Ərzaq bazarında qiymətlərlə manipulyasiya edən 3 təsərrüfat subyekti ilə bağlı iş qaldırılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması,
sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması bazar
subyektləri tərəfindən yol verilən haqsız rəqabət, hallarının
aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş
şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada məsuliyyətə cəlb edilməsi İqtisadiyyat Nazirliyi yanından
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər
görülür”.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında
hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, müxtəlif əmtəə bazarlarında hökmran
mövqedən sui-istifadə edərək azad rəqabət mühitinin pozulması
hallarının ilk növbədə istehlak bazarındakı qiymətlərdə özünün
büruzə verdiyini nəzərə alaraq, əhali tərəfindən daha çox istifadə
olunan malların – 57 adda ərzaq, 28 adda tərəvəz məhsulu və 57 adda
tikinti materiallarının orta bazar qiymətlərinin səviyyəsi,
dinamikası və dəyişmə meylləri barədə məlumatların toplanılması
məqsədi ilə mütəmadi olaraq monitorinqlər həyata keçirilib,
toplanmış məlumatlar üzrə araşdırmalar aparılıb.

Sənəddə bildirilib ki, strateji əhəmiyyət daşıyan taxıl
məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə
çörəyin və unun qiymətinin bütün regionlarda gündəlik monitorinqi
davam etdirilib.

“Ərzaq bazarında fəaliyyət göstərən 3 təsərrüfat subyektinin
fəaliyyətində bazarda əlavə üstünlük əldə etmək məqsədi ilə
qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi,
azaldılması və ya bir səviyyədə saxlanılması) kimi antiinhisar
qanunvericiliyin pozulması əlamətləri müəyyən edilib. Bununla
əlaqədar həmin təsərrüfat subyektləri barəsində antiinhisar
qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş
qaldırılıb, hazırda işlərə baxılması davam edir”, – deyə məlumatda
vurğulanıb.

Sənəddə bazar subyektlərinin “Haqsız rəqabət haqqında”
Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə uyğun olaraq
istehlak bazarında satışda olan keyfiyyət və təhlükəsizlik
göstəricilərinin qiymətləndirilməsi ilə bağlı ümumilikdə 5511
laborator müayinə aparılması öz əksini tapıb: “Müayinələr
nəticəsində 401 halda (7,3%) malların keyfiyyət və təhlükəsizlik
göstəricilərinin normativ-texniki sənədlərinin tələblərinə olmadığı
müəyyən edilib, istehlakçıları çaşdıraraq haqsız rəqabətə yol verən
təsərrüfat subyektləri barədə müvafiq tədbirlər görülüb”.

Hesabatda vurğulanıb ki, Azərbaycanda biznes mühitinin
əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya
çərçivəsində “Əmtəə bazarının səmərəliliyi və rəqabət” istiqaməti
üzrə işçi qrupu yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi
hazırlanaraq Komissiyaya təqdim edilib: “Ölkədə inhisarçılıq
fəaliyyətinin dövlət tənzimlənməsinin effektivliyinin
yüksəldilməsi, təsərrüfat subyektlərinin hökmran mövqelərindən
sui-istifadə etməsi, o cümlədən qiymətlərlə manipulyasiya edərək
rəqabəti məhdudlaşdırması və istehlakçıların mənafelərini pozması
hallarının qarşısının alınması məqsədi ilə “Antiinhisar fəaliyyəti
haqqında”, “Lisenziya və İcazələr Haqqında”, “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” qanunlarda və İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri,
eləcə də “Milli bazarda hökmran mövqe tutan təsərrüfat
subyektlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Prezidentinin fərman layihəsi
hazırlanaraq İqtisadiyyat nazirliyi tərəfindən 2017-ci ilin 29 iyun
tarixli İN-X/Q-8213/2017 nömrəli məktubla Azərbaycan Prezidentinin
Administrasiyasına təqdim edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp