“Biz 2018-ci ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük”- MÜSAHİBƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yaxın illərdə Azərbaycan bank bazarının inkişaf
istiqamətlərini necə dəyərləndirirsiniz?
Unibank üçün
2018-ci ildə əsas hədəflər nə olacaq? Bank sektorunda gözləntilərlə
bağlı suallarımızı “Unibank” Kommersiya Bankı İdarə heyəti sədrinin
1-ci müavini, Baş risk inzibatçısı Asəf Hüseynov
cavablandırıb.

– Asəf müəllim, ötən il Unibank üçün də yadda qalan
illərdən biri oldu. Son illərin o qədər də asan olmayan maliyyə
vəziyyətindən sonra bank ili mənfəətlə başa vurdu.

– Təbii ki, son illərdə iqtisadiyyatda baş verənlər, xüsusən də
neftin qiymətinin düşməsi Azərbaycanın öz makroiqtisadi
göstəricilərində dəyişiklik etmək zərurəti yaratdı. Nəticə olaraq,
2015-ci və 2016-cı illərdə ÜDM-in azalması, iqtisadiyyatın
sıxılması iqtisadiyyatın qan damarları olan bankların kreditləşmədə
iştirakının və ümumilikdə aktivliyinin azalmasına da gətirib
çıxardı. 2017-ci ildə iqtisadi azalma dərinliyin ən pik nöqtəsinə
çatıb dayandığından, ötən ilin ortasından başlayaraq bank
sektorunda kreditləşmənin aktiv fazaya keçməsi müşahidə olundu.
Ümumilikdə isə makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsi və
eyni zamanda Unibankda baş verən bir sıra inistisional və digər
effektivliyi artıran islahataların nəticəsi olaraq, bank 2017-ci
ili mənfəətlə başa vurmağa nail oldu.

– Böhrandan danışmışkən, hər bir çətinliyin belə, bir
təcrübə olduğunu xatırlasaq, maliyyə bazarında son illər yaşananlar
banklara nə qazandırdı?

– Böhran həmişə böyük təcrübə deməkdir. Biz də Unibank olaraq,
bu təcrübədən faydalanmışıq. Böhran bizi daha möhkəmlətdi. Böhranın
nəticəsi olaraq, bank sektoru borc yükünün artması, diversifikasiya
kimi məsələlərə daha çox əhəmiyyət verməyə başladı. Xüsusilə də
böhran xarici valyutada olan kreditlərə daha konservativ yanaşmada
bankların bir qədər də tələbkar olmasını zəruri etdi.

– Maliyyə bazarında nisbətən sabitləşmə və inkişaf
dövrünün başlandığını nəzərə alsaq, Unibank üçün 2018-ci ildə əsas
hədəflər nə olacaq?

– Bizim 2018-ci illə bağlı hədəflərimiz çoxdur. Bir çox reytinq
agentlikləri, eyni zamanda Azərbaycan Respublikası Maliyyə
Nazirliyi, Dünya Bankı, BVF və digər qiymətləndircilərin
proqnozlarına görə, 2018-ci ildə ölkəmizdə ÜDM-in artımı baş
verəcək. Bu, xüsusilə “Şahdəniz” qaz yatağı ilə bağlıdır.
“Şahdəniz-2” layihəsinin reallaşması iqtisadiyyatımızı
canlandıracaq. Təbii ki, nəticə olaraq dövlət büdcəsinin artması və
iqtisadiyyata investisiyanın çoxalması baş verəcək ki, bütün bunlar
bank sektorunun da canlanmasına səbəb olacaq. Unibank öz
strategiyasında bu amilləri nəzərə alır. Bank olaraq, biz 2018-ci
ili bank sektoru üçün çox məhsuldar il kimi görürük və kredit
portfelinin, bankın gəlirliliyinin artımının başlanğıc ili kimi
qiymətləndiririk. Hazırda ölkədə islahatların çoxu prezidentin
qəbul etdiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat
perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq aparılır. Bu
Strateji Yol Xəritəsinin qəbulu bank sektorunu da sevindirir. Çünki
bankların maraqları çərçivəsində bir çox islahatlar həyata
keçirilir. Xüsusən də bizim bankın strategiyasında vacib yer tutan
rəqəmsal bankçılıq prosesi ilə bağlı olaraq , dövlət qurumlarının
qanunvericiliyin çevik dəyişməsi və digər məsələlərin operativ
həllində fəallığını görürük. Nəzarət orqanının bank sektoruna yaxın
işləməsi və qanunvericilik bazasının dəyişməsi ilə bağlı səylərinin
artması, bankların rəqəmsal xidmətlərə transformasiyasını daha
sürətli edə bilər. Rəqəmsal bankçılıqla əlaqədar olaraq bankda baş
verən əməliyyatların onlayn kanallarla aparılması, satışın tam
rəqəmsal kanallarla təşkili əsas prioritetlərimizdən biridir.
Bununla bağlı daha mükəmməl bank məhsulunun yaradılmasını
hədəfləyirik. Yəni bu strategiyada məqsəd mövcud məhsulun satışı
yox, hər bir müştəriyə uyğun bank məhsulunun yaradılmasıdır.

– Ötən il Unibank ölkə qiymətli kağızlar bazarının fəal
iştirakçılarından biri oldu. Bu il qiymətli kağızlar bazarı ilə
bağlı hansı planlar var?

– Unibank olaraq 2018-ci ildə hədəflərimizdən biri qiymətli
kağızlar bazarıdır. Bildiyiniz kimi ötən il BFB-nin Listinq
proqramına daxil olmuşuq. Unibank qiymətli kağızlar bazarının,
xüsusilə kapital bazarın inkişafında maraqlıdır. Ölkədə üzən
valyuta rejimi olduğuna görə, bir çox banklar kreditləşmə
siyasətində valyuta risklərinə indi daha çox fikir verməyə
başlayıblar. Ölkə bank sektorunun öhdəliklərinin – depozit
portfelinin 70 faizinin dollarda olması, bankların aktivlərində
dollarda sərbəst vəsaitlərin olmasına səbəb olub. Belə vəsaitlərin
yerləşdirilməsi üçün kapital bazarlarına investisiya çox mühüm
əhəmiyyət kəsb edir. Unibank yeni bir biznes xətti kimi investisiya
bankçılığının inkişafını hədəf götürüb və artıq bu istiqamətdə
işləməyə başlayıb.

– Bankın strateji hədəflərindən biri də səhmlərinin
kütləvi yerləşdirilməsidir (İPO). Bu prosesi nə vaxta
planlayırsınız?

– Qiymətli kağızlar bazarının uzunmüddətli strategiyasında İPO
edilməsi də planda var. Yəni bank həm özü kapital bazarlarına
investisiya etmək, həm də öz səhmlərini kapital bazarına çıxarmaq
niyyətindədir. Bankın strategiyasına uyğun olaraq çox böyük
hədəflər müəyyən edilib. Buna nail olmaq üçün yüksək kapitallaşma
olmalıdır. Bu kapitallaşma üçün ilk növbədə İPO keçirilməsi
zəruridir. Bank sektorunun inkişafı indi elə bir mərhələdədir ki,
onun böyüməsi, genişlənməsi istiqamətində bu addımın atılması
zəruridir.

– Unibank üçün 2018-ci ildə aktiv sahələrdən biri də
yəqin ki, təsisçilərindən biri olduğu ilk özəl kredit
bürosunun- “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti üzrə
olacaq. Büronun fəaliyyəti bank və müştərilərə hansı faydaları
gətirəcək?

– Özəl Kredit Bürosunun yaradılması zərurətinə bir qədər
aydınlıq gətirək. Aydındır ki, bankların kredit məhsullarını daha
ucuz satması üçün onlarda risk premium, yəni bankın riskə görə
əlavə etdiyi dəyər daha aşağı olmalıdır. Risk premiumu azaltmaq
üçün müştərilərin təhlili, anderraytinqi çox yüksək səviyyədə
aparılmalıdır. Buna görə də Özəl Kredit Bürosunun fəaliyyətinə
ehtiyac var. Özəl Kredit Bürosu bütün bank sektoru üzrə məlumat
bazasına malik olduğu üçün bu baza əsasında xüsusi scorinqlər
hazırlaya, təhlillər həyata keçirə bilər. Bu, strateji layihədir və
Unibank qurumun 8 səhmdarından biri olmaqla, eyni zamanda Müşahidə
Şurasında da çıxış etməkdədir. Unibank Özəl Kredit Bürosunun tam
effektiv fəaliyyəti üçün hər zaman dəstəyini verməkdə davam edəcək.
Büro scorinq sistemi hazırlayacaq. Bu skorinq sistemi hər bir banka
öz müştərilərini təhlil etməyə imkan verəcək. Məhz bu təhlillərin
nəticəsi olaraq, kreditlərin verilməsi sürətinin artması və
keyfiyyəti yaxşılaşacaq. Kredit bürosunun yaradılmasında ali məqsəd
budur. Büronun müştərilər üçün də faydası çoxdur. Təhlillərin
nəticəsi kredit faiz dərəcələrinin uzun müddətli perspektivdə asağı
düşməsinə münbit şərait yaradacaq.

– Bu qədər yeniliklərin fonunda dünya bankçılıq
trendlərini nəzərdən keçirərək, yaxın illərdə Azərbaycan bank
bazarının inkişaf istiqamətlərini necə
dəyərləndirirsiniz?

– Hazırda bütün banklarda qeydə alınan ümumi tendensiya
effektivliyin artırılması və optimallaşdırma prosesləridir. Bu da
rəqəmsal bankçılıq trendinin artması deməkdir. Bazarda qabaqcıl
təcrübə var və bütün banklar bu qabaqcıl təcrübəni tətbiq etmək
istəyirlər. İnvestisiya bankçılığı bazarın yeni trendlərindən
biridir. Banklar artıq anlayır ki, yeni gəlirlər qazanmaq üçün ölkə
hüdudlarından kənara çıxmaq lazımdır. Digər bir tendensiya yəqin ki
maliyyə sektorunun şaxələnməsi olar. Azərbaycan bank sektorunda
mövcud makroiqtisadi vəziyyətdə təəssüf ki, maliyyələşmə mənbələri
ancaq depozitlərdir. Depozitlər isə qısamüddətli olduğundan,
banklar bu vəsaitlər hesabına yalnız qısamüddətli kreditlər verə
bilirlər. Banklar kiçik və orta sahibkarlığı və yaxud hansısa
startup-ları dəstəkləmək üçün uzunmüddətli maliyyələşmə mənbəyi
olaraq çıxış edə bilmirlər. Uzunmüddətli maliyyə mənbələrini həyata
keçirmək üçün özəl təqaüd fondlarının yaranmasına zərurət var ki,
bu mənbələri kimi yalnız dövlət vəsaitləri çıxış etməsin. Hazırda
Azərbaycanda uzunmüddətli maliyyələşmə mənbələri yalnız dövlət
fondları- İpoteka fondu, Sahibkarlığa Kömək Milli Fondudur. Kredit
Zəmanət Fondunun işə düşməsini gözləyirik. Bu isə təbii ki, biznesi
daha böyük pullarla maliyyələşdirməyə yetərli deyil. Özəl təqaüd
fondları minimum 10 illik yığımlar həyata keçirə bilər. Bu fondlar
öz vəsaitlərini hansısa bir yerə investisiya edərək, daha
uzunmüddətli saxlaya bilirlər. Bank əmin olacaq ki, həmin fondun
vəsaitləri 1-2 il deyil, daha uzunmüddətli qala bilər və stabildir.
Stabil maliyyələşmə mənbəyi olduğuna görə, bank da biznesin
tələbatına cavab verən uzunmüddətli kreditlər ayıra bilər.
Uzunmüddətli kreditləşməni həyata keçirmək üçün təqaüd fondlarının
yaradılması çox yaxşı çıxış yolu olardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp