Cümhuriyyətin strateji hədəflərindən biri bu olub



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində
“Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin
yolu” mövzusunda növbəti “Novruz mühazirəsi”
keçirilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən
məlumata görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov,
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur
Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.
Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan,
Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də
iştirakçılar sırasında olub.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət
edilib və önünə gül dəstələri qoyulub. Qonaqlar əvvəlcə Azərbaycan
Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur
Rzayev çıxış edərək ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd
edilməsi barədə imzaladığı sərəncamın dövlətçilik tariximizə
verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyib. İcra
başçısının müavini öncə Tiflisdə, daha sonra Gəncə şəhərində
fəaliyyətə başlayan Şərqdə ilk parlament respublikasının milli
dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını qeyd
edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov xaricdə təhsil
siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə
strateji hədəflərdən olduğunu qeyd edib və bu dövrdə xalq təhsili
və maarifləndirmə üzrə ilk nazirliyin – Xalq Maarif Nazirliyinin
yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin həyata
keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin
açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün
100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı
bildirilib.

Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz
Rüstəmova – Tohidinin “Milli kimlik sualından milli dövlətçiliyə:
müstəqilliyin çətin yolu” mövzusunda mühazirəsini dinləyiblər.

Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının
solistlərinin ifasında konsert proqramını dinləyiblər. Sonra
ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq
Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan
türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı” və Gəncə Dövlət
Filarmoniyası ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp