Magistraturaya imtahan verənlərin göstəriciləri aşağı düşüb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının
I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri
açıqlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, bu
il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların
sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr ali təhsil
müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Ötən il
magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək
üçün qeydiyyatdan keçmiş bakalavrlardan 109 nəfər, bu il isə 146
nəfər imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu
rəqəm dəfələrlə artıq – 1695 nəfər idi.

Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il
imtahan iştirakçılarının 57.99 faizi (7523 nəfər) 51 və daha yuxarı
bal topladığı halda, bu il həmin göstərici 49.73 faizə (6087 nəfər)
bərabər olub. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların
faizi 77.67 (9508 nəfər), ötən il isə müvafiq göstərici 81.64 faiz
(10591 nəfər) olub. Bu il ümumilikdə 2733 nəfər (22.33 faiz) 40 və
daha aşağı bal toplayıb. Ötən il isə müvafiq göstərici 2381 nəfər
(18.35 faiz) idi.

Xatırladaq ki, imtahanın birinci mərhələsində bakalavrlara
məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25
test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq
formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının
cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların
hər düzgün cavabı bir balla qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp