Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi
hadisə ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII
tur oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar
Futbol Liqası qərar qəbul edib. Qarşıdakı tura martın 3-də “Kəpəz”
– “Səbail” matçı ilə start veriləcək. Sabah “Sumqayıt” – “Qarabağ”
matçı da keçiriləcək. Martın 4-də “Qəbələ” – “Neftçi” və “Zirə” –
“Keşlə” oyunları nəzərdə tutulub.

2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai
rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin
birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin
canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım
xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları
cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz
fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının
və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin
olunub. Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda
olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə
Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat
08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25
nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin
Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin
təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik
şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp