Bəyin dostları toyda yedilər-içdilər, sonra…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Abşeron rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə
təqsirli bilinən Ağdam şəhər sakini, 1990-cı il təvəllüdlü Nicat
Baxışov və Təhmasib Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.

Publika.az xəbər verir ki, Nicat Baxışov 22
sentyabr 2015-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində
yerləşən “Nərgiz” şadlıq sarayında Söhbət İslamovun toy mərasiminə
dəvət olunmuş Ramin İbrahimov, Elşən Dərgahov və digər qonaqlar
zalda rəqs edib.

Toyda dava

Bu zaman toy sahibinin qohumu Təhmasib Qəhrəmanov rəqs edənlərin
musiqisini kəsib və toyda fasilə verib. Bundan sonra Nicat Baxışov
məclisi tərk edib və saat 21.30-da şadlıq sarayının qarşısında
dayanaraq toyda baş verənləri müzakirə etdikləri vaxt Təhmasib
Qəhrəmanov Elşən Dərgahovu qəflətən yumruqla vurub.

Bu səbəbdən onların aralarında dava düşüb. Spirtli içki qəbul
edərək sərxoş vəziyyətdə kənarda dayanmış Nicat Baxışov dostu Elşən
Dərgahovun digər şəxslər tərəfindən döyüləcəyi ehtimalını bəhanə
gətirərək heç bir əsaslı səbəb olmadan hadisəyə müdaxilə edib.

Nicat Baxışov onları sakitləşdirməyə cəhd edən Elnur Qəhrəmanova
və Buksay Zərbəliyevə zor tətbiq edib, bıçaqla Elnur Qəhrəmanova
bir dəfə zərbə endirib. O, sonra Buksay Zərbəliyevə qəsdən bir dəfə
bıçaqla vurub.

Cinayət işi: 3 maddə

İstintaq orqanı tərəfindən Nicat Baxışova Cinayət Məcəlləsinin
126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai
borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın
qohumları barəsində sağlamlığa ağır xəsarət yetirmə), 126.2.4-cü
(ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət
yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan
edilib. Digər təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin
221.3-cü maddəsi ilə ittiham olunub.

“Sərxoş olduğum üçün nə etdiyimi bilmədim”

Təqsirləndirilən şəxs qismində ifadə verən Nicat Baxışov
bildirib ki, sentyabrın 22-də dostu Elşən Dərgahov və Pərviz
Məmmədovla birlikdə digər dostları olan Söhbət İslamovun Abşeron
rayonu, Aşağı Güzdək qəsəbəsindəki “Nərgiz” şadlıq sarayında təşkil
olunmuş toy məclisində iştirak edib: “Toyda xeyli miqdarda araq
içərək sərxoş oldum. Saat 21 radələrində məclisdən çıxdıq. Şadlıq
sarayının qarşısında dayanaraq söhbət edərdik. Bu zaman Elşənlə
Söhbətin qohumları arasında dalaşma düşdüyünü, Elşənin üzünün qana
bulaşdığını və döyülmüş olduğunu gördüm. Sərxoş olduğum üçün nə
etdiyimi bilməyərək üzərimdə gəzdirdiyim bıçağı çıxardaraq Elşənlə
dalaşanların üstünə getdim. Onlardan iki nəfərin, adlarını sonradan
bildiyim Elnurun qarın nahiyəsindən, Buksayın isə kürək
nahiyəsindən vurdum. Sonra tanımadığım şəxslər Elşəni Pərvizin
avtomaşınına oturtdu, birlikdə hadisə yerindən getdik. Bu zaman
Elnuru və Buksayı vurduğum bıçağı hadisə yerindən bir qədər
aralıda, fərdi yaşayış evinin hasarının qarşısına atdım”.

“Anamla, bacımla rəqs etməyə başladı”

Digər təqsirləndirilən Təhmasib Qəhrəmanov qeyd edib ki,
sentyabrın 22-də Aşağı Güzdək qəsəbəsində yerləşən “Nərgiz” şadlıq
sarayında xalası oğlu Söhbətin toy məclisində anası, qardaşları
Elnur və Sənyar, digər qohumları, o, cümlədən dayıları, xalaları,
eləcə də, Söhbətin qonşuları və dostları da iştirak ediblər:
“Məclis əvvəlcə sakit şəraitdə, öz ahəngində davam edirdi. Təxminən
axşam saat 8-9 arası anam, bacılarım, xalalarım, onların gəlinləri
rəqs edərkən Söhbətin qonşularından olan bir nəfər onlarla rəqs
etməyə başladı”.

“Bəyin dostlarına şərait yaratdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, xalası oğlu Cambul həmin
oğlana yaxınlaşaraq qadınların arasından çıxmasını xahiş etsə də, o
buna əhəmiyyət verməyib və rəqs etməyə davam edib: “Bu zaman Cambul
təkrarən həmin oğlana yaxınlaşdı və qoluna girərək arxasınca foyeyə
tərəf apardı. Elnur və bir neçə qohumlarımız onları əhatəyə aldı.
Qardaşım Elnur Cambulu zala qaytardı. Ramin isə özü ilə bir masada
oturan digər şəxslərlə birlikdə zaldan çıxdı. Bundan az sonra dayım
Əflatun bəyin dostlarını içəri dəvət etdi. Musiqiçilərə istədikləri
mahnı sifariş verib, rəqs etmələrinə şərait yaratdı”.

“Dedi ki, ə, kələ mən səni tanımıram”

Təhmasib Qəhrəmanov bildirib ki, bəyin dostları da təxminən 20
dəqiqəyə yaxın rəqs ediblər: “Sonra mikrafonla məclisə plov
gətiriləcəyini elan edərək rəqs edənlərdən ortalığı boşaltmalarını
xahiş etdim. Bundan sonra rəqs edənlərin hamısı ortalıqdan çıxdı,
bəziləri masalarına qayıtdı, digərləri isə toy məclisinin
keçirildiyi sarayı tərk etdi. Sonra məclisə plov gətirildi,
süfrələrə paylandı. Sonra özüm isə küçəyə çıxdım. Bu vaxt təxminən
15-20 metr aralıda Söhbətin dostlarından bir neçəsinin qardaşım
Elnurla söhbət etdiyini gördüm. Elnur qarşısında dayanmış sonradan
bildiyimə görə ləqəbi “Pişik” olan Elşən adlı oğlana “bizdən
inciməyin, hamımız toy sahibinin yaxın adamlarıyıq, bir-birimizi də
yaxşı tanıyırıq, bunları nəzərə alaraq bir birimizin hərəkətini
acıqlı qəbul etmək lazım deyildir” dedi. Elşən bir əlini qardaşım
Elnurun çiyninə qoydu və dedi ki, ə, kələ mən səni tanımıram, sən
isə məni tanımalısan”.

“Qardaşımın köməyinə gələnin kürəyindən
vurdu”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində deyib ki, həmin
şəxsin qardaşına acıqlandığını gördüm və onlara yaxınlaşıb: “Onlara
yaxınlaşandan sonra Elşəni itələdim və yumruqla vuraraq yerə
yıxdım. Bu zaman Elşənin yanındakı oğlanlar, həmçinin özümün
qohumlarım bizi əhatəyə aldı. Buna görə də qarışıqlıq yarandı. Bu
zaman qardaşım Elnur kimin isə onu bıçaqla vurduğunu dedi. Elnurun
yaralandığını görərək onu kənara çəkdim. Eyni vaxtda məlum oldu ki,
qarışıqlıqda kim isə digər qardaşım Sənyarı da vurub. Daha sonra
isə xalamın əri Buksay Sənyarın köməyinə gələndə, Buksayı da kim
isə kürəyindən yaraladı. Sonra qardaşı Elnuru taksi ilə xəstəxanaya
apardıq”.

Toyda qan salanların cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Baxışov 8 il
müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Təhmasib
Qəhrəmanov isə aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 6
ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya
şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini
istəyiblər.

Bir müddət əvvəl onların şikayətinə Sumqayıt Apelyasiya
Məhkəməsində hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada
baxılıb. Hakim heyəti Nicat Baxışovun barəsində olan hökmdən
Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin xaric edilməsi barədə
qərar qəbul edib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Ali
Məhkəmədə kasasiya protestini araşdıran hakim heyəti apelyasiya
instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən
apelyasiya qaydasında araşdırılması barədə qərar qəbul edib.

Bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsində şikayət hakim Elman
Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti
Nicat Baxışovun şikayəti üzrə qərar elan edib.

Qərara görə, Nicat Baxışovun şikayəti qismən təmin edilib və
onun cəzası 7 ilə endirilib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp