Megriban Əliyeva və Leyla Əliyeva “Bir ailə” bədii filminin təqdimatında iştirak etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin
təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin
100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu
görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii
filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak
ediblər.

Azərbaycan kinosunun tarixi xalqımızın
salnaməsidir

Filmin nümayişindən əvvəl çıxış edən “Ədibin Evi”nin nümayəndəsi
Elnur İmanbəyli bu mədəniyyət ocağının gördüyü işlərdən söz açıb.
Deyib ki, son bir ildən artıq müddətdə “Ədibin Evi”nin
fəaliyyətinin çox vacib bir hissəsini görkəmli ədib və alim Mir
Cəlalın ədəbi və elmi irsinə dair materialları toplamaq təşkil
edib. Bu məqsədlə “Ədibin Evi” Milli Arxiv İdarəsi, Milli Kitabxana
ilə çox sıx işləyərək Mir Cəlalın səs yazılarını, əlyazmalarını bir
araya gətirib oxucular və tədqiqatçılar üçün əlçatan etməyə
çalışır. Bugünkü tədbir də bu mənada önəm daşıyır. Çünki Mir
Cəlalın ssenari müəllifi olduğu “Bir ailə” filmi yenidən
ictimaiyyətə təqdim edilir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı
katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev ekran əsərinin
ölkəmizə qaytarılması və bərpa edilməsi barədə danışıb. Ümummilli
lider Heydər Əliyevin ötən əsrin 70-ci illərinin ortalarında
kinematoqrafçılarla görüşündə “Azərbaycan kinosunun tarixi
xalqımızın salnaməsidir” fikrini xatırladan Cəmil Quliyev “Bir
ailə” filmini bu gün bu salnaməni yaradan və yaşadan ekran əsəri
kimi səciyyələndirib. O deyib: “Bu il “Bir ailə” filminin 75 illik
yubileyidir. Bu yubiley çox əlamətdar bir dövrə düşür. Bu il biz
görkəmli ədib, alim, istedadlı pedaqoq Mir Cəlal Paşayevin 110,
böyük bəstəkar Qara Qarayevin 100, həmçinin Azərbaycan kinosunun
120 illik yubileylərini qeyd edirik. Bu tədbirlərlə bağlı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müvafiq sərəncamlar
imzalayıb”.

Fransa kinematoqrafiyasının görkəmli xadimi Anri Lanqluanın
“Filmlərin taleyi insanların taleyinə bənzəyir. Hər bir yaradılan
filmin üzərində zamanın izi qalır. Filmə yanaşarkən ona zamanın
prizmasından baxmaq lazımdır” fikrini xatırladan Cəmil Quliyev “Bir
ailə” filminin də bu qəbildən olduğunu söyləyib.

Bildirilib ki, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın
təşəbbüsü ilə bərpa olunub. Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin köməyi ilə Rusiyadan gətirilmiş bu ekran əsəri hazırda
Dövlət Film Fondunda saxlanılır.

Filmin çəkilişləri çox çətin dövrdə, İkinci Dünya müharibəsi
illərində aparılıb. O zaman sovet rejissorları Qriqori Aleksandrov
və Aleksandr İvanov Bakıya gəlmişdilər. Bakı Kinostudiyasında üç
film – “Xəzər dənizçiləri” sənədli filmi, “Bir ailə” və “Sualtı
qayıq T9” bədii filmləri çəkildi. Əfsuslar olsun ki, bu filmlərin
ekranlara çıxmasına qadağa qoyuldu. Çünki bu filmlərdə Azərbaycan
xalqının şücaəti, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbə
qazanmaq naminə misilsiz xidmətləri tərənnüm olunurdu. Təbii ki,
bu, Moskvada, Kremldə əyləşənlərin xoşuna gəlməmişdi. Ona görə də
bu filmlərə qadağa qoyuldu.

“Bir ailə”nin əsas qəhrəmanı Azərbaycan
xalqıdır

Filmin çox cəsarətli ekran əsəri olduğunu vurğulayan Cəmil
Quliyev deyib: “Bu filmdə heç bir şüar yoxdur. Filmin əsas
qəhrəmanı Azərbaycan xalqı, onun fədakar övladlarıdır. Ekran
əsərində çox maraqlı qadın surətləri də var. Onlar Azərbaycan
qadınının vətənpərvərliyini, gücünü əks etdirir. Filmin bütün
dramaturji quruluşu və bədii təsviri Mir Cəlal Paşayevin rəhbərliyi
altında həyata keçirilib”.

Diqqətə çatdırılıb ki, bu filmdə ilk dəfə Azərbaycan kinosunda
kinosimfonizmdən istifadə olunub. Burada musiqi ilə təsvirin
vəhdəti tamaşaçını heyran qoyur.

“Sənət ölməzdir. Azərbaycan kinosunun uğuru olan bu filmin
yenidən bərpa olunması və ekranlara çıxması sənətin ölməzliyinin
təsdiqidir”, – deyə Cəmil Quliyev vurğulayıb.

Sonra filmin nümayişi oldu.

1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film
İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə
Azərbaycan neftinin rolundan və xalqımızın vətənpərvərliyindən bəhs
edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara
Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori
Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov
Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər.
Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.

Sovet arxivlərindən tapılan sənəddə filmə qadağa qoyulması ilə
bağlı yazılıb: “Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və
həmin müharibədə Kommunist Partiyasının rolu kifayət qədər əks
olunmayıb”… Səbəb aydındır: Mir Cəlal Paşayev öz ssenarisində
göstərirdi ki, müharibənin bütün yükü sadə xalqın üzərinə düşür. O,
öz çörək payını da müxtəlif millətlərin Bakıya təxliyə edilmiş
nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən,
fədakarlığından bəhs edirdi. Amma ssenaridə partiya fəallarının
mənəviyyat moizələrinə, nitqlərinə yer verilməmişdi… Məsələnin
kökündə həm də Azərbaycana qarşı müstəmləkəçi və qısqanc baxış
dayanırdı. Elə Bakıya Qəhrəman şəhər adı verilməməsinin də səbəbi
bu idi…

Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan
ibarətdir. Ekran əsərinin süjeti cəbhədə olan azərbaycanlı tankçı
Nəcəfin birgünlük məzuniyyət zamanı aşiq olduğu Katya adlı rus qıza
məhəbbəti ətrafında qurulub. Belə ki, əsgər yoldaşı yaxınlıqdakı
şəhərdə tanış-bilişi olmayan Nəcəfə öz ev ünvanını verir. Nəcəf isə
ünvanı səhv salır, başqa ailənin qapısını döyür. Ailə onun səhv
gəldiyini bilsə də, üzünə vurmur, mehribanlıqla qarşılayır. Bir
gündə Nəcəflə ailənin qızı Katya arasında sevgi bağı yaranır. Katya
rolunu Lyubov Orlova, Nəcəf rolunu isə görkəmli aktyor Xosrov
Məlikov ifa edib.

Naməlum şedevr

Sovet kinosunun ulduzlarından biri Lyubov Orlova xatırlayırdı:
“Bakı qaçqınlarla dolu idi, almanlar isə artıq Krımı, Rostovu alıb
Qafqazın üzərinə yeriyirdilər. Biz isə Bakı Kinostudiyasından
çıxmayaraq gecə-gündüz çəkiliş aparırdıq”.

Kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları”
kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: “Çəkiliş
zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalı idi.
Rejissorun və Orlovanın xahişi ilə çəkiliş meydançasına hərbi
hissədən tank gətirilir. Tankın çəkilişdən sonra hərbi hissəyə
qaytarılacağı deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif
nöqtələrdən dörd kamera çəkməli idi. Amma tank həqiqətən partlayır.
Həyəcan siqnalı verilir və partlayış səsinə yaxınlıqda yerləşən
hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə
alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki
partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər.
Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib.
Beləliklə, cəbhəyə göndəriləcək tank məhv olub…”

Tanınmış kinoşünas Ayaz Salayev filmlə bağlı fikirlərini
jurnalistlərlə bölüşərkən deyib: “Bir ailə” filmi naməlum
şedevrdir. Bu, Azərbaycan kinosunda ilk filmdir ki, müstəqilliyin
ab-havası duyulur. Bu da Mir Cəlal Paşayevin ssenarisi əsasında
reallaşıb. “Bir ailə” Azərbaycanın son dərəcə ləyaqətli
övladlarının İkinci Dünya müharibəsində əvəzsiz rolundan bəhs edən
filmdir. Bu gün bu filmin üzə çıxması çox əhəmiyyətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp