Şir ürəyi yeyən azərbaycanlı ovçu adamyeyən qəbilələr arasında – QORXUNC FOTOLAR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Diaspor Jurnalistləri Birliyi
“Azərbaycan brendi” layihəsinə başlayıb. DJB-nin mətbuat
xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, devizi
“Azərbaycanın brendi onun insanıdır” olan layihənin ilk insan
kapitalı peşəkar ovçu kimi dünyanı fəth edən Faiq Babanlıdır. 41
yaşlı Faiq Babanlı ilə söhbət edərkən onun ruhən qat-qat yaşlı və
həyat təcrübəsinin olduğu görünür. O, vaxtilə güləş və qaydasız
döyüşlə məşğul olaraq böyük uğurlar qazanıb. 15 ildir ki, Safari Ov
Klubu Azərbaycanın rəhbəridir. Həmyerlimiz ekstremal ovçu kimi
dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən
tanınmış ovçuları arasında onun da adı çəkilir. 80-dən çox ölkədə
ov edən Faiq Babanlı daima Azərbaycanın təbliğatını da
aparır.

– Peşəkar ovçudan əsas nə tələb olunur? Yəni ovçu ova
gedərkən özünün ovlanmaması üçün nəyə diqqət
etməlidir?

– Ovçunun öncə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı
təhlükəyə ani reaksiyası olmalıdır. Bunlar ovçunun cəngəllikdə
ovlanmaması üçün ən vacib faktordur. Onun ərazisinə düşəndə heyvan
dəqiq bilir ki, sən haradasan. Çünki buralar onun arealıdır. Mən
hər şeyi hissiyyatla görürəm. Əgər mən nəyi isə hiss etdimsə, heç
kim mənim fikrimi dəyişə bilməz.
İkincisi, peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur
ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu
edən çox azdır. Çünki ölüm qorxusu var. O etapı çoxdan keçmişəm.
Mən atıcılıqda seçilirəm, yəni hədəfi nəzərdə tutmuram. Heyvana
atmaq tam başqadır, vəhşiyə atmaq tam başqa, cəngəllikdə isə atmaq
tamam başqadır. Məsələn, dağda çox uzaq məsafədən bucaq altında
atırsan.
Peşəkar ovçu tək güllə atmaqla fəxr etməməlidir. Əvvəla, hər
heyvana eyni güllə ilə atəş açmaq olmaz. Məsələn, filin gülləsi
ayrıdır, şirin gülləsi ayrıdır və s. Hər heyvanın növünə görə
gülləsi var.

– Siz peşəkar ovçu olaraq hansı cəhətinizə görə dünyada
özünüzü nömrə bir hesab edirsiniz?

– Mən özümü nömrə bir hesab etmirəm. Mənə belə deyirlər.

– Bəs nömrə birlərin arasında…

– Mən insan ayağı dəyməyən ən təhlükəli nöqtələrdə ov edirəm.
Nömrə bir varsa da, hamısı o dərəcədə deyil. Dünyada tanınmış
ovçular var. Cəngəlliyə isə ov üçün ancaq mən gedirəm. Çünki
cəngəlliyə adam girmir. Orada sözün əsl mənasında həyat təhlükəsi
var.

-Dünyada ovçuların reytinq siyahısı var. Onlar nəyə əsasən
o siyahıya salınır?

– Orda müəyyən şlemlər var; qızıl şlem, brilyant şlem. Məsələn,
hansısa ovçu dağkeçilərinin kolleksiyasını yığır. Onunla reytinq
siyahısına alınır.
Bununla yanaşı, ovçuluqda “Dangerous game” var. Hansı ovçu
Afrikanın 5 (leopard, fil, vəhşi camış, kərgədan, şir) heyvanından
bir neçəsini vursa, o, dünya ovçuları arasında seçilir.

– Bəs siz hansı cəhətinizə görə həmin reytinqə
düşübsünüz?

– Mən ekstremal ovçu olduğuma görə o siyahıya düşmüşəm. Həmçinin
mən dediyim 5 heyvandan 4-nü ovlamışam. Təkcə qalır kərgədan. Qeyd
edim ki, bu heyvanları ovlamaq üçün hər birinə görə dövlətə müəyyən
məbləğdə ödəniş etməlisən.

Mənim ovlarımın çoxu dünyada göstərilmir. Mən cəngəllikdə vəhşi
heyvanlarla üz-üzə gəlirəm. Bunu məndən başqa heç bir ovçu etmir.
Hər kəs ovdan bir cür adrenalin alır. Mən də ekstremal şəraitdəki
ovlarımdan adrenalin alıram…

– Adətən, sizin kimi ölümün gözünə dik baxan insanlara
deyirlər ki, şir ürəyi yeyib. Baxıram ovladığınız heyvanların
arasında şir də var. Siz ovladığınız hansısa şirin ürəyini
yeyibsizizmi?

– Əlbəttə, çox yemişəm. Həqiqətən, şirin yeyiləsi bir yeri
varsa, bu da ürək əzələsidir. Yəni mən onu yeməmişəm ki, özümə güc
gəlsin. Sadəcə, dadlı olduğuna görə yemişəm.

– Ümumiyyətlə, şir ürəyi yeyəndən sonra insan, həqiqətən də
özündə hansısa güc hiss edirmi?

– Mən hiss etmirəm (gülür). Amma mən ölümdən qorxmayaraq şirlə
qarşılaşıb onu ovlayarkən özümdə bu gücü hiss edirəm.

– Dünyada vəhşi heyvanları sizin kimi cəngəllikdə ov
edən təxmini neçə ovçu var?

– Ora gedən adamları mən görürəm və onları bütün dünya tanıyır.
Amma onların hamısı bir dəfə gedir. Mən isə onların getdiyindən
daha da dərinliklərə, təhlükələrin olduğu yerlərə gedirəm. Məni
daha çox özünə çəkən Amazon cəngəlliyidir. Mən ruhən ora çox
bağlıyam. Mənə lazımdır ki, cəngəlliyin içərisində nə olduğunu
görüm. Mən dünyanın ən ucqar və çətin keçidləri olan yerlərində ov
etmişəm. Amma Amazon cəngəlliyi tamam başqa bir aləmdir.

– Amazonda ov etməyin nə kimi özəlliyi var?

– Ölüm qorxusunun olması. Oranın özünəməxsus atmosferi var. Ölüm
qorxusunun olması insanda yüksək məsuliyyət tələb edir. Bunu hər an
hiss edirsən. Hiss edirsən ki, təbiət səni sıxıb çıxartmaq istəyir.
Orada ovun vaxt məhdudiyyəti yoxdur. Cəngəllikdə yatmaq olmaz. Hər
an ovlanmayasan deyə, daim ayıq olmalısan. Məsələn, mən ora gedəndə
bəzən elə olur ki, 4-5 sutka yatmıram.

– Bəs Azərbaycanın təbliğatını necə
aparırsınız?

– Hər bir ölkədə ov aləmində tanımmış şəxsiyyətlər var. Mən
onlarla görüşəndə Azərbaycan haqqında da danışıram. Azərbaycanın
xaricdə təbliğatı mənim üçün vacibdir. Mən ova gedəndə hər kəsə
üzərində Azərbaycanla bağlı yazılar olan köynəklər geyindirirəm.
Ayrıca mən hara ova gedirəmsə, ora Azərbaycanın bayrağını sancıram.
Mənə deyirlər ki, bura gələn yoxdur deyə, bayrağı görən olmayacaq.
Mən də deyirəm ki, vertolyotla uçanların görməsi üçün bayrağı
burada sancıram. Yəni dünyanın ən tanınmış insanlarının ov üçün
gəlib gedə bilmədiyi əlçatmaz yerə məhz azərbaycanlı gedir və orada
Azərbaycanın Dövlət bayrağı dalğalanır. Bununla yanaşı, kampımın
üzərində də hər zaman Azərbaycan bayrağı asılır.

– Dünya şöhrətli ovçuları Azərbaycana gətirə
bilirsinizmi?

– 15 ildən artıqdır ki, dünya şöhrətli insanlar mənim dəvətimlə
Azərbaycana leqal ova gəlir və qonağım olurlar. Elə son gələnlərdən
biri İsveç futbolçusu Zlatan İbrahimoviç idi. Yəni dünyada başqa
tanınmış çox insanlar var ki, Azərbaycanda gəlib ov edirlər. Bu
insanlar bizi sayıb gəlirlər. O adam keyfiyyətlidir ki, onun çoxlu
əlaqələri var.
Hər insan harasa gedəndə bilməlidir ki, kimin yanına gedir. Əgər
onun kalibri dəvət edən adamla eynidirsə, bu dəvəti qəbul edir. Biz
özümüz də xaricdə harasa dəvət ediləndə bu kimi məsələlərə xüsusi
diqqət edirik. Yəni bizi dəvət edən dünya şöhrətli adamdırsa, onun
beynəlxalq arenada xüsusi çəkisi varsa, onun dəvətini qəbul edib
gedirik.

– Bildiyimiz kimi, Azərbaycana turist axını gücləndikcə,
turizm sahəsi üzrə yeni istiqamətlərin yaranması zərurətə çevrilir.
Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli
şərait varmı?

– Ölkəyə turist axınını artırmaq üçün ov birinci vasitədir.
Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək olar, amma bu iş
hökmən dövlət nəzarəti altında olmalıdır. Çünki ov hər hansı
heyvanın qırılıb yox olmasına gətirib çıxara bilər. Keniyanı misal
çəkim. Keniyada ov etməyə icazə verilmir. Heyvan çoxdur, amma ov
yoxdur.
Peşəkar ovçu hər qarşısına çıxan heyvanı vurmur. O seçib heyvanın
ən qocasına güllə atır. Xaricdən gəlib ev etmək istəyən qonağı biz
müşayiət edirik. Biz ona istiqamət veririk ki, hansı heyvanı vurmaq
olar və ya olmaz. Biz özümüz də hansısa ölkəyə gedəndə ov üçün hər
heyvan növündən asılı olaraq rəsmi lisenziya alaraq ödəniş
edirik.

– Elə heyvanlar var ki, onların sayı lazım olandan daha
çoxdur və ovlanması vacibdir. Azərbaycanda təbiətə ziyan verən belə
heyvanlar varmı?

– Buna misal olaraq deyim ki, canavarların Azərbaycanda
təhlükəsi var. Eyni zamanda çaqqalların və yenotların da
azaldılması mütləqdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin verdiyi
məlumata görə, canavarlar maralları və dağkeçilərini yeyirlər. Bu
da həmin heyvanların təbii artımının qarşısını alır. Canavarları da
tələ qurmaq və ya zəhərli dərmanlarla yox, ancaq ov üsulu ilə
azaltmaq olar. Çünki ovçu gözlə görüb vurur.

– Azərbaycanda ovçuların peşəkarlaşmasına nə dərəcədə
ehtiyac var?

– Azərbaycanda ovçuluq tam dövlət nəzarəti altında
olmalıdır.Bizim əsas məqsədimiz Azərbaycanda pərakəndə ovçuluq
məsələsini aradan qaldırmaqdır. Buna görə də Azərbaycanda ovçuların
peşəkarlaşmasına çalışırıq. Həmçinin Azərbaycandan xaricə ov təşkil
edirik. Həmkarım Asif İlyasovla birgə real ov filmləri çəkib
dünyaya yayırıq. Bütün dünya bizi Safari Ov Klubu Azərbaycan
(safari.az) adı ilə tanıyır.
Biz müxtəlif beynəlxalq ov cəmiyyətlərinin tədbirlərində iştirak
edirik. Fəaliyyətimiz dəfələrlə qiymətləndirilib. Elə bu günlərdə
ABŞ-da Beynəlxalq Ov Cəmiyyəti tərəfindən təltif edildik.


– Sizin ovçuluq sahəsində müəlliminiz olubmu?

– Mənim bir müəllimim olub, o da həyatdır. O məni möhkəm döyüb.
Şəxsi mənafe və şöhrəti düşünmədən həyatımı sürmüşəm. Etdiyim
işlərin nəticəsində dünyanın müəyyən dairələrinin diqqətini
çəkmişəm. Buna görə də dünya məni tanıyıb.
Bilirisiz, bizim daxilimizdə hər şey var. Biz, sadəcə, ondan tam
istifadə edə bilmirik. Ona görə də gərək insan adlı mexanizmi
işlətməyin ustası olasan. Allah insanı ideal yaradıb. Buna görə də
insan çox böyük məxluqdur. Hər şey insanın anlamından asılıdır.
Mənim üçün insanın əsas şəxsiyyəti önəmlidir.

– Siz ovçuluqdan nə kimi mənəvi zövq
alırsınız?

– Ovçuluq mənim daxili qidamdır. Mən əsas vaxtımı daxilimi
nizam-intizama salmağa və enerji balansımı qorumağa sərf edirəm.
Mən vaxtdan istifadə edib öz daxilimi enerji ilə yükləyirəm. Bütün
bunları mən ovçuluqla edirəm.

– Sizin üçün əlçatmaz olanı edibsinizmi? Yəni ovçu olaraq
öz istəyinizə çatıbsınızmı?

– Mən hər zaman qarşıma ən çətin hədəflər qoymuşam və bu hədəflərin
maksimum dərəcədə yerinə yetirilməsinə can atıram. Bəli, mənim üçün
əlçatmaz olanı çoxdan etmişəm. Və mənim etdiyimi hər ovçu edə
bilməz…

– Növbəti ovunuzu harada etməyi
planlaşdırırsınız?

– Ov edilməyən yerlərə dəvət almışıq. Planımız Yeni Qvineyaya
getməkdir. Mən oxla da yaxşı atıram. Yeni Qvineyada adamyeyən
qəbilələr var. Onlarla ov edəcəm.

– Dünyanın Azərbaycana marağını artırmaq üçün nə etmək
lazımdır?

– Dünyanın Azərbaycana marağını artırmaq üçün insan faktoru
məsələsi önə çəkilməlidir. Yəni azərbaycanlılar öz
qəhrəmanlıqlarını ölkə daxilində deyil, xaricdə göstərməlidirlər.
Çünki ölkə daxilində onu kimsə görmür. Xaricdə bütün sahələrdə
tanınmış şəxslərin sayı artmalıdır. Ölkənin qiyməti onun
şəxsiyyətlərinə görə verilir.

Mən 80-dən çox ölkədə olmuşam və bütün qitələrdə ov etmişəm.
Ovladığım heyvanların vətənimdə yaratdığım şou-rumda canlı
obrazlaşdırılmış kolleksiyasını etmişəm. Biz bu işə bir neçə
ölkənin mütəxəssislərini cəlb edirik. Bununla cəngəlliklərin
reallığını göstərirəm. Bura gələnlər gördüklərinə heyran
olurlar.
Nəzərə alın ki, ovçuluq yüksək sferadır. Dünyaya göstərmək
istəyirik ki, Azərbaycanda da bu sahəyə uyğun şəxsiyyət var.
Xaricdə soydaşlarımız Azərbaycanda da belə işlərin görülməsi
haqqında fəxrlə danışa bilərlər. Demək, bütün iş həll olunub. Yəni
artıq biz varıq. Bir günə 10 ilin işini görürük. Çünki biz
Azərbaycan üçün yetişmişik. Bir ölkənin hər hansı sahəsi üzrə
insanının tanınması, bu ölkənin dünyada tanınması deməkdir.

Qeyd: İnsan kapitalı üzərində brendləşməyə xidmət edən
“Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf
və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə
tərəfindən könüllü olaraq icra edilir. Layihənin məqsədi insan
kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib
dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin
nəzərinə çatdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp