​​​​​​​Yeni eranı anons edən NİTQ, Qarabağda böyük SÜLH SAZİŞİ…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

MSK Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən
prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin
namizədliyini qeydə alıb. Azərbaycan prezidentinin İctimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov İrəvana sərt mesajlar verib.
Ekspertlər Dağlıq Qarabağda yeni əməliyyatların başlanacağına dair
xəbərdarlıqla çıxış ediblər. Türkiyə “Zeytun budağı” əməliyyatını
uğurla davam etdirir. ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün
ərzində tətbiq edəcək. Rusiyanın prezidenti Vladimir Putin
Federasiya Şurasına illik müraciətində rəqiblərini qorxuya salan
bəyanatla yadda qaldı. Livan Yaxın Şərqdə növbəti müharibə meydanı
ola bilər. ABŞ Dövlət Departamenti 37 “Javelin” tank əleyhinə
kompleks və 210 raketin Ukraynaya satışını bəyənib.

Azərbaycan, Dağlıq Qarabağ

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan
Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş
İlham Əliyevin namizədliyini qeydə alıb.
Bu barədə
qərar MSK-nın fevralın 27-də keçirilən iclasında qəbul edilib.
Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd
olub.

“Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən
təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir.
Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər
bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan
torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə – bir
həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək
gücündəyik”.

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin
Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayında deyib.

“Ermənistan və Azərbaycan arasında silahlı
konfliktin yenilənməsi təhlükəsi artır”.
Bunu ABŞ-ın
Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Jamanak” qəzetinin
müxbirinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlı Qarabağda yeni müharibə Azərbaycan,
Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə
bilər.

“Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdırdan və
hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ
münaqişəsinin danışıqlar yolu ilə nizama salması üçün imkan yarana
və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər”, – ABŞ-ın keçmiş
səfiri qeyd edib.

Qarabağ savaşı zamanı hücum istənilən istiqamətdə
baş verə bilər.
Bunu “1in.am” saytına açıqlamasında
rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Azərbaycanın müxtəlif istiqamətlərdə hücum imkanı var, amma o,
Ermənistana hücum etsə, o zaman özünə ciddi siyasi problemlər
yaradacaq. Əgər o, təkcə Qarabağ istiqamətində hücum etsə, o zaman
öz ərazi bütövlüyünü bərpa etmiş olacaq, amma Ermənistana hücum
olunsa, bu, aqressiya sayılacaq. İkinci halda Azərbaycanın Rusiya
və maraqlı olan digər tərəflərlə problemləri olacaq. Azərbaycanın
öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatları
başlatmaqdan başqa heç bir çarəsi qalmır. Ona görə ki, problemin
sülh yolu ilə həll edilə bilməyəcəyi getdikcə aydınlaşır”, – o
deyib.

Ekspertin sözlərinə görə, konfliktin sülh yolu ilə həlli
imkanlarını görmür.

Qarabağda müharibənin yenilənməsi təhlükəsi
həqiqətən mövcuddur. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı
politoloq Qriqori Trofimçuk söyləyib.

“Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən
sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll
tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq
mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll
yoxdur. Qarabağ Azərbaycanın daxili siyasətində ciddi problemdir və
Azərbaycanın davranışında əsas faktor hesab edilir. Qarabağ
məsələsi Ermənistan üçün də çox vacibdir, amma birinci yerdə
dayanmır”.

Onun sözlərinə görə, təkcə Qarabağa yox, digər istiqamətlərə də
nəzər yetirmək lazımdır:

“Fərqli istiqamətlərdən biri Naxçıvan ola bilər. Bu isə
müharibədə balansın bərpası vasitəsi ola bilər. Əgər Azərbaycan
Qarabağda hərbi əməliyyatlara başlasa, Ermənistanın situasiyanı
Naxçıvan ətrafında gərginlik yaradaraq balanslaşdırması mümkündür.
Rusiya konfliktə heç bir tərəfdən, özəlliklə Ermənistan tərəfindən
– onun Moskvanın müttəfiqi olduğunu nəzərə alaraq belə –
qoşulmayacaq. Digər tərəfdən, əgər Rusiya Ermənistan tərəfdən
müharibəyə qoşulsa, o zaman Azərbaycan tərəfindən müharibəyə ciddi
güc mərkəzləri – ilk növbədə isə Türkiyə və ABŞ müdaxilə
edəcək”.

Ermənistan

Ermənistan prezidenti Serj Sarkisyan martın 1-də
Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Ermənistan
protokollarının ləğv edildiyini bildirib.
Sarkisyan
ötən ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışında
bildirmişdi ki, Türkiyə 2009-cu ildə Sürixdə imzalanmış
protokolları təsdiqləməsə, Ermənistan 2018-ci ilin yazını
protokollarsız qarşılayacaq.

Martın 2-də Ermənistan parlamentində prezidentin
seçilməsi ilə bağlı səsvermə keçirilib.
Səsvermənin
nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti
seçilib.

Armen Sarkisyanın özü parlamentdə keçirilən
dinləmələrdə ənənəvi “Kiçik dövlət, böyük millət” şüarından və
Ermənistan qarşısında duran ağır çağırışlar haqqında
danışıb.
O, prezident seçiləcəyi halda Ermənistan,
“Dağlıq Qarabağ Respublikası” separatçı rejimi və diaspora
məsələlərinin həllində bütün təcrübəsi və enerjindən istifadə
edəcəyini söz vermişdi. Və sonra ümumiyyətlə, bildirdi ki, “XXI əsr
ermənisi” ola bilər. Onun bununla nəyi nəzərdə tutduğu isə tamamilə
aydın deyil.

Bizi şübhəsiz ki, ən çox maraqlandıran məsələ, yeni prezidentin
Dağlıq Qarabağa münaqişəsinin həlli prosesinə baxışının necə
olacağıdır.

Türkiyə, İran, Yaxın Şərq

“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan
ziddiyyətlər artıq davam etdirilə bilməz”.
Bu haqda
İngiltərənin “Financial Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi
dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola
bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə
qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə
səbəb ola bilər”, – “Financial Times” qeyd edib.

Türkiyə Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi
Hərəkat birlikləri fevralın 26-da Afrinə girib.

Birliklər “Zeytin budağı” hərəkatı çərçivəsində təmizlənən kəndlərə
terrorçuların sızmasının qarşısını alacaq və yaşayış məntəqələrində
əməliyyatlara qatılacaq.

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad
Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin
budağı” əməliyyatının birinci mərhələsi martın 1-də 120 kilometrlik
Azez-Deyr Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə
başa çatdı.
Əməliyyat çərçivəsində bu günə qədər
bölgənin 25 faizi terrorçulardan təmizlənib.

Raco, Şeyx Əl-Hadid və Cinderesi cənub, cənubi-şərq və qərbdən
mühasirəyə alan birliklərin Afrinin mərkəzinə 1-1,5 kilometr
uzaqlıqda olduğu bildirilir.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun
(ASO) Suriyanın Afrin bölgəsində terrorçulara ağır zərbələr
endirdiyi bir vaxtda İsrailin “The Jerusalem Post” qəzeti Amerika
və İsrailin planlarını da ortaya çıxarıb.
Afrindəki
YPG terrorçularının ağır zərbələr aldığını yazan nəşr onların hava
qüvvələri ilə təmin edilməli olduğunu yazıb.

Raçel Avraham imzalı yazıda bildirilir ki, İrandan Aralıq
dənizinə açılacaq yolun bağlanması üçün YPG dəstəklənməlidir.

“Əgər İsrail və ABŞ hava dəstəyi ilə bölgədəki qüvvələri
cəsarətləndirə bilsə, bölgədəki status-kvo həm Amerika, həm də
İsrailin lehinə dəyişə bilər”, – nəşr yazıb.

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında
tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə
bağlı dəhşətli planı ortaya çıxıb.
İraq və Suriyada
ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror
aktlarını törətməyi planlaşdırır.

ABŞ fevralın 11-də Böyük Britaniya, Fransa, Səudiyyə
Ərəbistanı və İordaniyanın nümayəndələri ilə Vaşinqtonda gizli
toplantı keçirib.
Bu haqda Livanın “Əl-Əxbar” xəbər
portalı İngiltərənin Vaşinqtondakı səfirliyindən aldığı bir
teleqrafa istinadən yazıb.

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket
komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə
Ankara barəsində sanksiyalar tətbiq edilə bilər.
Bu
haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri
bildirib.

Praqa məhkəməsifevralın 27-də PYD lideri Saleh
Müslümü azadlığa buraxıb.
Bundan öncə Türkiyə Saleh
Müslümün ekstradisiyasını tələb etmişdi. Ankara Saleh Müslümü
beynəlxalq axtarışa verib. Onun başına 4 milyon lirə mükafat
qoyulub.

İraq və Suriyada çətin vəziyyətdə olan İŞİD
Türkiyədə baza quracaq və buradan Qərbə hücuma
hazırlaşacaq.
Bu barədə Pentaqonun “RAND Corporation”
analitik şirkətinin hesabatında bildirilib.

Məlumata görə, İŞİD üzvləri Avstraliyadan dəhşətli partlayış
gücünə malik olan elektron cihaz sifariş edib və artıq Türkiyədə
böyük partlayış törətmək niyyətilə uyğun məntəqənin seçilməsi üçün
kəşfiyyat işlərinə başlayıb. Bu partlayışdan sonra ölkənin
qarşıdurma meydanına çevriləcəyi bildirilib.

“Kölgə Pentaqon” olaraq da tanınan RAND-ın hesabatında bu
iddialar “Ərdoğanın ölümcül kor nöqtəsi” başlığı ilə verilib və
istər Türkiyə təhlükəsizlik orqanları, istərsə də rəhbərlik
yaxınlaşan təhlükəni görməzdən gəlməkdə ittiham olunub.

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən
Şərqi Quta bölgəsində fevralın 27-də “humanitar pauza” rejimi
qüvvəyə minib.
Bu haqda Rusiyanın müdafiə naziri
Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin
tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a
kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə
ərazidə əməliyyatlar keçirilməyəcək.

Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi
və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar
dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi
fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün
avtobuslar ayrılıb.

Lakin sonradan yayılan xəbərlərə görə, Suriya
prezidenti Bəşər Əsədə sabiq qüvvələr yenidən Şərqi Quta bölgəsini
bombardman ediblər.
Hücum zamanı xeyli dinc sakin
həlak olduğu bildirilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası fevralın 25-də Suriyada
30 günlük atəşkəs barədə qərar qəbul etmişdi.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer
Noyert Suriyada elan edilmiş atəşkəslə bağlı danışıb.

Noyert atəşkəs qərarının bütün ölkə ərazisini əhatə etdiyini
vurğulayıb.

“Türkiyə bu sənədi daha yaxşı şəkildə yenidən oxumalıdır. 30 gün
ərzində Suriyanın hər tərəfində atəşkəsi nəzərdə tutur. Türkiyəyə
BMT Təhlükəsizlik Şurasının qərarını yenidən oxumasını tövsiyə
edirik”, – Noyert bildirib.

Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ BMT
Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan
etməsinin “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcəyini
demişdi.

Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi
Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi
aydın olmağa başlayıb.
Türkiyənin “Habertürk” nəşri
xəbər verir ki, Amerikanın döyüş təyyarələrinin Fərat çayının
qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya
hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə
qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq
çəkilmiş olub.

Qarşıdakı dövrdə Suriyadakı vəziyyətin daha da çətinləşəcəyi
proqnozlaşdırılır.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing.
Organisation for the Prohibition of Chemical Weapons) Suriyada
fevralın 27-də araşdırmalara başlayıb.
Təşkilat
Suriyadakı kimyəvi silahlardan istifadə edildiyinə dair iddiaları
araşdıracaq.

Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi
silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan
edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta
yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada
bilər.

Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silahdan
istifadə etdiyi təsdiqlənsə, rejimə qarşı hava əməliyyatına dəstək
veriləcək.
Bu sözləri Böyük Britaniyanın Xarici İşlər
naziri Boris Conson deyib.

“Əgər bu tip silahların istifadəsinə dair sübutlar ortaya çıxsa
və bizə əməliyyatlara qatılmaq üçün təklif gəlsə, bunu ciddi
şəkildə düşünəcəyik”, – XİN rəhbəri deyib.

Qeyd edək ki, bir qədər Fransa da kimyəvi silahdan istifadənin
təsdiqlənəcəyi halda Suriyanın vurulacağını açıqlamışdı.

Rəsmi Moskva Suriya ordusunu dəstəkləməyə davam
edəcək.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri
Sergey Lavrov deyib.

“BMT İnsan Hüquqları Şurasının terrorçuları “yaxşı” və “pis”
olaraq ayırması qəbuledilməzdir. Rusiya bu ikili standart tətbiqinə
qarşı vuruşacaq”, – Lavrov bildirib.

Rusiya generalı məxfi şəkildə Səudiyyə Ərəbistanına
səfər edib
.
Bu barədə informasiyanı “İAREX.ru” saytı
yayıb. Sayt generalın Ər-Riyada xüsusi məqsədlə getdiyini qeyd
edib.

“Rusiyanın Suriyaya göndərdiyi beşinci nəsil təyyarələr olan
S-57-lər artıq döyüşlərə qatılıblar və Şərqi Qutadakı döyüşçüləri
bombardman ediblər. Bir neçə saat əvvəl isə Suriyadakı Rusiya
qruplaşmalarının komandanı Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə
Səudiyyə Ərəbistanına uçub. Rus general Ər-Riyaddan Qutadakı
döyüşçülərin çıxarılmasını tələb edib.

General əks halda Qutaya qarşı “Qroznı bombardmanı” ssenarisini
tətbiq edəcəyini bildirib”, – məlumatda vurğulanıb.

Rusiyanın Suriyaya göndərdiyi “Su-57” beşinci nəsil
qırıcıları ilə bağlı yeni görüntülər ortaya çıxıb.

İsrailin “Haaretz” qəzeti Suriyaya göndərilən qırıcıların yeni peyk
görüntülərini dərc edib.

“Yaxın Şərqdə indiki vəziyyət deməyə əsas verir ki,
2019-cu ildə İran və İsrail arasında müharibə baş verə
bilər”.
Belə proqnozla “National Interest” nəşrində
keçmiş prezident Ronald Reyqan dövründə administrasiyada işləyən
milli təhlükəsizlik üzrə mütəxəssis Reymond Tanter və beynəlxalq
münasibətlər üzrə ekspert Ayven Saşa Şihan çıxış ediblər.

“2018-ci ilin yanvarda qarşımıza sual qoyurduq: 2018-ci il İrana
inqilab gətirəcək? İndi biz soruşuruq: 2019-cu ildə İsrail və İran
arasında müharibə olacaqmı?” – müəlliflər yazırlar.

ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru
Lindsey Qrahamın İsrailə səfəri ilə bağlı bəzi detallar məlum
olub.
İsrailin “Haaretz” qəzeti israilli
səlahiyyətlilərin senatora Livanın “Hizbullah” təşkilatı ilə bağlı
məlumat verdiyini yazıb.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Moskva Avropa Birliyindən heç vaxt sanksiyaların
ləğvini istəməyəcək.
Bunu jurnalistlərə açıqlamasında
Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə
görə, Moskva bu istiqamətdə, ümumiyyətlə, heç bir danışıqlar
aparmayacaq.

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində
tətbiq edəcək.
Bunu jurnalistlərə açıqlamasında ABŞ
Maliyyə naziri Stiven Mnuçin söyləyib.

Qeyd edək ki, bundan öncə Mnuçin yeni sanksiyaların tətbiq
ediləcəyini söyləsə də, dəqiq tarix açıqlamamışdı. ABŞ yanvarın
sonlarında “Kreml hesabatı”nı açıqlayıb. Hesabata 210 vəzifəli şəxs
və oliqarxın adı daxil edilib. Rəsmi Vaşinqton bu şəxslərin hər
birinin gələcəkdə sanksiyalar altına düşmək ehtimalı olduğunu bəyan
edib.

Moskva-Vaşinqton münasibətlərində problemlər həmişə
olacaq.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın
Rusiyadakı səfiri Con Hantsman söyləyib.

Onun sözlərinə görə, bu münasibətlər mərhələli şəkildə, geriyə
baxılmadan həll edilməlidir.

ABŞ kəşfiyyatı Rusiyanın 7 ştatda seçkilərə
müdaxiləsini sübut edib.
Bu haqda bir neçə Amerika
məmuruna istinadən “NBC News” telekanalı bildirib.

Kəşfiyyatın üç yüksək vəzifəli rəsmisinin sözlərinə görə, bunlar
Alyaska, Arizona, Kaliforniya, Florida, İllinoys, Texas və
Viskonsin ştatlarıdır.

Qeyd edək ki, rəsmi Moskva sözügedən ittihamları dəfələrlə rədd
edib.

“Rusiya ümid edir ki, ABŞ-ın nüvə silahının
ərazilərində yerləşdirilməsinə Avropa ölkələrinin vətəndaşları
“yox” deməyi bacaracaqlar”.
Bunu Rusiyanın Xarici
İşlər Nazirliyinin başçısı Sergey Lavrov Cenevrədə keçirilən
silahsızlaşdırma üzrə konfransda çıxışı zamanı deyib.

“Ümid edirəm, Avropa vətəndaşları kütləvi qırğın silahının öz
ərazisində yerləşdirilməsinə “yox” deməyi bacaracaqlar. Həm də
silahlar tək dövlətə aiddir. Həmin dövlət artıq o silahı Xirosima
və Naqasaki şəhərlərinin əhalisinə qarşı tətbiq edib. Rusiya
genişləndirilmiş taktiki nüvə silahına sahib deyil, onun tətbiqi
üçün heç bir iş görmür. Bizdə olan döyüş sursatlarının hamısı öz
ərazimizdə olan mərkəzi bazalarda yerləşdirilib. Hər kəsə aydın
olmalıdır ki, ABŞ Avropa ölkələrinin hərbi qüvvələrini Rusiyaya
qarşı taktiki nüvə silahının tətbiqinə hazırlayır ”, – Lavrov
bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Avropada ABŞ-ın taktik nüvə
silahlarının mövcudluğu yalnız “soyuq müharibə”nin rudimenti deyil,
həm də açıq-aydın təcavüzkar mövqedir.

“Rusiya ABŞ-ın mümkün sanksiyalarına müxtəlif
formada cavab verə bilər”.
Bunu Hərbi Elmlər
Akademiyasının müxbir üzvü, politoloq Sergey Sudakov Rusiya Xarici
İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib.

Kosmosda müharibə bir neçə il sonra
başlayacaq.
Bunu ABŞ Hərbi Hava Assosiasiyasının
simpoziumunda çıxışı zamanı Hərbi Hava Qüvvələrinin Qərargah rəisi
Devid Qoldfeyn söyləyib. Onun sözlərinə görə, amerikalılar təcili
kosmik məkanda üstünlük əldə etməlidirlər:

“Biz bir neçə il sonra kosmosdan zərbələr endirə biləcəyik. Bu
yeni mübahisəli əraziyə biz nəzarət etməliyik. Bunu bizdən ölkə
istəyir”.

Qeyd edək ki, Vaşinqton bu il hərbi hava qüvvələrinə 7,75
milyard dollar büdcə ayırıb. Bu, keçən illə müqayisədə 20% çoxdur.
2019-cu ildə ABŞ bu istiqamətdəki xərclərini 8,5 milyarda qədər
artırmağı planlaşdırır.

“ABŞ-ın nüvə silahının tətbiqinin bir addımlığına
gəlməsi beynəlxalq təhlükəsizlik üçün təhdiddir”.

Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq
təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Venediktov
“RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Nüvə siyasətinin icmalında birbaşa deyilir ki, ABŞ cavab
zərbəsi kimi qəti tədbirlərin görülməsi imkanını istisna etmir.
Təbii ki, nüvə silahının tətbiqinin bir addımlığına gəlməsi
beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir. Belə yanaşma zamanı
səhvin qiyməti bütün bəşəriyyət üçün aradan qaldırılması mümkün
olmayan nəticələrlə nüvə müharibəsinin başlanmasıdır”, – agentliyin
həmsöhbəti deyib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin
Federasiya Şurasına martın 1-də etdiyi illik müraciətində
rəqiblərini qorxuya salan bəyanatla diqqətdə qalıb.

Putin dünyanın hər yerini vura biləcək böyük bir nüvə silahı
hazırladıqlarını deyib.

Rusiya prezidentinin çıxışının gedişatında ilk dəfə “Sarmat”
raket kompleksinin sınaqlarının kadrları göstərilib. Dövlət başçısı
bu kompleksin sınaqlarının başlandığını elan edib.

“Heç bir, hətta perspektivli raket hücumundan müdafiə sistemləri
“Sarmat” raket kompleksi üçün maneə deyil”, – Putin vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına
martın 1-də etdiyi illik müraciətində Rusiya silahlarının ən yeni
nümunələrini nümayiş etdirdi.
O vurğuladı ki, təqdim
edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən
təcavüzkarı ayıltmağa” hazırdır.

Prezident çıxışında prezident müdafiə sənayesi sahəsində
müvəffəqiyyətlərə toxundu və qeyd etdi ki, qərb partnyorları
1990-cı illərin sonlarında Rusiyanın hərbi potensialının bərpasını
qeyri-mümkün hesab edirdilər.

Rusiyaya qarşı təhdid olduqda və ya ölkəyə nüvə
zərbəsi endirildikdə Moskva nüvə silahından istifadə edə
bilər.
Bunu NBC televiziyasına müsahibəsində Rusiya
prezidenti Vladimir Putin söyləyib.

“Yalnız iki şey bizi nüvə zərbəsi endirməyə məcbur edə bilər.
Bu, bizə nüvə silahı ilə ediləcək hücum və ya Rusiya dövlətinin yox
olma təhlükəsi zamanı ola bilər”, – deyə o bildirib.

ABŞ hipersəsli texnologiyalar sahəsində iş
aparır.
Belə tipli silahın sınaq uçuşları 2019-cu
ildə başlanacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon)
perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker
bildirib.

“Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”-
Stiven Uoker deyib.

“ABŞ-ın hərbi büdcəsi Rusiyanın analoji büdcəsindən
10 dəfə çoxdur və bu, Rusiya ilə müharibədə qələbəyə
hədəflənib”.
Bunu Rusiyanın Təhlükəsizlik Şurasının
katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi
Aleksandr Venediktov “RİA-Novosti” agentliyinə müsahibəsində
bildirib.

“ABŞ-ın hərbi büdcəsi Rusiyanın hərbi büdcəsini 10 dəfədən də
çox otür və milli strategiyanın əsas vəzifələrinin yerinə
yetirilməsinə, döyüş hazırlığının səviyyəsinin yüksəlməsinə,
silahlı qüvvələrin texniki təchizatının artırılmasına və
genişmiqyaslı münaqişədə qələbə qazanmağa yönəlib”, – Venediktov
deyib.

Qeyd edək ki, ABŞ administrasiyası 2019-cu il maliyyə ilinin
büdcə layihəsini (2018-ci il oktyabrın 1-dən başlanır –red.)
Konqresin müzakirəsinə təqdim edib. Sənəddən göründüyü kimi, ABŞ
prezidenti Donald Tramp hərbi xərclər üçün təxminən 700 milyard
dolların ayrılmasını tələb edib. Bu məbləğin 24 milyardı nüvə
triadasının (yerüstü, sualtı gəmilər və strateji bombardmançılarda
yerləşdirilən qitələrarası ballistik raketlər – red.), 6 milyardı
isə raket əleyhinə müdafiə sistemlərinin yenilənməsinə
xərclənməlidir.

Antirusiya sanksiyalarına görə ABŞ-ın “Ekson Mobil”
şirkəti “Rosneft”lə birgə iştirak etdiyi layihələrdən imtina
edəcək.
Bu barədə informasiya “Ekson Mobil”in
hesabatında yer alıb. Şirkət layihələrdən imtina prosesinin cari
ildən başlayacağını bildirib.

“Ekson Mobil” bu layihələrdən çıxacağı halda 200 milyon dollar
itirəcəyini açıqlayıb.

Qeyd edək ki, “Ekson Mobil” bundan öncə ABŞ Maliyyə Nazirliyi
tərəfindən 2 milyon dollar cərimə edilmişdi. Şirkət ABŞ-ın
sanksiyalar siyahısına düşən “Rosneft”in rəhbəri İqor Seçinlə 8
sənəd imzaladığına görə cəzalandırılmışdı.

Koreya böhranı

Şimali və Cənubi Koreyanın diplomatları bağlı
qapılar arxasında danışıqlara başlayıb.
Bu barədə
informasiyanı NHK televiziyası yayıb. Televiziya danışıqların
Cənubi Koreyadakı bir oteldə baş tutduğunu bildirib.

Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyaları
gücləndirib.
Bu barədə məlumatı Avropa Birliyi Şurası
yayıb. Bundan öncə ABŞ Şimali Koreyaya qarşı sanksiyaları
sərtləşdirmişdi.

ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə
zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.

Ekspertlər analiz vaxtı Texnologiya İnstitutunda “Nukemap” xüsusi
proqramını tətbiq ediblər.

Nəşr qeyd edir ki, Yaponiya KXDR üçün ikinci dərəcəli aktyor
olaraq qalır, ABŞ Pxenyanın əsas rəqibi kimi çıxış edir. Bu
baxımdan, vurğulanır ki, Şimali Koreyanı əsasən Yaponiya
adalarındakı Amerika bazaları maraqlandırır. Ekspertlər əminliyi
ifadə edirlər ki, ABŞ-ın hərbi obyektləri Koreya yarımadasında
münaqişənin baş verməsi halında əsas rol oynaya bilər. Amerika
bazalarının Şimali Koreya hərbçilərinin başlanğıc hədəfi olacağı
bildirilir.

Xüsusi halda, ekspertlər ABŞ-ın “Yokota” hərbi obyektinə
zərbənin vurulacağına əmindirlər.

Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında
istifadə olunacaq materiallar göndərib.
Bu iddia “Nyu
York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı
Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən
ortaya atılıb.

Ukrayna

“Ukrayna onun hazırda nəzarət etdiyi ərazilərə
mümkün qədər daha çox diqqət ayırmalıdır. Kiyevin nəzarət etdiyi
ərazilər inkişaf etdirilməli, korrupsiyaya qarşı ciddi kampaniyalar
və ciddi iqtisadi islahatlar aparılmalıdır”.
Bunu
Rusiya mövzusu üzrə tanınmış mütəxəssis, bir sıra Amerika və Rusiya
nəşrlərinin müxbiri, Vaşinqtondakı Avropa Siyasətinin Analizi
Mərkəzinin (CEPA) böyük elmi işçisi Brayan Uitmor Ukraynanın
“Apostrof” nəşrinə deyib.

Sülhməramlıların Donbasda yerləşdirilməsi ilə bağlı təkliflərə
toxunan analitik Kiyev və Qərbə çox ehtiyatlı olmağı məsləhət
görüb.

Martın 18-də keçiriləcək prezident seçkilərində
Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda
yaxın günlərdə müharibə başlana bilər.
Bu haqda
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın
üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın şəxsi hərbi
şirkəti olan “Vaqner qrupu” barədə audioyazı dərc
edib.
Bu barədə “Obozrevatel” nəşri məlumat yayıb.
Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş
qərargahı Suriya münaqişəsində “Vaqner qrupu”nun muzdurlarının
iştirakını planlaşdırır.

Qeyd edilir ki, audioyazı rəsmi Moskvanın “Vaqner qrupu” ilə
bağlılığını sübut edir.

“2015-ci ilin əvvəlində Bəşər Əsədin qoşunlarına dəstək olaraq
Suriyaya göndərilmə üçün hərbi kontingentin formatı haqqında məsələ
Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyi ilə həll
edilirdi. Quru əməliyyatının iki variantına baxılırdı: Rusiyanın
nizami qoşunları və ya muzdlu bölmələrindən istifadə. İkincisi
pilot layihə kimi Ukraynanın ərazisində reallaşdırılmışdı”, –
xəbərdə deyilir.

ABŞ Dövlət Departamenti 37 “Javelin” tank əleyhinə
kompleks və 210 raketin Ukraynaya satışını bəyənib.

Silahların dəyəri 47 milyon dollar qiymətləndirilir.

İndi tərəflər müqaviləni bağlaya bilər. Pentaqondan bildiriblər
ki, saziş Ukraynanın təhlükəsizliyinin yüksəldilməsi yolu ilə
ABŞ-ın milli təhlükəsizliyinə imkan yaradacaq, amma regionda hərbi
balansı dəyişdirməyəcək.

“Donbasda silahlı konfliktə görə məsuliyyət Ukrayna
prezidenti Pyotr Poroşenkonun üzərinə düşür”.
Bunu
Moskvada mətbuat konfransında Ukraynanın keçmiş lideri Viktor
Yanukoviç bildirib.

Beynəlxalq sülhməramlıların yerləşdirilməsindən
sonra Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olmayan
rayonlarında yerli seçkilərə hazırlıq üçün 6 ay lazım ola
bilər.
Bu haqda “Hudson Institute” analitik
mərkəzində ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi
nümayəndəsi Kurt Volker bildirib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp