Prezident 3 sərəncam, 4 fərman imzaladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Təhsil
müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması
haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən,
dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali
təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə
maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz
artırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət
büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda
çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam
imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elmi
müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə
müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın
1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

İlham Əliyev Şabran rayonunda xalça istehsalı
emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun
yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi,
avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin
2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə
ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev Tərcümə Mərkəzinin fəaliyyətinin təmin
edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Tərcümə Mərkəzinin (bundan sonra –
Mərkəz) təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin
müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində
nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;

2.3. Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say
həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
iki ay müddətində təsdiq etsin;

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz
publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir
ay müddətində onun balansına verilməsini təmin etsin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Digər fərmanlar aşağıdakı kimidir:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında;

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və
strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanının
ləğv edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr
tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında;

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp