş
istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların
isinməsinin əsas göstəricisidir”.

Folklorşünasın sözlərinə görə, qədim zamanlarda kənd yerlərində
Od çərşənbəsinin başlanmasını xəbər vermək və insanları bir yerə
toplamaq üçün həmişə dağların başında tonqallar qalanardı:

“Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqal
yandırarlarmış. Türk xalqları dağ başında tonqal qalamaqla, oddan
həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı
müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər. Dağ başında,
hündür yerlərdə qalanan tonqalın sayına görə qədim türklər
uzaqdan-uzağa həmin obanın, elin vəziyyətini təyin edərək, köməyə
getmişlər. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək
olar. “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin
oğluna deyir ki, “Bir tonqal qalayanda elimiz şənliyə yığışır, iki
tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç
tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd
günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən
işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə
çatdırır.

Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq,
istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar
Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik
diləyərlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzəri qırmızı
bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək
nəğmələr oxuyarlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp