Mehriban Əliyeva uşaq bağçasının yeni binasının açılışında



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının
Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli
körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı
olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak
edib.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi
açılışını bildirən lenti kəsdi, körpələr evi-uşaq bağçasında
yaradılan şəraitlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
məlumat verdi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5
qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq
müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların
qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir.
2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin
birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına
başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri
rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən
körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada
2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət
pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə
uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnmələrini təmin edəcək.

Ölkədə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində
qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu
da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər
təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun
məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin
monitorinqinin nəticələri açıqlanmışdı və ölkədə yeni bağçaların
inşasına ehtiyacın olduğu müəyyən edilmişdi. Həmin vaxtdan Fond
ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması,
yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini
daha da genişləndirib. Bu bağçada da lazımi şərait yaradılıb,
binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb,
müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib.
Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl
ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları
quraşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp