Azərbaycanın yüksək vəzifəli məmurları Gürcüstana getdilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi
Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Publika.az xəbər verir ki, nümayədə heyəti
arasında İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft
Fondunun, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin yüksək vəzifəli rəsmiləri iştirak edir.

Səfərin məqsədi Azərbaycan-Gürcüstan arasındakı iqtisadi
əməkdaşlığın daha da genişləndirilməsidir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisinin
mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət
edib, abidə önünə əklil qoyub.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili
və daxili işlər naziri Giorgi Qaxaria ilə görüşündə
Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan
ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında
əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat,
investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə edilib.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə
əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə
beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib.
Bildirilib ki, Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın
rifah halının yaxşılaşmasına xidmət edir:

“Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə
Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə
Asiyanın birləşməsində mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi böyük potensiala malikdir. Əsas məqsəd
Bakı-Tbilis-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin
artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması
yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin
daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş
imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində məqsədimizə nail
olacağıq”.

Görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən
olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırılıb.
Ötən 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət
dövriyyəsi 17%, ixrac 13% artıb. İndiyədək Azərbaycan tərəfindən
Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları investisiya yatırıb
və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir.
Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın
Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın SOCAR şirkəti
Gürcüstanda uğurla fəaliyyət göstərir.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və
davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı
iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, Bakı-Tbilisi-Qars
dəmir yolu və digər regional layihələrin əməkdaşlığın inkişafında
mühüm rol oynadığını bildirib. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevlə Bakıda görüşünü xatırladan Dmitri
Kumsişvili dövlətimizin başçısının BTQ və digər regional layihələrə
göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirib.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp