Velosiped idman klubunun tərkibi formalaşdırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına
Akademiyasının nəzdində yaradılmış Velosiped idman klubunun (VİK)
fəaliyyətinin təşkili və klubun idarəetmə orqanlarının
formalaşdırılması məqsədilə Akademiyanın idmançı-əməkdaşlarının,
idman ictimaiyyətinin və fəallarının konfransı
çağırılıb.

Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, konfransda
vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı
Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, gənclər və
idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və
İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Velosiped idman növünün
veteranı Əli Xəlfəyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının
üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər əməkdaşları
və dəvət olunmuş digər qonaqlar iştirak ediblər.

Konfransda ölkəmizdə velosiped idman növünün inkişaf tarixi və
keçdiyi yola nəzər salınıb, prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində DTX-nin təlim-tədris və maddi-texniki bazasının
möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin
gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər
əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə
də xüsusi diqqət yetirildiyi qeyd olunub. Həmçinin DTX-də şəxsi
heyətin idmanla məşğul olması və fiziki sağlamlığının
möhkəmləndirilməsi üçün hər cür şəraitin yaradıldığı diqqətə
çatdırılıb.

Bildirilib ki, Velosiped idman klubu DTX əməkdaşlarının
təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. 2017-ci
il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilmiş və Bakı
şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi
qeydiyyata alınıb. Sonra səs hüquqlu nümayəndələrin əksəriyyətinin
iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in İdarə
heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. İdarə heyətinin
ilk iclasında səs çoxluğu ilə dəfələrlə velosiped idmanı növü üzrə
respublika çempionu olmuş, idman ustası Vüqar Salahov VİK-in İdarə
heyətinin sədri seçilib, həmçinin klubun emblemi, döş nişanı,
üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və
təsvirləri açıq səsvermə yolu ilə təsdiq edilib. Əli Xəlfəyev,
Sahib Ələkbərov, İsmayıl İsmayılov, Raqif Abbasov çıxışlarında
konfransın işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Natiqlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və
prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə
qüdrətlənən müasir Azərbaycanda idman sahəsinə göstərilən
hərtərəfli diqqət və qayğı sayəsində ölkəmizin qazandığı idman
şöhrəti barədə danışıblar. Xüsusi qeyd olunmuşdur ki, Azərbaycanın
yüksək idman nailiyyətlərinin əldə edilməsində birinci
vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var və
bu misilsiz zəhmət qədirbilən xalqımız tərəfindən hədsiz coşqu və
böyük rəğbətlə qarşılanır.

Çıxış edənlər Azərbaycanın daim öz idmançılarının uğurları ilə
fəxr etdiyini, bütün qələbələrin təməlində ilk öncə Vətən
sevgisinin, vətəndaş-dövlət birliyinin, xalq-iqtidar həmrəyliyinin
durduğunu və bunun idman zəfərlərinə aparan başlıca amil olduğunu
vurğulayıblar. Qeyd olunub ki, hər sahədə uğurlara doğru cəsarətlə
və qətiyyətlə addımlayan müstəqil Azərbaycanın bütün idmançıları, o
cümlədən DTX-nin əməkdaşları olan idmançılar, habelə Velosiped
idman klubunun üzvləri bundan sonra da yüksək nəticələr əldə edərək
ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz layiqli töhfələrini
verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp