Xanımı Tahir Əkbərin məzarının dəyişdirilməsinin SƏBƏBİNİ AÇDI: “Düşünməzdi ki, onu qamışlıqda…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Mədəniyyət nazirliyindən söyləmişdilər ki, Tahir bəy
Badamdarda “Qurd qapı”sı adlanan məzarlıqda dəfn olunacaq. Lakin
son anadək bilmirdim ki, Azərbaycanın görkəmli bəstəkarı üçün ona
layiqli yer ayrılmayıb. Daha doğrusu, Tahir müəllimi qamışlığın
içində dəfn etmişdilər. Çox pis mənzərə ilə rastlaşdım və həmin
dəqiqə qərar verdim ki, Tahir müəllimin məzarının yeri
dəyişdirilsin. Həyat yoldaşım, Azərbaycan xalqına xidmət etmiş şəxs
layiq olmadığı şəkildə dəfn olunmuşdu. Sadəcə, yanımızda olan
insanlara hörmət əlaməti olaraq sakit dayandım”.

Publika.az xəbər verir ki, bu sözləri Tahir
Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib.

O, bəstəkarın məzar yerinin dəyişdirilməsinin səbəblərinə
aydınlıq gətirib: “Bəzi mənbələrdən eşitdiyimə görə, biz nazirliyə
yoxsul ailə kimi təqdim olunmuşuq. Odur ki, Tahiri bəyin
kimsəsizlər kimi o cür dəfn edilməsini məsləhət görüblər. Ancaq
Tahir Əkbər kimsəsiz deyil, hər şeydən əvvəl o, əsərləri xalq
tərəfindən sevilən və dinlənilən ölməz sənətkardır.

Tahir bəyin ömür-gün yoldaşı kimi ona verdiyim sözə əməl edərək
borcumu yerinə yetirməliydim. O, mənə vəsiyyət etmişdi ki, əgər
Fəxri xiyabanda dəfn edilməzsə, atasının məzarında torpağa
basdırılsın. Fəxri xiyabanda, ən azından ikinci fəxri xiyabanda
dəfn edilmək onun haqqı idi. O, heç vaxt düşünməzdi ki, onu
çöllü-biyabanda, qamışlıqda, bataqlıqda kimsəsiz kimi basdırsınlar.
Bu, Tahir bəyə qarşı böyük hörmətsizlik idi. Heç kim öz əzizini
orada görmək istəməzdi. Məzarının həmin yerdə qalmasına razı ola
bilməzdim. İnanıram ki, indi Tahir bəyin ruhu şaddır. Çox rahatam,
qərarımdan peşman deyiləm”.

Daha sonra bəstəkarın xanımı Heydər Əliyev Fondunun rəhbəri,
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür
edib:

“Son aylarda Tahir Əkbərin müalicə xərcləri Mehriban xanımın
göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən ödənilirdi. Təhir bəyə
verdiyi dəyərə görə, Mehriban xanıma təşəkkür edirəm”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov

isə bildirib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati
məsələləri nazirlik tərəfindən həyata keçirilib:

“Tahir Əkbərin vida mərasimi Təzə Pir məscidində keçirilib,
orada nazir şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı
verib. Dəfn üçün Mədəniyyət və Turizm Nazirliyinin müraciəti
əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer
ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin
ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini
ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik”.

Xatırladaq ki, martın 2-də uzun sürən xəstəlikdən sonra
vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər
dəfn olunduğu yerdən çıxarılaraq, atasının qəbrində torpağa
tapşırılıb.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp