Narkoloji Mərkəzdə yanğın qəsdən törədilib, bir nəfər həbs edilib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2018-ci il
mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən
Respublika Narkoloji Mərkəzində coxsaylı insan tələfatı ilə
nəticələnən yanğın barədə birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, fakt üzrə dərhal
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət
istintaq-əməliyyat qrupu yaradılıb. Hadisənin səbəblərinin
araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə
cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və
əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş
şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilmiş,
zəruri ekspertizalar təyin edilib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu
nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə
alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının
3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə
zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə
üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və
Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək
qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06
radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla
yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb
yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara
keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk
etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və
Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə
təsdiqlənib.

Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci
(iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə
olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən
məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və
narkoloji ekspertizalar təyin olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.

Nəticələri barədə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp