Azərbaycan teatrını büdrəməyə qoymayan ƏSA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk və tək
inklüziv teatrı olan “ƏSA” uzun zamandır gözlənilən “Adamlar və
siçanlar – 2” tamaşasının nümayişini həyata keçirdi.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında
səhnələşdirilən tamaşaya maraq da böyük idi. Zalda boş yer tapmaq
olmazdı. Elə tamaşaçıların əksəriyyəti də müasir gənclər
idi.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con
Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında
hazırlanan tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad
Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə
tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov,
konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri
Tural Əlisoy, multimedia tərtibatıçısı Eltaj Zeynalov, surdo
(işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün
işarət dili ilə sinxron tərcümənin olması da ölkəmiz üçün ilk oldu.
Fiziki məhdudiyyətli şəxslər sadəcə səhnədə rolları ifa etmirdilər,
həm də tamaşaçılar arasında var idilər. Yəni, “ƏSA” bizim
aramızdakı bütün sərhədləri aradan qaldırmışdı.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Riad
Sultanov, Sənan Fərzəliyev, İmran Lalayev, Günay Məmmədova, Fərid Ə
Əlıyev, Asim Səfərov və Patti Smith canlandırırdı.

Tamaşa boyu aktyorların peşəkarlığı ilə yanaşı, səmimilikləri də
diqqət çəkirdi. Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər,
xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. İlk
nümayişdən sonra rəğbətlə qarşılanan tamaşa, bu dəfə tamaşaçıların
görüşünə fərqli quruluşda gəldi.

Müəllif Con Steybeyk ucaboy, yekəpər, bir az da ağıldankəm olan
baş obraz Lenni ilə bizə nə demək istəyib? Tamaşanın rejissoru bu
salın cavabını tapmaqda bizə yardımçı oldu.

Yekəpər Lenni siçanları çox sevirdi, sığallayanda iri əlləri ilə
istəmədən onları öldürürdü. Bunun üçün də o, qərar verir ki,
siçanlardan daha böyük olan dovşan saxlasın.

Yazıçı bu obrazla iki fikir çatdırır. Kortəbii sevgi ziyanlıdır.
Böyük insanların sevgisi kiçik insanlara ağır gəlir. Tamaşa boyu bu
iki fikir arasında gəl-get edirsən.

Bu tamaşa mədəniyyət və incəsənətin insanlar arasındakı
sərhədləri, maneələri çox asanlıqla aradan qaldıra biləcəyini bir
daha sübut edir. Aktyorlu, tamaşaçılı hər kəs bir bütün idi. Biri
digərinin ayaqlarına, o biri gözlərinə və ya qulaqlarına
çevrilmişdi. Ən əsası isə bu bütünlükdə hamı məmnun görünürdü.

Tamaşadan sonra izləyicilər arasında olan məşhur və
dəyərli aktyorumuz Fəxrəddin Manafov da bizimlə fikirlərini
bölüşdü.

– Təəssüf hissi ilə deməliyəm ki, ilk dəfə idi “ƏSA” teatrının
tamaşasını izləyirdim. Əminəm ki, tamaşanı izləyərkən keçirdiyim
hissləri uzun müddət unutmayacam. Tamaşanı seyr etdikcə, hadisələr
cərəyan etdikcə, aktyorları da diqqətlə izlədim. İstər-istəməz
düşünürdüm ki, hazırda bu səhnədən, zaldan, teatrdan qıraqda
sağ-salamat, əlləri-ayaqları olan gənclər çoxdur və çox heyf ki,
onların arasında narkotikə, içkiyə, ya digər zərərli şeylərə
qurşananlar var. Yekunda bir fikrə gəldim ki, bu böyük kainatda ən
güclü dərrakəyə sahib varlıq insandır və ən vacibi odur ki, insan
ağıldan, zəkadan qüsurlu olmasın. Məhdudiyyət əldə-ayaqda yox,
ruhda olur. Bax bu gənclər, bu aktyorlar məni bu fikrə gətirdilər
və bunun özü də çox böyük humanizmdir.

Teatrın rəhbəri Nihad Qulamzadə də bizimlə fikirlərini
bölüşdü:

– Tamaşa gözlədiyim kimi alındı. Ancaq bəzi texniki qüsurlar var
idi. Bu isə səhnə aldığımız teatrda yetərincə məşq etmə şansımızın
olmaması ilə bağlıdır. Sadəcə bir gün bu səhnədə məşq edə bildik.
Ümumilikdə isə hər şey gözəl oldu. Ən əsası aktyorlarımız rollarını
ürəklə canlandırdılar.

– Teatrınızın inkişafı göz qabağındadır. Sizcə müəllif bu əsər
ilə hansı mesajı vermək istəyirdi?

– Təşəkkür edirəm. Əsərə gəldikdə isə mövzu nə sosial, nə də
siyasidir. Əsərin mövzusu çox bəşəridir və həmişə aktual olacaq.
Con Steynbeyk bu əsərlə insanlara sevgi və dostluq hisslərini
aşılamaq istəyib, həmçinin bu dünyada hər kəsin tənha olduğunu da
göstərib.

Bəlkə də doğrudan bu dünyada hamı tənhadır, amma biz
həmişə “ƏSA”nın yanındayıq! Necə ki, o da bizim yanımızdadır. Bu
Əngəlsiz, Sərhədsiz, Azad gənclər Azərbaycan teatrını büdrəməyə
qoymayan “ƏSA” olacaq!

Ulucay Akif

Foto: Elnur Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp