Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi
və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920)
banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş
Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür.

Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 63 il
ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il 31 yanvarında Bakının Novxanı
kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid
Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub,
buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki
məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın
və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk
respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının
təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi
fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci
ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik
təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə
üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat
idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə
Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın
26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri
nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman
fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət
olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə
Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və
qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya
yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir
xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli
dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin
başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil
olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında,
həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi.
1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən
işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə
üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə
aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər
xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy
Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə “Görkəmli
ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi
dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana
qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında”
sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev
“Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin
anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman
imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik
yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp