Gecə saat 1-də qapını döyürlər ki…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün su filtrlərinin satışı ilə məşğul olan
şirkətlərin sayı kifayət qədər çoxdur. Şirkətlər arasında rəqabət
isə insanları çaş-baş salıb. Əməkdaşlar məhsullarını elə reklam
edir, vətəndaş bilmir ki, evində bir stəkan su içsin, yoxsa
içməsin? Doğurdanmı içdiyimiz su bizi ölümə, sağalmaz xəstəliklərə
bir addım da yaxınlaşdırır?

Paytaxtda, eləcə də digər bölgələrdə sakinlər deyir ki,
gecə-gündüz filtr satanların əlindən boğaza yığılmışıq. Filtr
satmaq üçün əllərindən gələni edirlər. Ev sahibləri deyir ki,
şirkətdən gələn işçilər gətirdikləri xüsusi qurğu vasitəsilə suyun
tərkibini yoxlayırlar. Yoxlama zamanı isə suyun üzünə qalxan çirkli
maddələr və bulanıq qat bizi məyus edir. Bu da içdiyimiz suyun
yararsız olduğunun sübutudur. Amma bu onların reklam etdikləri
filtrlərin problemi aradan qaldıracağına da dəlalət etmir. Filtrin
keyfiyyətli olub-olmadığını bilmirik, həm pulumuz gedir, həm
rahatlığımız.

Günün birinci yarısı əksər insanların işdə olduqlarını
düşündükləri üçün, bu cür reklam xarakterli “ziyarətlər” günün
ikinci yarısına, bəzən də kifayət qədər gec saatlara təsadüf edir.
Bu isə əlbəttə ki, insanların istirahətini pozur və vətəndaşı
narahat edir…

Suyun tərkibində xlor, dəmir, mis, sink, arsen, benzol, fenol,
civə, dizentiriya yaradan bakteriyalar, mikroblar və viruslar
mövcud ola bilər. Keyfiyyətsiz, tərkibində ziyanlı komponentlər
olan su insan sağlamlığı üçün təhlükəlidir. Son dövrlər istehlak
bazarında su filtlərinin müxtəlif çeşidləri təklif edilir:
kuzə-filtrlər, krana taxma filtrlər, stasionar filtrlər, sənaye
təmizləyici qurğuları və s. Bəzən satılan filtrlər keyfiyyət
tələblərinə cavab vermir və alınan qurğu suyu kifayət qədər yaxşı
təmizləmir.

Bəs filtrlərin keyfiyyət dərəcəsi dövlət proqramları
əsasında yoxlanılırmı?..

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir
ki, ölkəmizdə su filtrlərinin satışı ilə məşğul olan 20-yə yaxın
şirkət fəaliyyət göstərir:

“Bu cür qurumların sayı artmaqdadır. Keyfiyyət, kəmiyyət fərqi
isə dəyişməz olaraq qalır. Artıq onlayn satış üsulu ilə də filtr
almaq mümkündür. Bu məsələdə isə əsas problemlərdən biri alınan
məhsulun keyfiyyətsiz çıxdığı təqdirdə geri qaytarıla bilməməsidir.
Digər satış müəssisələrində də vəziyyət demək olar ki, eynidir.
Əksər hallarda alıcılara kassa çeki verilmir. Düşünürəm ki, bütün
sahələrdə müəyyən zamanlarda monitorninqlər aparılmalıdır. Eləcə də
su filtri bazarında. Keyfiyyətsizliyin aşkarlanması üçün dünya
ölkələrində – ABŞ, Rusiya, Yunanıstanda tətbiq edilən vasitələr
bizim ölkəmizdə də tətbiq edilir. Azərbaycanda bu yolla suyun
tərkibi yoxlanıldı və iddia edildiyi kimi problemlər aşkarlanmadı.
Burdan bu qənaətə gəlmək olur ki, su filtrlərinin satılması üçün
yaranan kommersiya marağı insanların aldadılmasına zəmin
yaradır.

Onlar sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılmasından istifadə edirlər və keyfiyyətsiz malları əhaliyə
təklif edirlər. Təbii ki, su filtrlərinin içərisində keyfiyyətli,
həqiqətən də yararlı məhsullar ola bilir. Lakin təəssüf ki,
istehlakçıların qorunma siyasəti zəifdir. Bu da əhalinin
aldadılmasına gətirib çıxarır”.

E.Hüseynov şirkət əməkdaşlarının insanları gecə
saatlarında narahat etməsinin qəbuledilməz olduğunu da diqqətə
çatdırıb:

“Hər bir işin müəyyən görülmə çərçivəsi var. İnsanlar şikayət
edirlər ki, hətta gecə saat 1-2 radələrində qapıları döyürlər. Sual
oluna bilər ki, insanlar bu saatda niyə qapı açırlar? Məsələ
burdadır ki, qapını döyən şirkət əməkdaşları “dövlət proqramı
əsasında yoxlamalar keçiririk” deyərək, ev sahiblərini qapını
açmağa vadar edirlər.

Əfsuslar olsun ki, bu faktdır, vətəndaşı belə aldadırlar.
Əslində bu məsələ ilə bağlı “Azərsu” zəruri tədbirlər görməlidir.
Lakin nədənsə onlar bu cür faktlara kənardan izləyici kimi baxmağa
üstünlük verirlər. Halbuki qurum məsələ ilə bağlı birmənalı
mövqeyini ortaya qoymalıdır. Ya suyun təmiz olduğun sübut etməli,
ya da su filtrçilərinə haqq qazandırmalıdır. Biz özümüz də daxil
olan şikayətlər əsasında dəfələrlə “Azərsu”ya müraciətlər etmişik.
Lakin heç bir nəticə olmayıb”.

Qurtum-qurtum ölüm?

Suyun tərkibinin Səhiyyə Nazirliyinin müvafiq
standartları əsasında müəyyən edilib-edilmədiyinə isə “Azərsu” Açıq
Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı
aydınlıq gətirdi. O dedi ki, bu cür şirkətlər məhsul satmaq
xatirinə vətəndaşları xüsusi üsullarla aldadırlar:

“Su filtrləri satan şirkətlərin suyun tərkibini müəyyən edəcək
nəzəri biliklərə sahib olmadıqları aşikardır. Bu mövzuda fikir
söyləmək üçün ən azı bu sahə üzrə (tibb, kimya və biologiya)
biliklərə sahib olmaq lazımdır. Heç bir təhsili olmayan gənc
əməkdaşlarının axşamlar qapı-qapı gəzərək şəbəkədən verilən suyun
keyfiyyətsiz olduğunu iddia etməsi və vətəndaşları buna inandırması
isə bilavasitə əsassızdır. Biz hər zaman vətəndaşlara izah edirik
ki, bu kimi vəziyyətlərdə istifadə edilən suyun elektroliz cihaz və
TDS aparatı ilə yoxlanması sadəcə oyundur. Birmənalı şəkildə
insanları aldatmağa yönəldilib.

Elektroliz cihazının təsirindən suyun üzərində yaranan
tünd-yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və
çirklənmənin deyil, əksinə, onun tərkibindəki mineralların
elektroliz yolu ilə oksidləşmə və reduksiya prosesi nəticəsində
əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin
göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə,
deməli, bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış
“ölü” sudur.

Ümumiyyətlə, gündəlik istifadə etdiyimiz və içdiyimiz su o vaxt
yararlı hesab edilir ki, TDS aparatı ilə yoxlama zamanı suyun
göstəricisi 1000 ppm-ə qədər olsun. Şəbəkə sularında isə bu
göstərici 300-600 ppm arasında dəyişir. Təbii ki, vətəndaşların bu
sahədə biliklərinin az olmasından yararlanan filtr satan şirkətlər
yalan məlumatlarla məhsula qarşı maraq yaradaraq satış həyata
keçirməyə çalışırlar”.

İstər Abşeron yarımadasında, istərsə də regionlarda
əhaliyə verilən suyun bütün standartlara tam uyğun olduğunu deyən
Anar Cəbrayıllı buna birbaşa Səhiyyə Nazirliyinin mütəxəssilərinin
nəzarət etdiyini də əlavə edib:

“Bu gün respublika ərazisində içməli suyun keyfiyyətinə dövlət
nəzarətini birbaşa Səhiyyə Nazirliyi həyata keçirir. Onların
mütəxəssisləri tərəfindən aparılan monitorinqlərin cavabları isə
hər şeyin qaydasında olduğunu göstərir. Bu dəfələrlə bəyan edilib
ki, vətəndaşlar rahat olsunlar, verilən suyun tərkibində
standartlardan kənarlaşmalar müşahidə olunmur”.

20-yə yaxın şikayət…

Su filtrləri ilə bağlı vətəndaşların İqtisadiyyat
Nazirliyinə şikayətlərinin sayı da az deyil. İqtisadiyyat
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, ötən
il Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinə məsələ ilə bağlı 20-yə yaxın şikayət daxil
olub:

“İstehlakçıların irəli sürdüyü tələblər haqlıdırsa, mütləq
şəkildə yerinə yetrilir. Bununla bağlı istehlakçılara izahat
verilib”.

Abbas Əliyev qeyd edib ki, bu sahədə fəaliyyət göstərən
çoxlu şirkətlər, mağazalar var. Lakin keyfiyyətli mal əldə etmək
istəyən vətəndaşların su filtrləri alarkən ixtisaslaşmış firma
mağazalara müraciət etmələri tövsiyə edilir:

“Satışa çıxarılan malların keyfiyyət göstəricilərinin qeyd
edildiyi sertifikat olur. Alıcı bunu mütləq şəkildə təqdim
etməlidir. Əgər filtrlərin uyğunluq sertifikatı varsa, deməli,
onların keyfiyyəti araşdırılıb, standartlara uyğun olduğu üçün də
sertifikat verilib. Sertifikat yoxdursa, demək o malın keyfiyyətinə
kimsə zəmanət verə bilməz. Kustar üsulla hazırlanıbsa, belə qurğuya
heç kəs zəmanət vermir. Su filtrləri alan şəxs onların
komplektliyinə də diqqət etməlidir. Hər bir istehlakçı bilməlidir
ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında
yerləşdirilibsə, onların üzərində malın adı, markası, modeli,
qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks
etdirən qısa annotasiyası olmalıdır. Alıcı malı alarkən istehsalçı
tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədi,
satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimat və sair
sənədləri də almağı unutmamalıdır . Satıcı isə istehlakçının malın
keyfiyyətinə dair bütün tələblərinə cavab verməyə borcludur”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp