Tikinti obyekti və fərdi evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda sahibkarlar tələb olunan gücü 150 kVt-a
qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı
şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik
enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin
enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı
ödəyəcək.

Bu, prezident İlham Əliyevin fevralın 28-də imzaladığı
“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi
haqqında” fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini
tapıb.

Qoşulma haqqı enerji təchizatı müəssisəsi (ETM) tərəfindən
layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin
(ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına
(istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil
olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ
olacaq. Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye
təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət
göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb
olunan elektrik enerjisinin gücünə mütənasib olaraq
diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək.
Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının
24 gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə
fərqli məbləğlərdə müəyyən ediləcək. O cümlədən, əlavə gücün
alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb
etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyəcək.

Nazirlər Kabineti bir ay müddətində İqtisadiyyat Nazirliyinin,
Energetika Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
təklifləri əsasında, sahibkarların tələb olunan gücü 150 kVt-a
qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı
şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğlərini,
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
etməlidir. Nazirlər Kabinetinə bir ay müddətində məişət ehtiyacları
üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti
obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki
şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə
enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı prosedur və
müddətlərin azaldılması üçün qanunvericilikdə dəyişikliklər
edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Eyni zamanda Nazirlər Kabineti iki ay müddətində məişət ehtiyacları
üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti
obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma
haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etməlidir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin
“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi
haqqında” fərmanı ilə təsdiqlənmiş və indiyə qədər qüvvədə olan
“Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil
olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün
texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və
verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması
Qaydası”sına əsasən sifarişçinin tikinti obyektinin enerji
təchizatı şəbəkəsinə qoşulması üç mərhələdən ibarət olmaqla,
ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir. İndiyə qədər
birinci mərhələ sifarişçinin “ASAN Kommunal” mərkəzlərinə
müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin
hazırlanması və sifarişçiyə təqdim edilməsini (göndərilməsini)
əhatə edib. Bundan sonra bu mərhələ sifarişçinin mərkəzlərə
müraciəti, qoşulma haqqının ödənilməsi, texniki şərtlərin, layihə
sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsini
(göndərilməsini) əhatə edəcək. İndiyə qədər ikinci mərhələ
layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma
işlərinin aparılması və ETŞ-yə fiziki qoşulmasını əhatə edib.
Qoşulma haqqının tətbiqi ilə əlaqədar ikinci mərhələdə layihə-smeta
sənədlərinin dəyərinin ödənilməsi tələbi ləğv olunub. Başqa sözlə,
layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə
hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat vəsait
ödənilib və artıq layihə-smeta sənədləri ilə bağlı bu məbləğ
ödənilməyəcək. Üçüncü mərhələdə isə tikinti obyektinə elektrik
enerjisinin verilməsi təmin olunacaq.

ETM-in mərkəzlərdəki nümayəndəsi müvafiq yerli icra hakimiyyəti
orqanının sorğusunu və sifarişçinin ərizəsini, müvafiq yerli icra
hakimiyyəti orqanı isə sifarişçinin ərizəsini qəbul etməkdən imtina
edə bilməz. Sifarişçinin inşa ediləcək tikinti obyektinin ETŞ-yə
qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə
Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan
sonra onun müraciətinə əsasən, bu Qaydaya uyğun olaraq həyata
keçirilir. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi
torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma
nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma
işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi qoşulma haqqından
əlavə, heç bir haqq ödəməyəcək. Qoşulma nöqtəsi tikinti
obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada,
transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə
olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp