Əsas problem namizədlərə məhdudiyyətin nəzərdə tutulmamasıdır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət qulluğuna qəbulda namizədlərin vəzifələr üzrə bir
neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyətin nəzərdə
tutulmaması sui-istifadə hallarına səbəb olub.

Publika.aza xəbər verir ki, bu sözləri Dövlət
İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
şuranın iclasında çıxışı zamanı deyib.

Sədr xüsusi olaraq vurğulayıb ki, müsahibə mərhələsində əsas
problem namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin
qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmamasıdır:

“Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və
daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta
hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları
tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə
almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da
keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri
bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq
dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi
çətinliklərlə qarşılaşacaq”.

Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq
dəyişikliklərin olunması üçün təkliflər hazırlanması və müvafiq
orqanlara təqdim olunması zəruri hesab edilib.

M.Abbaszadə bildirib ki, dövlət qulluğu ilə əlaqədar görülmüş
işlərə əsasən indiyə qədər ümumilikdə 1488, o cümlədən inzibati
vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət
qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib.
Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya
üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.11 yanvar 2018-ci il
tarixdə 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə
müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə
müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin
DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional
bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil
olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

İndiyə qədər 2018-ci il 11 yanvar tarixində elan edilmiş dövlət
qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə
qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib.
Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun
hesab edilib, 284 namizəd isə vəzifə uyğun hesab edilməyib.
Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak
etməkdən imtina edib, 231 namizəd isə müsahibələrdə iştirak
etməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp