ASAN Xidmətdən YENİLİK



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sahibkarların tikinti obyektlərinə elektrik enerjisi
verilməsinə dair prosedurlar sadələşdirilib.

Publika.az xəbər verir ki, Prezident İlham
Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti
obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, bundan sonra
sahibkarlar Mingəçevir, Sabirabad, Bərdə, Qəbələ, Masallı
rayonlarında da ASAN Xidmət mərkəzlərində mövcud və ya inşa
ediləcək tikinti obyektlərinə 150 kilovata qədər, mövcud 0,4 kV-luq
şəbəkədən elektrik enerjisi çəkdirə biləcəklər.

Bu günə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması Bakı,
Sumqayıt, Gəncə və Quba rayonlarındakı ASAN kommunal mərkəzləri
tərəfindən həyata keçirilirdi.

Məsələ ilə bağlı jurnalistlərə İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin Strateji Araşdırmalar və İnkişaf
departamentinin rəhbəri Ramil Hüseyn, Azərişıq ASC-nin Perspektiv
inkişaf və ASAN Xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli
ətraflı məlumat verib.

Məlumatda bildirilib ki, 150 kilovata qədər sahibkarlıq
obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması
üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq,
Azərişıq ASC tərəfindən ASAN Kommunal və ASAN Xidmət mərkəzləri
vasitəsi ilə maksimum 24 gün müddətində veriləcək. Nəzərə almaq
lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes
fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da
Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24
günə endirilib. Bu mövzuda daha bir yenilik isə vahid pəncərə
sistemi üzrə prosedurların 7-dən 3-ə endirilməsidir. Sahibkarların
bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük əməliyyatların
elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma
endirilməsidır.

Azərişıq ASC-nin ASAN Xidmət və ASAN Kommunal vasitəsi ilə əhali
abonentlərinin evinin, bağının və ya həyətyanı sahələrinin elektrik
enerjisi ilə təmin edilməsi prosesi bir ay öncə, bütün bölgələrdəki
ASAN Xidmət mərkəzlərini əhatə edib və hazırda qeyri-əhali
abonentlərinin də elektrik şəbəkəsinə qoşulmasının ölkə üzrə təmin
edilməsi aparılan iqtisadi islahatların bariz nümunəsidir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair
Strateji Yol Xəritəsi”ndə yer alan tədbirlərdən biri (Tədbir 1.5.5)
kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin müvafiq kommunal
xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə
bağlıdır. Bu tədbirə əsasən KOS subyektlərinin elektrik təchizatı
şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən
texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi
istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam
elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək. Prezidentin
bu Fərmanı Strateji Yol Xəritəsində qarşıya qoyulan tədbirlərin
reallaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Sahibkarların öz fəaliyyətlərini daha səmərəli təşkili
istiqamətində elektrik şəbəkələrinə daha asan qoşulması beynəlxalq
indekslərin metodologiyalarında da öz əksini tapmışdır. Xüsusilə,
beynəlxalq ictimaiyyətin istinad nöqtəsi sayılan “Doing Business”
hesabatında sözügedən sahə indikator kimi qiymətləndirilir.
“Elektrikə əlçatanlılıq” indikatoru kimi tanınan sahə üzrə
Azərbaycan mövqeyi ötən dövrlə müqayisədə irəliləyib. Prezident
İlham Əliyevin apardığı davamlı iqtisadi islahatlar nəticəsində
sahibkar dövlət münasibətlərində prosedurların azaldılması və
asanlaşdırılması qarşıdakı hesabatlarda da öz əksini
tapacaqdır.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp