MTRŞ “istinad problemi”ndən danışdı: Son qərarı məhkəmə verir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Çox təəssüf ki, bu gün elektron mediada, istinad
məsələsi aktual bir problemə çevrilib. Bir sıra hallarda televiziya
və radioların xəbər-informasiya buraxılışlarında da xəbərin ilkin
mənbəyinə istinad edilməməsinin şahidi oluruq”.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ)
Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, bu hal kütləvi olmasa da, hər halda müşahidə
edilir:

“Əlbəttə ki, hər bir media orqanı, jurnalist, müxbir öz
həmkarına, onun zəhmətinə, əməyinə hörmət etməyi, dəyər verməyi
bacarmalıdır. Bu, ilk növbədə mənəvi məsələdir, bir növ
mədəniyyətdir. Ən əsası isə hüquqi məsələdir. Hər kəsin, hər fiziki
və hüquqi şəxsin müəlliflik hüququ var. Müəlliflik hüququ pozulan
hər kəsin qanunvericiliyin verdiyi imkanlar çərçivəsində öz
haqlarını tələb etməsi normaldır”.

T.Dadaşov vurğulayıb ki, əgər müəlliflik hüququnun pozulması ilə
əlaqədar hansısa məhkəmə qərarı olsa, bu, bir presedent yaradacaq
və digərləri artıq bu cür hallardan çəkinəcəklər:

“Hesab edirəm ki, bu, baş verərsə, mediada istinad
mədəniyyətinin inkişafına xidmət etmiş olacaq. “Televiziya və radio
yayımı” haqqında qanunda yayımçıların müəlliflik hüququ adlı xüsusi
maddə var (39-cu maddə). Bu maddə teleradio yayımçıları arasında
müəlliflik hüququ və istinad məsələlərini tənzimləyir. Belə ki,
burada göstərilir ki, yayımçılar yayımladıqları verilişlər
(filmlər) və proqramlar üzərində imzaladıqları müqavilələrin
verdiyi səlahiyyət çərçivəsində müəlliflik hüququna malikdirlər.
Yayımçı digər teleradio yayımçılarının proqramlarından
(verilişlərindən) yalnız onların rəsmi razılığı ilə istifadə edə
bilər”.

T.Dadaşov qeyd edib ki, mülkiyyətçinin razılığı olmadan
proqramların (verilişlərin) digər təşkilatlar tərəfindən yayımı,
keçirilməsi (tirajının çoxaldılması), satılması və kütləvi nümayişi
qadağandır:

“Başqa yayımçıların proqramlarından (verilişlərindən) qısa
fraqmentlər, – hər proqramdan (verilişdən) 20 saniyədən, hər
filmdən 5 dəqiqədən çox olmamaqla, – habelə tədris müəssisələrində
istifadə üçün götürüldüyü hallarda razılıq tələb olunmur.
Proqramlardan (verilişlərdən) müvafiq razılıq olmadan bu qanunun
tələblərini pozaraq istifadə edildikdə, yayımçı vurulmuş zərərin
ödənilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. Lakin
qeyd edək ki, bu məsələ ilə bağlı hazırda hansısa bir hala, yəni
mübahisəyə rast gəlinmir. Göründüyü kimi, teleradio yayımı haqqında
qanunvericiliyə əsasən, müəlliflik hüququnun pozulması ilə bağlı
son qərarı məhkəmə verir. Bu mənada digər elektron KİV orqanları da
belə hallarla rastlaşdıqda məhkəmələrə müraciət etməli və haqlarını
tələb etməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp