Azərbaycan Cümhuriyyəti ilə bağlı nadir faktlar: DÖRD İLLİK TƏDQİQATLAR AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərkitab – Kitab Təbliğatı Mərkəzi”ndə
tədqiqatçı-publisist Dilqəm Əhmədin “Fərqlilər” (2015) və
“Mühacirlərin dönüşü” (2017) kitablarının imza günü
keçirilib.

Publika.az xəbər verir ki, “Teas Press” Nəşriyyat Evi tərəfindən
çap olunan iki kitabda müəllifin 4 il ərzində Türkiyədə Azərbaycan
Cümhuriyyəti dövrünə aid topladığı materiallar yer alıb.

Tədbirdə bir sıra Cumhuriyyət dönəmi tədqiqatçıları, tarixçilər,
media nümayəndələri, həmçinin Məmməd Əmin Rəsulzadənin nəvəsi Vasif
Rəsulzadə iştirak edib.

Dilqəm Əhməd imza günü zamanı həm də kitablarında yer alan
dəyərli arxiv materiallarını nümayiş etdirərək, onların tarixçələri
haqqında məlumat verib:

Müəllif bildirib ki, “Fərqlilər” kitabında mühacirlərlə yanaşı,
Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı
haqqında unikal materiallar təqdim edilib.

Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin
Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə
Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə,
Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli,
Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər
görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar
verilib.

Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan
Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material
təqdim edilib. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd
Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları,
vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox
yazarların və şairlərin həyatına dair fotoları və məlumatlar ilk
dəfə olaraq yayımlanıb:

“Bu il Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd
olunur. Kitablar Azərbaycan Cümhuriyyətinin 100 illiyinə
töhfədir”.

Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru
Qulu Məhərrəmli bildirib ki, Cumhuriyyət dövürünün və o çağda
yaşayan tarixi şəxslərin fəaliyyətinin, həyatının araşdırılması
olduqca vacibdir və buna hər zaman ehtiyac duyulur..

“Azərkitab – Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri
Mirisrafil Sabir Həsənov bildirib ki, müəllif tədqiq etdiyi
mövzulara çox həssaslıqla yanaşıb, ciddi araşdırmalar aparıb:

“Hər iki kitab çox məsuliyyətlə yazılıb. Dilqəm Əhmədin ən böyük
uğuru faktlara sadiq qalmasıdır”.

Qeyd edək ki, hər iki kitab 2016-2017-ci ilin ən çox satılan
kitablar siyahısında yer alıb.

Ulucay Akif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp