“ANS istəsə belə, avadanlıqlarını Zoologiya İnstitutundan çıxara bilməz”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ANS Zoologiya İnstitutunun bəzi ərazilərini
boşaldıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə
fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.

ANS-in boşaltmadığı otaqların da qaldığını vurğulayan direktorun
sözlərinə görə, həmin otaqlarda şirkətin əmlakı, avadanlıqları var:
“Bu təxminən 1000 kv.metrə yaxın ərazini əhatə edir. Ayrıca bir
sahə isə aidiyyəti dövlət orqanları tərəfindən möhürlənib. Bu,
artıq ANS-in iradəsindən asılı deyil, ANS istəsə də, həmin
avadanlıqları oradan çıxara bilməz. ANS-in məskunlaşdığı bina
Azərbaycan Milli Elmlər Akademiyasına, Zoologiya İnstitutuna
məxsusdur. Amma ANS Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə
bağlamışdı, bizim binada icarə müqaviləsi əsasında fəaliyyət
göstərirdi. Sonradan isə Dövlət Komitəsi həmin müqaviləni ləğv etdi
və əmlak Zoologiya İnstitutuna qaytarıldı. Bina qaytarılmalı idi,
lakin bu çox çətinliklə baş verdi. Hazırda 80 faiz ərazi Zoologiya
İnstitutuna aiddir. Biz özümüz də çətin vəziyyətlə üzləşmişik.
Fiziologiya İnstitutunun binası qəzalı vəziyyətə düşdüyü üçün onlar
da bizim binaya köçürlər. Ona görə də bizim yaşayış sahələrinə çox
böyük ehtiyacımız var”.

E. Yusifov ANS-in vaxtilə Zoologiya İnstitutuna məxsus binada
qeyri-qanuni olaraq yerləşdiyini də qeyd edib: “Bunlar hamısı
faktdır. Akademiyanın prezidenti, hörmətli akademik Akif Əlizadə
Rəyasət Heyətinin iclasında bu barədə çıxış etdi. Biz o əraziləri
çox çətinliklə geri alırıq. Sanki ANS-in əmlakının ödənişsiz
gözətçisinə çevrilmişik”.

Qeyd edək ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” müqavilə
əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə
müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il
tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM
radiosunun lisenziyası ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın
lisenziyasını ləğv edib. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp