Abid Şərifovdan dəhşətli yanğınla bağlı AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla
əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət
Komissiyasının martın 3-də ilk iclası keçirilib.

Publika.az xəbər verir ki, komissiyanın sədri,
Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər
barədə Azərtac-a məlumat verərək deyib ki, yanğın baş verən zaman
Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i
dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. Təbii ki,
hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə,
bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin
özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də
belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün
olub. Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya
xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir
həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada
xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən
söhbət gedə bilməz. Lakin yanğın vaxtı bir həkim dünyasını dəyişib.
Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan
xəstələrdən biri 62 yaşlı həkim olub.

Komissiyanın ilk iclasında müzakirə olunan məsələlərdən danışan
Abid Şərifov bildirib ki, cənab Prezidentin göstərişinə əsasən və
imzaladığı Sərəncamın yerinə yetirilməsi məqsədilə biz bu gün
Komissiyanın ilk iclasını keçirdik. Komissiyanın qarşısında duran
əsas məsələlərdən biri sözsüz ki, həlak olanların şəxsiyyətlərini
müəyyənləşdirmək, onların dəfn mərasimlərini hökumət tərəfindən
təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir.
Bilirsiniz ki, yanaraq ölən şəxslərin, xüsusilə narkoloji
xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin
məsələdir. Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə
alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və
onlar dəfn olunub. Onların ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti
və Səhiyyə Nazirliyi tərəfindən lazımi kömək göstərilib. Hesab
edirəm ki, qalan şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi
bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar
aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və
Səhiyyə nazirlikləri ciddi işlər aparırlar və onların da
şəxsiyyətləri qısa müddətdə müəyyən olunacaq. Həlak olanların
şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların dəfn edilmələrinin
təşkili bizim birinci məsələmizdir. İkinci məsələ yanğın zamanı sağ
qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı
xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb.

Abid Şərifov vurğulayıb ki, qarşıda duran vacib vəzifələrdən
biri də yanğının səbəblərini araşdırmaqdır. Aidiyyəti qurumlar –
Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər
Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş
verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar
da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat
verəcəyik. Cənab Prezidentin tapşırığına uyğun olaraq, görülən
işlərlə əlaqədar mən daim məlumat verəcəyəm. Bütün bu məsələlərlə
əlaqədar konkret təkliflər hazırlayacağıq. Yanğının səbəbləri
araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. Artıq Baş
Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri
tərəfindən birgə araşdırmalar aparılır. Mən Komissiyanın bugünkü
iclasında aidiyyəti qurumlardan – Səhiyyə Nazirliyindən və Bakı
Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar
başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə
lazımi abadlıq işləri aparılsın. Hazırda Narkoloji Mərkəzdə müalicə
alan insanların yerləşdirilməsi məsələsinə gəldikdə, – Prezidentin
Sərəncamı ilə tanışsınız, – Sabunçu rayonunun ərazisində yeni
mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl
başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan
investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması
üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin
məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə
verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər
xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam
etdiriləcək.

Baş nazirin müavini deyib ki, mərkəzdə olan xəstələrlə və
dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində
başa çatdırılacaq. Onların ailələrinə veriləcək ilkin yardımın
məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan
qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar
səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan
övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin
verilməsi məsələsinə baxılır. Qeyd edim ki, həlak olan 25 nəfərdən
yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər
şəxslərin hər biri barədə araşdırma aparılsın və onlara qanuna
uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də
tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Cənab
Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar Bakı Şəhər İcra
Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Eyni
zamanda, istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri
dövlət tərəfindən təşkil olunub və olunacaq.

Abid Şərifov Komissiyanın qarşısında dövlət müəssisələrində,
tibb ocaqlarında inventarlaşma işinin aparılaraq xüsusi tədbirlər
planının hazırlanması vəzifəsinin də qoyulduğunu bildirib. Qeyd
edib ki, tədbirlər planında qəzalı vəziyyətdə binalar barədə
məlumat, fövqəladə hallara, o cümlədən yanğına qarşı görüləcək
tədbirlər və digər konstruktiv məsələlər əksini tapacaq.

Komissiyanın sədri bəzi KİV-lərdə yanğınla əlaqədar əsassız
iddialar səsləndirildiyini təəssüflə qeyd edib. Bildirib ki, adətən
belə bədbəxt hadisələr baş verəndə ondan istifadə etməyə çalışanlar
olur. Lakin ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlər, xüsusən
də qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum
uşaqlar üçün inşa edilən binalar və s. barədə danışmaq istəmirlər.
Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə göstərişi
ilə biz Abşeron rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün
iki korpusdan ibarət 12 mərtəbəli bina tikmişik. Həmin ərazidə
üçüncü korpusun inşası bu il başa çatdırılacaq. Bu binalarda hər
iki valideynini itirmiş uşaqlar yerləşdirilirlər. Bu qəbildən olan
uşaqlarla bağlı iki il əvvəl qanun qəbul olundu və Prezident İlham
Əliyevin Sərəncamı ilə təsdiq edildi. Həmin qanuna əsasən, hər iki
valideynini itirmiş uşaqların təhsil haqlarının hamısı dövlət
tərəfindən ödənilir. Xırdalanda tikilən həmin iki korpusdakı
mənzillər təmirli olmaqla yanaşı, məişət əşyaları ilə də tam təchiz
edilib. Bunu ona görə misal çəkdim ki, bu barədə danışmırlar. Həmin
binada yaşayan gənclər ailə qurublar, üç il ərzində 30-dək uşaq
dünyaya gəlib. Onlar bu gözəl təşəbbüsə görə daim minnətdarlıq
edirlər. Bundan başqa, mətbuat nümayəndələrinə dövlət hesabına
mənzillər verilir. Bütün bunlar digər ölkələrdə edilmir. Təəssüf
ki, bu cür gözəl təşəbbüsləri görməzliyə vuraraq belə faciəli
hadisələrdən istifadə etməyə çalışan insanlar var.

Sonda Abid Şərifov bildirib ki, Komissiyanın iclasında verilən
tapşırıqların vaxtında yerinə yetirilməsini ciddi nəzarətdə
saxlayacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp