Aprelin 9-dan sonra Qarabağ… – Sarkisyanın yeni PLANININ ŞOK DETALLARI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 5-də Ermənistan parlamentinin növbədənkənar
iclası keçiriləcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər
verir ki, iclasın gündəliyinə 10-dan çox qanun layihəsi daxil
edilib.

Onlardan biri də Ermənistanda böyük hay-küyə səbəb olan
“Təhlükəsizlik Şurasının tərkibi və fəaliyyəti Haqqında” qanun
layihəsidir. Layihəyə əsasən, Təhlükəsizlik Şurasına baş nazir
başçılıq edəcək (Böyük ehtimalla hazırkı president Serj Sarkisyan
ölkənin yeni baş naziri olacaq – red.). Baş nazirin müavinləri,
müdafiə naziri, Baş qərargahın başçısı, xarici işlər naziri,
Təhlükəsizlik Şurasının katibi, Milli Təhlükəsizlik Komitəsinin
direktoru və polis rəisi onun üzvləri olacaqlar. Prezident və
parlament sədri şuraya daxil edilmir.

Qanun layihəsini şərh edən İnformasiya strateji və milli
tədqiqatlar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan bu
qənaətdədir ki, prezident Serj Sarkisyan özü üçün hansısa inhisar
müəssisəsi yaradır.

“Elə bir müəssisə yaradılır ki, urada ona tabe olan insanlar
olmalıdır. Baş nazirə tabe olmayacaq insanlar qurumdan kənarda
qalırlar. Məni təəccübləndirir ki, yeni prezident Armen Sarkisyan
və parlamentin indiki sədri ümumiyyətlə, bununla niyə razılaşırlar?
Bu, mənim üçün anlaşılmazdır. Fikrimcə, daha heç nə bundan
təhlükəli deyil. Qanun layihəsi qəbul edilərsə, bu, çox pis
olacaq”, – ekspert bildirib.

Yeni Konstitusiyaya əsasən, prezidentin imzası olmadan heç bir
qərarın qanuni olmayacağını xatırladan Manvel Sarkisyanın sözlərinə
görə, hazırkı prezidenti qorxudan məqam məhz budur:

“Deyirlər ki, prezident formal statusa malikdir. Amma belə
deyil. Qanunları imzalamadığı halda baş nazir postdan gedə bilər.
Serj Sarkisyan buna görə də özü üçün “kooperasiya müəssisəsi”
yaradır və özünə böyük səlahiyyətlər verir. Bu, çox təhlükəli
orqandır, o heç bir məsuliyyət daşımayacaq, amma bütün hakimiyyət
onun əlində olacaq”.

Qeyd edək ki, Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da
bitir.

Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin
rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin
ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş
nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı
olacaq.

Ermənistan prezidentinin xarici siyasət sahəsində bu
səlahiyyətləri qalacaq: hökumətin təqdimatı ilə beynəlxalq
müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və
onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların
diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək. Vətəndaşlıq
məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif
prezidentin səlahiyyətidir.

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda, həmçinin müharibə
vəziyyətində əsas söz sahibi baş nazir olacaq. Bu baxımdan, Dağlıq
Qarabağ danışıqlarına əsas nəzarəti yeni yaradılan Təhlükəsizlik
Şurası edəcək. Ermənistanda isə apreldə baş nazirin indiki
prezident Serj Sarkisyan olacağına şübhə etmirlər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp