Müsəlmanlıqda və xristianlıqda pərdə məsələsi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Leyla Sarabi

Hərdən mənə elə gəlir ki, xristianlar bütün ixtiralarına
görə müsəlmanlara borcludurlar. Misal üçün, günlərin bir günü
fransızlar ərəb torpaqlarına üz tuturlar. Gözlərinin önündə gəzişən
niqablı qadınlardan ilhamlanıb, bu gün ofis və evlərimizin
pəncərələrini yad baxışlardan qoruyan jalüzləri ixtira edirlər.
“Jalüzi”, yəni “jalousie” fransızcadan tərcümədə “qısqanclıq”
deməkdir.

Ümumiyyətlə, Avropa insanı hisslərini və münasibətlərini aşkar
yaşadığına görə, nadir hallarda pərdədən istifadə edir. Çünki
ailələrin taleyini sözün hər mənasında pərdə həll etmir. İlin
müəyyən günləri nazla üzünü göstərən günəş və bomboz buludlar
insanları aydın səmaya sözün hər mənasında ac qoyduğu üçün şimala
doğru qalxdıqca qapı ölçülü geniş pəncərələrin sayı da artır. Bu
üzdən də pərdəsiz evlər boz günlərdə daha işıqlı olur.
Günəşsizlikdən depressiyanın dibinə baş vuranlarla ailəlikcə D
vitamini qəbul edənlərsə qarışqa kimi bir-birilərinə
dəyirlər…

Fransada yaşayanda üzbəüz qonşum vardı. Hər gün çılpaq
pəncərələrinə baxmaqdan özümü o ailədən sayırdım. Etiraf edirəm,
insanların yerişindən tutmuş, yeyişinə qədər hər bir detalı
müşahidə etmək kimi mənfi xüsusiyyətim var. Amma sırf bu halda
niyyətim olduqca naciz idi. Geniş, güllü bağçanın içində qədim qala
kimi ucalan bu iki mərtəbəli evin 5 sakini vardı. Ər, arvad və 3
uşaq. Amma nədənsə hər il bir uşaq sanki qeybə çəkilirdi
(tanışlıqdan sonra məlum oldu ki, hamısı Londonda birillik təhsil
alib dönürmüşlər). Evin atasında əsl fransız kişilərinə xas nəzakət
vardı. Bir kəlməlik salamından belə eleqantlıq süzülürdü. Amma
mənim bu ailənin ən çox aşiq olduğum üzvü evin anası idi. Təxminən
55-60 yaşlarında, hündürboy, zərif qadın daim topuğuna qədər uzanan
ətək geyinərdi. Rəngsiz, boyaqsız, dümağ saçlarını da arxadan
yığardı. Hər gün nahar fasiləsində elə o ayağına dolaşan ətəklə
velosipedinə minib işdən evə gələrdi. Tez süfrəni açıb, əri ilə
uşaqlarını gözləyərdi. Onları yedirib, içirib, masanı tez
yığışdırar, eyni minvalla işə qayıdardı. Axşamlar bu mənzərə bir də
təkrarlanırdı.

Həftə sonları gah nadir hallarda istifadə etdiyi maşınına minib
kilsəyə gedər, gah bazarlıqdan qayıdıb, bağçadakı güllərinin, gah
da sosial xidmətin maşını ilə həyətə qədər gətirilən ahıl anasının
nazı ilə oynayardı.

Haşıyədən çıxsam da, avropalıların bu cəhətindən də danışmaq
istəyirəm. Bir dəfə 76 yaşlı müəlliməm anasının naxoşladığından
bəhs etdi. Dedi, anam xəstədir, çox bikefəm. Baxma da, 95 yaşlı
qadındır. Bir həftəsonu mən yanına gedirəm, bir dəfə də qardaşım.
Soruşdum, axı sən də tək yaşayırsan, niyə yanına gətirmirsən? Dedi,
nə danışırsan, elə doğru deyil axı. Onun da xasiyyəti ağırdır.
Rahat olmaz mənim yanımda… Bir də əlavə etdi ki, anam qocalar
evində qalır. Ora sanki bahalı oteldir. Vaxtı ilə yaxşı vəziflərdə
çalışdığı üçün bu imkanı var. Məsələn, mən qocalanda onun kimi
şanslı olmayacam. Çünki müəlliməm. Bu söhbətdə məni heyrətə salan
iki məqam oldu. 5 ulduzlu qocalar evində həyatdan həzz alan qocalar
və 76 yaşlı qadının özünü hələ də gənc hesab etməsi…

Qonşum həm zahirən, həm də evdarlığı ilə bizim cəfakeş
qadınlarımızı o qədər xatırladırdı ki, anam üçün darıxanda, oturub
manyakcasına onu seyr edirdim. İçimə qaranlıq çökən kimi pəncərənin
qabağına keçib, süfrə açmağına tamaşa edirdim. Kənardan qəribə
səslənsə də, o mənim üçün vətənin bir parçasına çevrilmişdi.

Bir gün sənədləşmə işlərimi həll etmək üçün alt qonşumdan kömək
istədim. O da “Vətən” xalanın lüt pəncərəsinə istinad edib, dedi
ki, bəs, madam Anies həmin idarədə işləyir, özü də çox
yardımsevərdir. Get, mənim adımdan kömək istə.

Həmin gün Anies mənim sənədlərimi qaydasına salıb, aidiyyatı
idarəyə yolladı. Hələ yol boyu zəng vurub, addımbaadım halətlə
maraqlandı da… Bunda sonra belə məsələlərdə dadıma çatırdı. Artıq
bir-birimizi pəncərədə görəndə əl yelləyib salamlaşırdıq. Hərdən o
isti ana süfrəsində qəhvəyə qonaq da olurdum. O da bizdə xrustal
stəkanda dəmlənmiş çay içməyi sevirdi. Çayla da kifayətlənmirdi,
bağçasında çiçək açan ağaclarını, qonşunun hamıya hürən, zəhlətökən
itini, dumanlı baharın tez üzünü göstərib, gizlənən günəşini
sevirdi. O həyata aşiq idi. Əminəm ki, 30 il bir yastığa baş
qoyduğu əri ilə heç vaxt toylara taxa bilmədiyi brilliantların,
geyinib avtobuslarda qürrələnəcəyi şubanın davasını döyməmişdi.
Məşhur şeirdə də deyildiyi kimi, həyatının böyük hissəsi mətbəxdə
keçsə də, heç vaxt “mətbəxtəm” deməmişdi. Çünki bu həyatı öz
istəyilə sevib, seçmişdi. Çünki azadlıq bəzən elə həyata məhkum
olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp