Azərbaycanda sığorta mübahisələrinin məhkəməsiz həlli sistemi yaradılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə
Şurasının görüşü keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Assosiasiyanın sədri Mustafa
Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir
təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib.

ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin
təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən,
strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi,
sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə
cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın
inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş
müzakirəyə çıxarılıb.

Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan
mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində
mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində
beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq
sistemin formalaşdırılması qərara alınıb.

Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında
kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari
avtomobil sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və
sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də
həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir
mübadiləsi aparılıb.

Görüşdə ASA tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri
üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin
artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil
olunmasına dair müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai
Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət
orqanıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp