Əyyub Kərimovun ölümü ilə bağlı nekroloq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Mətbuat Şurası jurnalist Əyyub Kərimovun ölümü ilə bağlı
nekroloq yayıb.

Nekroloqda deyilir: “Azərbaycan mətbuatına ağır itki üz verib.
Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov (Kərimov Əyyub Zakir
oğlu) faciəli şəkildə dünyasını dəyişib. Onun vaxtsız vəfatı hər
birimiz üçün dərin üzüntü və sarsıntıdır.

Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın
formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük
əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub,
həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün
fəallığı ilə seçilib.

Ə.Kərimov peşəkar hüquqşünas idi. O, hüququ və jurnalistikanı daim
vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai
motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə
çevirməyi bacarırdı. İdeya və baxışlarını 1992-ci ildə yaratdığı
“Femida” qəzetində gerçəkləşdirməklə bu vəzifənin icrasında
təkrarsız və bənzərsiz nümunə ortaya qoyurdu.

Əməksevərliyi, prinsipiallığı, hadisə və proseslərə məxsusi baxışı
ilə həmkarlarının hörmətini qazanmış Ə.Kərimovun yoxluğu ilə
barışmaq son dərəcə çətindir. Allahdan mərhum həmkarımızın
doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə
başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp