Xocalı soyqırımı mənim şəxsi faciəmdir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin
rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı
haqqında yazdığı “Ağrı” romanı İtaliyada nəşr olunub.

Publika.az xəbər verir ki, Arye Qut kitabın
Romada təqdimatı mərasimində tanınmış italiyalı jurnalist Rok
Reynoldsa müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu “Globalist”
analitik-xəbər portalında dərc edilib.

-Siz İsrail vətəndaşlarısınız. Sizi Azərbaycanın bölgəsi
haqqında, eləcə də Ermənistanla münaqişə ilə bağlı yazmağa nə
həvəsləndirdi?

-Haqlısınız, atam və mən İsrail Dövlətinin tamhüquqlu
vətəndaşlarıyıq. İsrailə və yəhudi xalqına tam bağlı olan
israilliyik, eyni zamanda, öz vətənimiz olan Azərbaycanı sevirik,
onu unuda bilmərik. Oğlum Aviel də unutmayacaq ki, onun atası və
babası “Odlar Yurdu”nda doğulublar. Atam Əmir Qut 40 ildən artıq
Azərbaycan televiziyasında ictimai-siyasi proqramlar hazırlayan
rejissor vəzifəsində çalışıb. Atam bütün faciəni, bu müharibənin
dəhşətli üzünü, Ermənistanın təcavüzünün nəticələrini, doğma
torpaqlarından qovulan azərbaycanlıların qaçqın və məcburi köçkünə
çevrilməsini öz gözləri ilə görüb. Ermənistanın Azərbaycana qarşı
elan olunmamış müharibəsi başlayanda mənim 17 yaşım var idi, tələbə
idim və bütün bu dəhşətli hadisələr gözlərimin qarşısında baş
verirdi. Heç vaxt antisemitizmin baş vermədiyi, cəmiyyətin ayrılmaz
tərkib hissəsi olan biz yəhudilərin yaşadığı, tolerantlıq və
multikulturalizm adası olan mənim Vətənim Azərbaycan işğaldan və
Ermənistan tərəfindən elan olunmayan müharibədən əziyyət çəkir. Bu
roman, sadəcə olaraq, maraqdan irəli gəlmir, müharibə və dəhşətli
ağrıya baxmayaraq, həyat, vətən və doğma insanlara sevginin qalib
gəldiyini dünyaya sübut etmək üçün göstərilən səydir.

-Sizin fikrinizcə, bu coğrafi məkan üçün ən vacib olan
nədir?

-Cənubi Qafqaz Asiya ilə Avropanın qovuşuğunda yerləşən böyük
əhəmiyyətə malik, müxtəlif mədəniyyətlər, xüsusilə də Azərbaycanın
nümunəsində iqtisadi və təbii sərvətlərə malik regiondur. Bu
regionun hazırda iqtisadi lokomotivi olan Azərbaycan böyük
geosiyasi və geoiqtisadi layihələr həyata keçirir. Məlumdur ki,
regiondan həm İsrail, həm də Avropa ölkələri üçün strateji
əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın
enerji təhlükəsizliyi üçün önəmli olan Cənub Qaz Dəhlizi keçir. Bu
layihələrin hər ikisi Azərbaycanın təşəbbüsüdür. Bundan başqa,
keçən il oktyabrın 30-da Trans-Xəzər beynəlxalq nəqliyyat
dəhlizinin və “Yeni İpək Yolu” layihəsinin əsas komponenti olan
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Düşünürəm ki, Cənubi
Qafqaz regionu və ölkələrinin sabitliyə, müharibənin yoxluğuna və
iqtisadi rifaha ehtiyacı vardır. Təəssüf ki, regionda bütün müsbət
meyilləri təhlükə altında qoyan geosiyasi münaqişələr hələ də davam
edir.

-İsraildən olaraq və “Holokost” sözünün nə məna
verdiyini yaxşı bilərək erməni “Holokost”u ilə bağlı fikirləriniz
necədir? Çünki İrəvanda müəyyən mənada Yad Vaşemi xatırladacaq
mavzoley vardır.

-Holokost yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəhşətli
və dözülməz faciədir. Holokost işgəncələrə, əzab-əziyyətlərə,
alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının
ağrısı-acısı, onun kütləvi şəkildə məhv edilməsi deməkdir. Bu
yaxınlarda, dünya yəhudiləri günahsızcasına öldürülmüş altı milyon
yəhudinin xatirəsi anıblar. Həmin vaxt yəhudilərin bu dəhşətdən,
barbarlıq və qəddarlıqdan qaçaraq gizlənə bilmələri üçün yer çox az
idi. Bu ölkələrdən biri Azərbaycan olub. Azərbaycan həmişə digər
xalqlara qonaqpərvər münasibət göstərməsi ilə məşhur olub.
Azərbaycan mənim ailəm üçün, öz həyatlarını və uşaqlarının
həyatlarını nasistlərdən xilas etmiş minlərlə Avropa yəhudisi üçün
qeyd olunan az məkanlardan biri, sözün əsl mənasında, Vətən olub.
Qondarma “erməni soyqırımı”na gəldikdə, mənim ölkəm 1915-ci il
hadisələrini rəsmi olaraq soyqırımı kimi tanımır. Vaxtilə İsrailin
doqquzuncu prezidenti Şimon Peres demişdi ki, bu faciəni öz
maraqları naminə yəhudi xalqının ən dəhşətli faciəsi ilə müqayisə
etmək olmaz. Bu fikri tam şəkildə bölüşürəm.

-Nə üçün tarixi kitab yazmaq əvəzinə, tarix və
məlumatların ehtiva olunduğu roman yazmağı qərara
aldınız?

-Tarixi kitab yazmaq niyyətimiz yox idi, belə bir məqsədimiz də
olmayıb. Öz həyatım, atamın həyatı və dəhşətli Xocalı soyqırımı ilə
bağlı hissənin də olduğu real hadisələrə əsaslanan bədii sənədli
roman yazmaq istəyirdik. Müxtəlif konfessiyalara, müxtəlif
millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin
qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi
tarixçəsini təsvir etməyə çalışmışıq. Romanın qəhrəmanları
vasitəsilə göstərməyə çalışmışıq ki, Azərbaycanda yəhudilər və
müsəlmanlar həmişə birgə tarix və taleyə malik qardaşlar kimi dinc
yaşayıblar və yaşamaqda davam edirlər. İsrail Dövlətinin vətəndaşı
kimi fəxr edirəm ki, Azərbaycanda multikulturalizm və tolerantlıq
həyat tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar və
antisemitizm faktları olmayıb. Eyni zamanda, əsərin qəhrəmanı
Röyanın taleyi vasitəsilə Ermənistanın Xocalıda azərbaycanlı mülki
əhaliyə qarşı törətdikləri dəhşətləri real olaraq təsvir etmişik.
Bu, olmuş tarixdir, bu, real hadisədir və onu gizlətmək niyyətimiz
yoxdur. Çünki atam faciədən bir ay əvvəl Xocalını görmüş şəxsdir və
mən bu romanı yazarkən İsrail mətbuatının nümayəndələri ilə
birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş bu dəhşətli
gecənin real şahidləri ilə bir neçə dəfə görüşmüşəm. Ermənistan
silahlı birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş vəhşiliklər
İŞİD tərəfindən istifadə edilmiş üsullara oxşardır. Məhz bu
səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı
aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də şəxsi faciəmdir.

-Qohumlarınız arasında bu dəhşətli gecədə həlak olanlar
varmı?

-Xocalıda qohumlarımız yox idi. Mənim atam rejissor kimi
müxtəlif vaxtlarda işlə əlaqədar Xocalıda olub və həmin dövrdə
rabitəçi işləmiş Dürdanə Ağayeva ilə bağlı reportajlar
hazırlamışdı. Taleh elə gətirdi ki, atamla Bakıya səfərlərimizin
birində Xocalıdan erməni əsirliyində olmuş insanlarla görüş zamanı
atam Dürdanəni, o dəhşətli gecənin şahidini tanıdı. Bizim romanda
xüsusilə ən ağır və yadda qalan bölmələrdən biri Dürdanə ilə bağlı
hissədir. Onu bir oxuyun. Bu xülya və uydurma deyil, real
hadisədir: Dürdanənin dəhşətli səkkiz günlük əsirlik faciəsi.
Düşünün: Ermənistan qoşunları Xocalıda bəşəriyyətin müasir
tarixinin ən dəhşətli kütləvi cinayətlərindən birini törədəndə onun
cəmi 20 yaşı var idi. İki yaşlı azərbaycanlı uşağı valideynlərinin
gözləri qarşısında necə güllələdiklərini, hamilə qadınları və
yaşlıları qundaq zərbəsi ilə necə öldürdüklərini görüb. Ermənilər
tərəfindən məruz qaldığı zorakılığı kütlə qarşısında danışa
bilməyəcək dərəcədə sözlə ifadə edilməyən ağrıya məruz qalıb. Lakin
Dürdanə Ağayeva bizimlə söhbətində deyib ki, yalnız öz hekayəsini
bölüşməklə rahatlıq tapa bilər.

-Haqqında az bildiyimiz Qafqaz Albaniyasının tarixdə
rolunun nədən ibarət olduğuna dair oxucularımıza nə deyə
bilərsiniz?

-Qafqaz Albaniyası kilsəsi ən qədim xristian məbədlərindən
biridir. Qafqazda apostol Varfolomey tərəfindən yaradılmış ilk
kilsədir. Qafqaz Albaniyası rəsmi olaraq xristianlığı eramızın
213-cü ilində qəbul edib, ermənilər isə xristianlığı, katolikos
Avraamın albanlara məktubunda yazdığı kimi, albanlardan sonra qəbul
ediblər: “Alban məbədi bizim erməni kilsəsindən əvvəl olub”. Rus
imperiyasının ermənilər üçün atdığı ən əhəmiyyətli addım alban
apostol kilsəsinin ləğvi olub. Cənubi Qafqazın rus imperiyası
tərəfindən işğalından sonra 1836-cı ildə çar I Nikolay Azərbaycanda
alban apostol kilsəsi patriarxlığının ləğvi və onun mülkiyyətinin
erməni qriqoryan kilsəsinə verilməsi haqqında fərman imzalayıb. Rus
imperiyası bununla ermənilərin əl-qolunu açıb və ermənilər onlara
heç vaxt məxsus olmayanları özününküləşdiriblər.

-Din amilinin bu regiondakı zorakılıqda rolu varmı? Hər
şeydən öncə, azərbaycanlılar müsəlman, ermənilər isə
xristiandırlar.

-Mən Cənubi Qafqazda, azərbaycanlılar, yəhudilər və ermənilərin
vaxtilə bir ailə kimi yaşadığı zəngin mədəni müxtəlifliyə malik
Bakı şəhərində doğulmuşam. 30 ilə yaxındır davam edən münaqişə
fonunda Ermənistana və Azərbaycana baxmaq kifayətdir. Ermənistan
yalnız ermənilərin yaşadığı monoetnik ölkədir. Əksinə, Azərbaycan
isə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox
qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, sülh və
firavanlıq axtarışında olan, cəmiyyətlər və dinlər arasında dialoq
üçün real platformaya çevrilib. Bakıda gəzərkən şəhərin mərkəzində
məscid, kilsə və sinaqoq görə bilərsən. Buna görə də bu münaqişədə
din amili əsassızdır. Bu münaqişənin dinlə heç bir əlaqəsi yoxdur.
Münaqişə yalnız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından
yaranıb.

-Ermənistan sizin kitabda mənfi tərəfdən işıqlandırılıb.
Bu ölkə ilə bağlı bəzi nəşrlər oxumuşam və hesab edirəm ki, hər iki
tərəfin öz “həqiqət”lərini danışmaq üslubu vardır. Bilirəm ki, bu,
sizin üçün qəribə, bəlkə də hətta qəbuledilməz görünə bilər, lakin
yaxşı kitab məhz bunu etməlidir: fantaziya və tarixdən ibarət
cəlbedici qarışıq vasitəsilə perspektivləri müəyyənləşdirməyə
çalışmaq. Bu haqda nə düşünürsünüz?

-Vurğulamaq istərdim ki, bizim Ermənistanı mənfi tərəfdən
işıqlandırmaq məqsədimiz yox idi. Aydındır ki, onların öz
“həqiqət”ləri var. Tarix və fantaziya cəlbedici qarışıqdır, lakin
bu, fantastik əsər deyil. Bu gün İsraildə çoxlu azərbaycan-yəhudi
nikahları və qarışıq ailələr vardır, eləcə də bunu Azərbaycanda
görmək olar. Yəhudilər və azərbaycanlılar arasında mənəvi qardaşlıq
mövcuddur, Avropada bir çox insanlara qəribə gəlsə də bu, əsl
reallıqdır. Bütün Azərbaycan xalqı tərəfindən sevilən yəhudi əsilli
Azərbaycanın Milli Qəhrəmanı vardır, bu, Albert Aqarunovdur. Bizim
üçün Albert azərbaycanlı-yəhudi qardaşlığının həqiqi rəmzidir və
bu, fantaziya deyil, əsl həqiqətin təzahürüdür. Xocalıda baş vermiş
dəhşətli qırğın ilə bağlı bütün faktlar sənədli film və videolar,
Xocalı soyqırımını yaşamış şahidlər, xarici ekspert və jurnalistlər
ilə birgə real hadisələrdir. Xocalı şəhərinin mülki əhalisinin
qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların
azərbaycanlı olması idi. Xocalı soyqırımında şəxsən iştirak etmiş
Ermənistanın indiki prezidenti Serj Sarkisyanın özünün dedikləri
həqiqətin harada olduğunu üzə çıxarır. Tomas de Vaalın Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı “Qarabağ: Ermənistan və Azərbaycan
sülh və müharibə yollarında” adlı kitabında Xocalı qırğını ilə
bağlı suala Sarkisyan belə cavab verib: “Xocalıdan əvvəl
azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik.
Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən
bir xalqdır. Biz bu stereotipi dağıda bildik və budur baş
verənlər”. Bundan başqa, erməni müəllif Markar Melkonyan öz
qardaşı, Xocalı soyqırımının törədilməsində şəxsən iştirak etmiş
məşhur beynəlxalq terrorçu Monte Melkonyana həsr etdiyi “Qardaşımın
yolu: Amerikalının Ermənistana olan uğursuz səyahəti” adlı
kitabında necə Xocalının bəzi sakinlərinin 10 kilometr qaçdıqdan
sonra təhlükəsiz əraziyə çatdıqları, lakin erməni əsgərlərin onları
tutaraq süngü ilə doğramağa başladıqlarını təsvir edib. Azərbaycan
əraziləri işğal olunub və etnik təmizləmənin qurbanları olan
azərbaycanlılar öz torpaqlarında qaçqın və məcburi köçkündürlər.
Bu, həqiqəti görmək istəyənlər üçün açıq-aşkar sübutdur,
görməyənlər üçün isə yox.

-Qorxmursunuz ki, Qafqaz ərazisində yeni zorakılıqlar
baş verə bilər və ya düşünürsünüzmü ki, hazırda normallaşma dövrünü
keçirik?

-Düşünürəm ki, 2016-cı ilin aprel hadisələri bir daha göstərdi
ki, bu münaqişə dondurulmuş deyil və hər an genişmiqyaslı hərbi
əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın hərbi
təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini
təmin etmək məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına
cavab verərək onları geri çəkilməyə məcbur edib. Bu gün Azərbaycan
Cənubi Qafqazda ən güclü orduya malik ölkədir, lakin rəsmi Bakı bu
münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan qərar qəbul
etməlidir, çünki öz işğalçılıq siyasətinə görə geosiyasi və
geoiqtisadi təcrid vəziyyətindədir. Bunun günahkarı Ermənistanın
özüdür.

-Sizcə, Dağlıq Qarabağda əhalinin məruz qaldığı ən
dəhşətli epizod hansıdır?

-Şübhəsiz ki, Xocalı soyqırımı. Bir gecədə aralarında 63 uşaq,
106 qadın və 70 yaşlı şəxsin olduğu 613 nəfər qətlə yetirilib,
bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb,
aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb.
8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib,
yüzlərlə şəxs zorakılığa və isgəncəyə məruz qalıb. Sağ qalanların
məruz qaldığı psixoloji zədələri hələ saymıram. 56 mülki şəxs
xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib. Öldürülənlərin
cəsədləri təhqir edilib. Ən dəhşətlisi odur ki, bütün bu
vəhşilikləri törədənlər hələ də cəzalandırılmayıb, onlardan bir
çoxu Ermənistanda Qarabağ müharibəsi “qəhrəmanı” kimi tanınır və
hətta yüksək vəzifələr tuturlar.

-Son olaraq, sizcə nə üçün Dağlıq Qarabağ münaqişəsində
ermənilər günahlandırılmalıdırlar?

-Məsələ mənim necə və ya nə səbəbdən o cür fikirləşməyimdə
deyil. Bu, elə bir vəziyyətdir ki, faktlar öz-özünə danışır.
Şübhəsiz ki, təcavüzə məruz qalan əraziləri işğal edilən və
vətəndaşları öz torpaqlarında qaçqına və məcburi köçkünə çevrilən
dövlətdir. Təcavüzkar isə beynəlxalq hüququ pozan və iyirmi beş
ildən çoxdur ki, beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə
məhəl qoymayan dövlətdir. Əminəm ki, bütün bunlar həqiqəti başa
düşmək üçün kifayətdir.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:


http://www.globalist.it/letture/articolo/2018/02/27/l-eccidio-dimenticato-in-azerbaigian-raccontato-nel-romanzo-il-dolore-2020122.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp