Bakının ən müqəddəs məkanlarından biri: BURADA HƏR KƏS CAVİD OLUR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bəzi dahilər olur ki, onlar təkcə öz ömürlərini
yaşamırlar. Bütöv bir dövrün axını onların taleyindən keçir. Sanki
hər kəsin ömrünü onlar yaşayırlar. Və əksər tarixi şəxsiyyətlərdən
fərqli olaraq, bu cür insanlara heç bir qara söz, ləkə, hətta irad
yapışmır. Cavid əfəndi kimi… Onun adı gələndə, sanki bütün dünya
dillərindəki mənfi sözlər yoxa çıxır. Adı ilə bərabər arınma,
duruluq, saflıq, ilahi gözəllik gətirir.

***

Ömrü totalitar sovet rejiminin qəddarlığının və repressiya
zülmlərinin aynasına çevrilən Cavidimiz 1882-ci ildə Naxçıvanda
anadan olub, 1941-ci ildə Sibirdə dünyasını dəyişib. Ancaq
Naxçıvanla Sibir arasındakı böyük ərazi də onun həyat və
yaradıcılığının sərhədləri içində itib-batır.

Hüseyn Cavidi canlı görmək xoşbəxtliyi bizlərə qismət olmayıb.
Heç bolluca fotoları da yoxdur ki, baxıb, onu görmək kimi nəhəng
mənəvi aclığı dəf edə bilək. Ancaq Bakıda bir məkan var ki, buranın
qapısını açıb içəri girən kimi bu əzəmətli şəxsiyyətin yanında
olduğunu, hətta nəfəs nəfəsə dayandığını hiss edirsən.

***

Hüseyn Cavidin Ev Muzeyi…

Burada ilk qarşılaşdığın şey insanın hüceyrələrinə qədər işləyən
sükutdur. Ancaq özünü bu sükuta təslim etdikcə, ruhuna heç
birimizin heç vaxt eşitmədiyi əzəmətli bir səs süzülür. Gün işığı
kimi…

Anlayırsan ki, bu səsin sahibi hər an incidilən,
kindən-küdurətdən, nifrətdən, yamanlıqdan arınmış biridir. Su
kimi…

Ruhuna sığal çəkirmiş kimi pıçıldayır:

“Hər kəsin bir еşqi, bir illahı var,

Mənim tanrım gözəllikdir, sеvgidir”.

Barmağını dişləyib, dünya durduqca duracaq bu iki sözü
pıçıldayırsan: “Cavid əfəndi…”

Əgər sual edələr – Cavidin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən”.

***

Onun misraları, fikirləri səsə çevrilib mənzilin hər küncündən
beyninə dolmağa başlayır. Beləcə, fikir-fikir, söz-söz səni də
Cavidləşdirir. Hüseyn Cavid olursan.

***

1920-1937-ci illərdə yaşadığı bu ev Hacı Zeynalabdin Tağıyevin
tikdirdiyi qızlar məktəbinin binasında yerləşir. Sonradan ümumi
məktəbə çevrilən bu binada həm dərs deyib, həm yazıb-yaradıb, həm
də yaşayıb. Görəsən, sonuncu sözümlə özü razılaşardımı?..

***

Muzeyin ən vacib hissəsi “repressiya otağı” adlanan guşədir.
Hüseyn Cavid bu otaqda tutulub, həbsxanaya aparılıb. Keşlə
zindanındakı iki illik sorğu-sualdan sonra Sibirin İrkutsk
vilayətinə sürgün olunub. Bütün bunları bizə həbs olunarkən
masasının üzərində qalan “Azər” poemasının yarımçıq əlyazmaları da
söylədilər.

Burda bir əsa da var. Dünya şairinə dik durmaqda kömək olan əsa.
Tutulanda onu götürməyib. “Daha mənə lazım olmayacaq” deyib…

Eynəklərini götürməyi isə unudub. Nə sehrdirsə bu eynəkləri
görən kimi toxunmaq istəyirsən. Ancaq təəssüf ki, olmaz…

Cavid əfəndi əla nərd də oynayırmış. Bir vaxtlar onu qalib edən,
uduzduran, güldürən, cırnadan zərlər də burada ömrünün “du-bir”
çağını yaşamaqdadır. Heç vaxt ağlıma gəlməzdi ki, adi zər bu qədər
yüksək dəyər, mahiyyət daşıya bilərmiş.

***

10 iyul 1995-ci ildə mərhum liderimiz Heydər Əliyev Hüseyn
Cavidin Ev Muzeyinin yaradılması ilə bağlı göstəriş verib. 24
oktyabr 2002-ci ildə, Hüseyn Cavidin 120 illik yubileyi günündə
Muzeyin açılış mərasimində iştirak edib.

Muzeyin ilk rəhbəri onun irsini qoruyub, bizə çatdıran qızı,
həmişə yüksək sayğı ilə anacağımız Turan Cavid olub. Ömrünün sonuna
qədər (2004-cü il) buradakı hər bir əşyanın üzərində əsib. Onun
gərgin əməyi nəticəsində muzeyin əsas fonduna 5000, elmi-köməkçi
fondlarına isə 300-dən artıq eksponat toplanıb. Muzeyin ekspozisiya
və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video
yazılarla zənginləşdirib.

Hazırda bu işləri muzeyin direktoru, Cavidlər irsinin
tədqiqatçısı, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru
Gülbəniz Babaxanlı davam etdirir.

***

Muzeyin ən diqqətçəkən hissələrindən biri də Hüseyn Cavidin oğlu
Ərtoğrul Cavidə ayrılmış guşədir. Bu guşədə 24 il yaşamış və vərəm
xəstəliyindən nakam vəfat etmiş çox istedadlı bir gəncin rəsm
əsərləri, boyaları, musiqi dəftərləri, bəstələdiyi musiqilərin
valları sərgilənir.

Şeir yazan, həmçinin folklor nümunələrini toplamaqla məşğul olan
bu gənc bir az da yaşasaydı, adını Üzeyir Hacıbəyovla yanaşı çəkə
biləcəyimiz bəstəkarlardan, ziyalılardan olacaqdı. Buna heç kimin
zərrə qədər şübhəsi yoxdur. Cəmi 24 ilə sığışdıra bildiyi
yaradıcılıq fəaliyyəti də bunu sübut edir.

Onun Üzeyir bəyə yazdığı məktublar da muzeydə qorunur.

***

Sürgünə qədər Azərbaycanı heç vaxt tərk etməyən Hüseyn Cavidin
nəşi Heydər Əliyevin göstərişi ilə Sibirin sıx meşəliklərində
yerləşən Şevçenko kəndindəkı qəbiristanlıqda aparılan axtarışlar
nəticəsində tapılıb. 59 nömrəli məzar… Dünyaya sığmayacaq
şəxsiyyəti bu iki rəqəm altında dəfn ediblər.

Bundan sonra mərhum prezidentimiz Heydər Əliyev Cavidin
cənazəsinin vətənə gətirilməsi ilə bağlı göstəriş verir.

Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu
Ümumilli liderin götərişi ilə
Şevçenko-Tayşet-İrkutsk-Moskva-Bakı-Naxçıvan marşrutu ilə
əvəzlənir.

1982-ci il oktyabrın 26-da Hüseyn Cavid Naxçıvana qayıdır…
Evinin qarşısında dəfn edilir. 1996-cı ildə isə qəbri üzərində
məqbərə ucaldılır. İndi bu ocaqda Hüseyn Cavid, həyat yoldaşı
Mişkinaz xanım, oğlu Ərtoğrlu və qızı Turan uyuyur.

***

Bu ocaq dünyada insanlara əsl iblisin kimliyini
pıçıldayan, unutmağa qoymayan bəlkə də yeganə yerdir. Və dünya
durduqca insanlığa bu misraları pıçıldayacaq:

Ulucay Akif

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp