Azərbaycanda diş xəstəlikləri ilə bağlı İNANILMAZ FAKTLAR: Baş stomatoloq açıqladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Son illər texnologiyanın sürətlə inkişaf etdiyi
sahələrdən biri də tibbdir. Ancaq bu qədər ağlasığımaz inkişaf
tempinə baxmayaraq, yenə də bir çox xəstəliklərin kütləvi şəkildə
yayılmasının qarşısını almaq mümkün olmur. Əsas da diş
xəstəliklərinin. Stomotologiya bu gün Azərbaycanda çox yüksək
səviyyədə inkişaf edib. Azərbaycanda peşəkar stomotoloqların,
yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisələrinin,
stomotoloji klinikaların sayının artması da bu inkişafın
göstəricisidir. Lakin bütün bunların qarşılığında diş xəstəlikləri
çoxalır.

Bəs bu xəstəliklər niyə yaranır, niyə çoxalır? Bu cür
mənfi hallarla qarşılaşmamaq üçün hansı prosedurlara əməl
etməliyik?

Publika.az olaraq bütün bu suallara cavab
tapmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş
stomatoloqu, Respublika Stomatoloji Mərkəzinin direktoru, əməkdar
həkim, tibb elmləri namizədi Kamran Aslanovla
söhbətləşdik:

– Son zamanlar azyaşlı uşaqlardan tutmuş, böyüklərə
qədər insanlarda diş xəstəliklərinin sayı artıb. Bunun əsas
səbəbləri nələrdir?

– Çünki insanlar dişlərinə düzgün qulluq edə bilmirlər. İllərlə
həkimə müraciət etmirlər. Belə olan halda təbii ki, diş ağrıları da
qaçılmazdır, ağız boşluğunun müxtəlif xəstəlikləri də. Xəstələr
müxtəlif ağrı və problemlərlə bizə müraciətlər edirlər. Əsas səbəb
odur ki, əvvəllər insanlar kobud qida qəbul edirdilər. Məsələn,
alma. Almanın və digər bərk qidaların, meyvə-tərəvəzlərin
dişlənərək istehlak edilməsi dişləri mexaniki təmizləyirdi. Amma
indi tam əksinədir. İstər uşaq, istərsə də böyüklər meyvəni
şirəçəkənə atır və onun hazır sıxılmış suyunu içir. Belə olan halda
əlbəttə ki, diş və diş ətlərində müxtəlif problemlər yaranır. Sizə
maraqlı bir misal çəkim, Binədəki hava limanında çalışan işçilərin
yarısı kənd təsərrüfatı ilə məşğul olan Binə camaatıdır. Onların
yaxın qohumları, ailə üzvləri arasında isə bəziləri stüardessa kimi
çalışır. Bax bu insanlar arasında müşahidə aparıblar. Kənd
təsərrüfatı sahəsində çalışan insanların dişlərində kariyes
miqdarı, digərlərindən fərqli olaraq çox az olub. Niyə? Çünki onlar
bərk qidalar – turpdan, almadan və s. yeməyə üstünlük verdiyi
halda, o biri təyyarədə çalışan insanlar müxtəlif ölkələrdən
gətirdikləri şirniyyatları yeməyə üstünlük verir. Bu isə təbii
olaraq, kariyes yaranmasına şərait yardır.

– Bəs uşaqlarda ən çox hansı diş xəstəlikləri
yayılıb?

– Diş-çənə anomaliyaları. Azərbaycanda bir məsələyə xüsusi
diqqətin ayrılması yaxşıdır ki, uşaq konsultasiyaları hələ ana
bətnində olduğu dövrlərdən başlayır. Hələ uşaq ana bətnində olduğu
dövrdə onların stomotoloji statusunun müəyyən müayinəsi aparılır.
Qadın məsləhətxanasına müraciət edən hamilə xanımlar mərkəzin
stomotoloji kabinetində yoxlanılırlar. Burada stomotoloq ana
bətnində olan uşaqların gələcəkdə ağız boşluğunun sağlam olması
üçün müəyyən profilaktiv tədbirlər görür. Təbii ki, bu proses
bütövlükdə pediatrların sahəsini əhatə edir. Lakin, stomotoloq
müdaxiləsi də məsələnin daha da dərindən izlənməsinə səbəb olur.
Təxminən 3 uşaqdan ikisində buna rast gəlinir. Bu, bütün dünyada
yayılmış prosesdir. Buna səbəb ekologiya, qida xarakterinin
dəyişməsi, yumşaq qidalara üstünlük verilməsi, uşaq ana bətində
olanda hamiləliyin problemli keçməsi və s. kimi məsələlərdir ki,
əvvəl-axır uşaqda diş-çənə anomaliyasına gətirib çıxarır. Süd
dişlərinin vaxtından öncə çəkilməsi də buna səbəb olur. Vaxtında
müraciət olunarsa, bu problemləri bərpa etmək olur. Bəzən xəstələr
100 faizlik nəticə gözləyir. Lakin bu mümkün deyil. Ümumiyyətlə,
tibbdə 100 faiz bərpa prosesi mümkün deyil. Müraciət edən xəstənin
vəziyyətindən asılı olaraq, 90 faiz bərpaolma gedir.

– Dişə düzgün qulluq üsulları nələrdir? Bəzi həkimlər
deyir yeməkdən sonra dərhal dişləri fırçalamaq lazımdır, bəziləri
də deyir əksinə diş fırçalamaq o qədər də vacib deyil. Ümumiyyətlə,
gün ərzində dişlər neçə dəfə fırçalanmalıdır?

– Dişlərinin vaxtından əvvəl sıradan çıxmasını, çürüməsini,
ağrımasını istəməyən insan hər 3 aydan bir stomotoloqa müraciət
etməlidir. Stomotoloq xəstənin ağız boşluğunu müayinə edib, hazırda
mövcud olan və gələcəkdə yaranacaq, hər hansı formada patoloji hala
çevrilə biləcək vəziyyətin qarşısını almaq məqsədilə tədbirlər
görməlidir. Dişlərin təmizlənməsi, daha doğrusu doğru formada
təmizlənməsi də stomotoloq tövsiyələrinə daxildir. Həkimlər
məsləhət görür ki, dişlər gün ərzində 2 dəfə təmizlənməlidir. Bu
xüsusilə yeməkdən 1 saat sonra icra olunmalıdır. Amma son 10 gündə
amerikalı stomotoloqlar müəyyən ediblər ki, turşuluğu çox olan
qidaların qəbulundan həmən sonra dişlər fırçalandıqda mina qatı
yumuşalır. Bu isə dişlərin vaxtından tez məhv olmasına gətirib
çıxarır. Ona görə də, dünya stomotoloqları tövsiyyə edirlər ki,
yeməkdən ən azı 2 saat sonra dişlər fırçalanmalıdır. Xəstələrin
çoxu istini-soyuğu qarışdırır ki, bu da dişlərin ən böyük
düşmənidir. İsti çay, qida üstündən dərhal soyuq su ilə ağız
boşluğunun yaxalanması mina qatlarını partladır.

– Fırça seçərkən nəyə diqqət etmək lazımdır? Diş
saplarından, diş çöplərindən istifadə zərərli deyil ki? Hansı
aralıqda fırçalar dəyişdirilməlidir?

– Diş fırçaları fərdi olaraq hər kəsin diş ətinə uyğun həkim
məsləhəti ilə seçilməlidir. Diş əti fərqliliyinə görə, yumşaq, orta
və sərt fırçalar seçilə bilər. Ağızda diş daşı çoxdursa və yumşaq
fırçadan istifadə edəriksə, bunun heç bir faydası olmaz. Diş
təmizlənməz və dişin üzərində zamanla toplanan ərp dişlərin kontakt
hissəsinə yığılar və rənglənmə əmələ gətirər. Bu da diş əti
çəkilmələrinə səbəb olar. Bu gün insanlar əksər hallarda sintetik
fırçalardan istifadə edirlər. Belə fırçalar isə öz keyfiyyətini tez
itirir. Dişləri yuduqdan sonra diş fırçaları da yaxşı təmizlənməli
və xüsusi qablarda saxlanmalıdır. Açıq şəraitdə qalan fırçaların
üzərinə çoxsaylı mikroblar toplanır ki, bu da ciddi problemlər
yaşada bilər. Hər 2 aydan bir diş fırçaları dəyişdirilsə, yaxşı
olar. Diş çöpləri və diş saplarından istifadəyə qaldıqda isə bu
məsələdə də ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə damağın yumşaq
toxumaları zədələnə bilər. Əsasən ağız boşluğunda diş fırçasının
daxil ola bilmədiyi yerləri təmizləmək üçün istifadə edilir. Bəzən
diş sapları diş ətinə sürtülür və cızıqlar əmələ gətirir. Daha
sonra isə qida qalıqları burada müəyyən problemlər yarada bilir.
Eləcə də diş çöplərindən kobud istifadə diş əti toxumalarını
zədələyir.

– Həkim, bəzən insanlar çay içən kimi dişlərinin
saraldığını düşünüb dərhal yuyurlar. Ümumiyyətlə, dişlərin normal
rəngi necə olmalıdır?

– Bilirsiz, insanlar dünyaya gələndə dərilərinin rəngi müxtəlif
olduğu kimi, yeni çıxan dişlərin rəngi də fərqli ola bilər. Yəni,
bəzi insanlarda yeni çıxan dişlər sarı rəngdə olur. Bu həmin
dişlərin sağlam olmadığı anlamına gəlməz. Amma təbii ki, sonradan
müəyyən xəstəliklər nəticəsində də dişlərin rənginin dəyişməsi
mümkündür. Bu daha çox içməli suyun tərkibindəki flüor miqdarının
çox olmasından irəli gəlir. Siqaret çəkənlərdə, həddən artıq rəngli
maye qəbul edənlərdə də bu cür hallar müşahidə olunur. Dişlərin
üzərində nazik ərp təbəqəsi yaranır. Bunlar da dişin rənginin
dəyişməsi ilə nəticələnir. Amma bu gün stomotologiyanın inkişafı
nəticəsində dişlərin rənginin dəyişdirilməsi çox asanlaşıb.

– Diş çəkilməsi prosesi hər yerdə fərqli qiymətlərədir.
Çəkiləcək diş, aparılacaq əməliyyat eynidirsə, niyə qiymət 10-50
manat arası dəyişsin ki?

Bu gün ölkədə diş çəkilməsinin bu qədər
fərqli qiymətlərə təklif edilməsinin səbəbi çoxsaylı stomotoloji
klinikaların açılmasıdır. Bu isə rəqabət cəhətdən yaxşıdır. Amma
təbii ki, gigiyenik standartlara da riayət edilməlidir. Məsələn,
klinikalardan biri dişi 10 manata çəkir, o biri 5 manata. Rəqabət
xətrinə 3-cü klinika da bu prosesi 3 manata təklif edir və beləcə
insanların diqqətini çəkərək özünə xəstə toplayır. Hazırda
respublikada dövlət stomotoloji klinikaları o qədər də çox deyil.
Yalnız sahə üzrə fəaliyyət göstərən poliklinikalarda diş bölmələri
saxlanılıb. Bakıda yalnız Tibb Universitetinin Stomotoloji
Klinikası dövlət büdcəsindən maliyyələşir. Digər bütün stomotoloji
kabinetlər fərdi fəaliyyət göstərir. Lakin buna baxmayaraq,
stomotoloji klinikaların əksəriyyəti çox yüksək səviyyədə lazımi
avadanlıqlarla təchiz edilib. Orada çalışan həkimlərin bir çoxu
İngiltərə, Amerika, Türkiyə, Almaniya kimi ölkələrdə xüsusi seminar
keçmiş və sertifikat almış şəxslərdir.

– Klinikalarda strelizasiyası nə vəziyyətdədir? Lazımı
səviyyədə təmin olunurmu?

– Strelizasiya birbaşa Səhiyyə Nazirliyi tərəfindən diqqətdə
saxlanılır. Sahəsi böyük olan və içərisində 3-4 diş kreslosu olan
kabinetlərin çoxu mərkəzləşdirilmiş strelizasiya otaqlarına
malikdirlər. Burada ağız boşluğunda istifadə olunan, içərisində
20-40 xırda diş alətlərindən ibarət qutular olur. Hər istifadədən
sonra onlar strelizasiya kabinetinə verilir. Həkim özü öz otağında
strelizasiya prosesi ilə məşğul ola bilməz.

– Bakıda, Sumqayıtda, eləcə də digər bölgələrdə gizli
şəkildə fəaliyyət göstərən stomotoloji mərkəzlər var. İnsanlar bura
tanıdıqları həkimə görə və ya qiymətlərin ucuz olmasına görə
müraciət edirlər. Amma orada proses zamanı xəstələrdən biri ölsə,
kim cavabdehlik daşıyacaq?

– Baxın, insanlar ilk növbədə özləri sağlamlıqlarını
düşünməlidirlər. Belə bir məqam var ki, ali təhsilli, dünya görüşü
olan, ümumiyyətlə, tibb sahəsindən azacıq anlayışı olan şəxs
dediyiniz lisenziyasız fəaliyyət göstərən müəssisələrə müraciət
etmirlər. İnsan öz həyatını 20-40 manatla ölçürsə, buna biz nə
deyək?! Digər bir tərəfdən isə özünə, sənətinə, adına hörmət edən
həkimlərimiz nə üçün üzərində stomotoloji xidmətlərin verildiyinə
dair heç bir məlumat olmayan obyektlərdə çalışsınlar? Niyə peşəkar
həkim hansısa binanın birinci mərtəbəsində gizli xidmət göstərsin?
Ona görə də, yaxşı olardı ki, həm həkimlər özlərinə, peşələrinə
hörmətlə yanaşsınlar, həm də əhali öz canına qayğı göstərsin.

– Stomotologiyada istifadə edilən dərmanlar,
avadanlıqlar əsasən haradan gətirilir? Ölkə daxilində istehsal
edilən dərmanlar varmı?

– Xeyr, əksəriyyəti demək olar ki, xaricdən gətirilir. Həm
dərmanlar, həm də stomotoloji avadanlıqlar. Azərbaycanda təəssüflər
olsun ki, stomotoloji avadanlıqlar emal edən şirkətlər yoxdur.
Əsasən, avadanlıqları Türkiyə və Çindən alırıq. Hətta ən kiçik
alətlər belə xaricdən gətirilir.

– İsveçrəli stomotoloqlar deyir ki, qızıl və paslanmayan
metaldan olan dişlər zəhərlənməyə səbəb ola bilir. Bizim cəmiyyətdə
son dövrlərə nisbətən əvvəllər qızıl dişə maraq böyük olub. Bu nə
dərəcədə doğrudur?

– Azərbaycanlıları, ümumiyyətlə, Qafqazda yaşayanları
digərlərindən fərqləndirən faktorlardan biri də məhz qızıl diş
olub. Bu artıq adət halı almışdı. İnsanlar bunu göstəriş xətrinə
edirdi. Düşünürdülər ki, ağızda qızıl dişlərin olması imkan
göstəricisidir. İstər qadın, istərsə də kişilərdə bu adət var idi.
Qızıl o vaxt zəhərlənmə verə bilir ki, ağız boşluğunda bimetallar
olsun. Bimetal deyərkən, onu nəzərdə tuturuq ki, qızıl və ya
paslanmayan poladdan hazırlanmış dişlər və onların arasındakı fərq
ağız boşluğundakı toxumalara mənfi təsir göstərir. Ona görə yaxşı
olar ki, hazırlananda yalnız bir metaldan hazırlansın. Amma dövr
dəyişir, inkişaf gedir. Artıq insanlar keramika, vinir və bu günün
tələbatına uyğun olan implantasiyaya üstünlük verirlər.
Klinikalarda ən geniş istifadə olunan məhz implantasiyadır.

– Ölkə əhalisinin 90 faizində, dünya əhalisinin isə
15-20 fazində kariyes problemləri, damaq xəstəlikləri
yayılıb.

– Dişlərin yumşaq toxumalarının xəstəlikləri çox yayılıb. Əsasən
bölgələrə görə dəyişir. Məsələn, siz Şəkidən olan insanların ağız
boşluğu ilə digər bölgələrin sakinlərinin ağız boşluğu arasında
müqayisə aparsaz, görərsiz ki, fərq çoxdur. Daha çox şirin qidalar
istehlak edən insanlarda kariyes müşahidə olunur. Daha bir misal,
Şüvəlanda quyu suyu içən insanların dişlərində sarı ləkələrin sayı
çox olur. Bunun səbəbi də suyun tərkibində ftor miqdarının faizinin
çoxluğudur.

– Stomotologiyada genetik faktor özünü nə qədər
göstərir?

– Bütün xəstəliklərdə olduğu kimi, stomotoloji xəstəliklərdə də
genetik faktor özünü büruzə verir. Lakin, deyə bilmərik ki, bunu
əsas faktor hesab etmək olar.

– Diş əyriliklərinin əsas səbəbləri
nələrdir?

– Bunun ən önəmli səbəbi uşaqlara diş çıxan aylarda əmzik
verilməsidir. Daha sonra barmaqlarını sormaları. Biz tibbdə buna
diş kəsilən zaman deyirik. Belə olan halda diş öz istiqamətini
dəyişir və əyriliklər yaranmağa başlayır. Zamanında müalicə
alınmadıqda isə müəyyən yaşdan sonra sümüklər bərkiyir və bərpa
üçün aparılan müalicə prosesi nəticə vermir. Bununla ortodontlar
məşğul olur. Zamanında tədbir görülürsə, müalicə sona qədər ciddi
aparılırsa, nəticə olur.

– Bəs dişlərin ağardılması məsləhətdirmi?

– Bu proses müxtəlif üsullarla bütün dünyada aparılır. Onun
dişlərin mina qatına heç bir ziyanı olmur.

– Hamilə qadınlarda ağız boşluğunda yaranan problemlər
necə həll olunur? Vəziyyətlə əlaqədar dərman qəbuluna imkan
olurmu?

– Hamilə qadınların ağız boşluğunda yaranan problemlərinin həlli
üçün qadın məsləhətxanalarında xüsusi stomotoloji kabinetlər
fəaliyyət göstərir. Hamiləliyin dövründən asılı olaraq
stomotoloqlar xanımlara xüsusi müalicə planı hazırlayır və qeyd
edir ki, hansı dərmanı hansı dövrdə qəbul etməlidirlər. 9 ay
müddətində proses bu yolla tənzimlənir.

– Dişlərin çəkilməsi məsələsində yaş faktoru varmı?
Bəzən müalicə ilə bərpa edilə biləcək dişləri həkimlər çıxardır.
Dişlərin yerinə isə diş gəlmir.

– Burada yaş faktoru yoxdur. Çünki süd dişləri də çəkilir, daimi
dişlər də çəkilir. Əvvəlcə rentgen olunur. O dişin altından gələn
diş hansıdır, çünki daimi dişlərin xüsusi çıxma intervalı var.
Həkim bütün bunları nəzərə alır və buna uyğun müalicə üsulu tətbiq
edir.

– Deyirlər ki, “ağıl dişi” ancaq dövlət xəstəxanalarında
çıxarılmalıdır. Nə üçün belə bir fikir formalaşıb?

– 8-ci dişə el arasında “ağıl dişi” deyirik. Onun çıxma müddəti
fərqlidir. Dişin çəkilmə müddəti isə ağır prosesdir. Biz tibbdə ona
“fəsadla çəkilən diş” deyirik. Çünki ağız boşluğunda bütün dişlər
vertikal vəziyyətdə yerləşdiyi halda, ağıl dişləri şaquli
istiqamətdə çıxa bilir. Onların çıxma vəziyyəti müxtəlif olduğuna
görə, çəkilməsi ağır prosesdir. Belə bir qanun yoxdur ki, ağıl dişi
özəl klinikalarda çəkilə bilməz. Sadəcə mütəxəssislər arasında bu
riski gözə ala bilməyənlər olur və dişi çəkməkdən imtina edirlər.
Xəstələri dövlət xəstəxanalarına, xüsusi ixtisaslı klinikalara
göndərirlər.

– Dişə qoyulan plombların müəyyən müddəti
varmı?

– Bu birbaşa plombun keyfiyyətindən və həkimin peşəkarlığından
asılıdır. Daha sonra insanın dişə qulluğundan da çox şey
asılıdır.

– Oxucularımıza nə kimi tövsiyyələriniz
var?

– Bərk qidalardan istifadə edin. Vaxtı-vaxtında həkimə müraciət
edib müayinədən keçsinlər. Minimum 3-6 aydan bir stomotoloji
müayinədən keçsinlər ki, pataloji hallar yaranmasın. Həkimlərlə
dost olsunlar. Nəzərə alsınlar ki, ilkin müayinə zamanı aşkarlanan
və qarşısı alınan problem daha asan, ucuz başa gəlir.

Könül Cəfərli

FOTO: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp