“Azərbaycan İsraillə müsəlman dünyası arasında körpü yaradır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İsrail bütün münasibətlərdə Azərbaycanın
azsaylı strateji tərəfdaşlarından biridir. Hər iki ölkə
hərbi-texniki istiqamətdə, ən yeni texnologiyalar və səhiyyə
sahələrində əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Əli Həsənov “Azİz” Assosiasiyasının saytına açıqlamasında
deyib.

Ə.Həsənov qeyd edib ki, İsrail mütəxəssisləri neçə
ildir ki Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o
cümlədən, ən yeni texnologiya və avadanlıqların tətbiq olunduğu
kənd təsərrüfatı, aqrar-sənaye kompleksi, sənaye sektorlarında
çalışırlar:

“Bizim ölkələrimizi insanlarımız da birləşdirir.
İsraildə Azərbaycandan olan böyük icma yaşayır, onlar artıq İsrail
cəmiyyətinə yaxşı inteqrasiya olublar və respublikamızı ləyaqətlə
təmsil edirlər. Bakıdakı yəhudi icması da həm İsrail, həm də
Azərbaycanla müxtəlif, o cümlədən qohumluq əlaqələri ilə bağlıdır,
Prezident İlham Əliyev tərəfindən aparılan tolerantlıq siyasəti
sayəsində respublikada layiqincə təmsil olunur”.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, iki ölkə
arasında siyasi münasibətlər də uğurla inkişaf edir:
“Parlamentarilərimiz, həmçinin hökumət üzvləri arasında yaxşı
münasibətlər qurulub. Həm hökumət, həm də qeyri-hökumət
təşkilatları, ictimai qurumlar və KİV-lərlə yaxşı əlaqələr var. Biz
bu qarşılıqlı münasibətlərin səviyyəsindən çox razıyıq”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan son dövrlərdə
İsraillə müsəlman dünyası arasında körpü yaradılması məsələsi ilə
məşğuldur:

“Azərbaycanın müsəlman dünyasında nüfuzu var və
bundan, həmçinin öz əlaqələrimizdən, qarşılıqlı münasibətlərimizdən
istifadə edərək biz yəhudi dövləti ilə ərəb dünyası arasında əlaqə
qurmağa cəhd edirik. Hesab edirik ki, burada ümumi maraqlar tapmaq
olar. Bu ümumi maraqlardan çıxış edərək dostluq münasibətlərinin
qurulmasına bütün tərəflərin qəbul etdiyi yanaşmanı da tapmaq olar.
Hər halda biz bunu etməyə cəhd göstəririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp