Leyla Əliyeva açılış mərasimində – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı
Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman
meydançasının rəsmi açılışı olub.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva
açılış mərasimində iştirak edib.

Leyla Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibinin
müavini Azər Əliyev idman meydançasının rəmzi açılışını bildirən
lenti kəsdilər.

Sonra Leyla Əliyeva və mərasim iştirakçıları idman meydançasında
yaradılan şəraitlə tanış oldular.

Bu idman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər
Hərəkatının birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi)
layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. “Street Workout”
idman növünün xüsusi standartları nəzərə alınaraq, burada
idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə
bilmələri üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində Prezident Administrasiyasının gənclər
siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev,
gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə, idman ictimaiyyətinin
nümayəndələri iştirak ediblər. Azərbaycanın Olimpiya, dünya və
Avropa çempionları, şəhər ictimaiyyətinin nümayəndələri bu
təşəbbüsü yüksək qiymətləndirib, bütün idmansevərlər adından Leyla
Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə
ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən
ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki sağlamlığı,
eləcə də ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi IDEA
İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Paytaxtımızın incisi olan Dənizkənarı Parkda şəhərimizin
sakinlərinə və qonaqlarına xidmət edəcək bu idman meydançası
dünyada getdikcə populyarlaşan və sürətlə inkişaf edən “Street
Workout” idman növünün ölkəmizdə kütləviliyinin artırılmasına mühüm
töhfə verəcək.

Gələcəkdə ölkəmizin digər yerlərində də müvafiq idman
meydançalarının yaradılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp