“Əli Kərimli və digərləri onları dəstəkləyən “tualet böcəklərindən” imtina etməlidirlər”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

BAXCP sədri Qüdrət Həsənquliyev prezident seçkiləri və
son zamanlar ortaya çıxan söyüş kampaniyalarından
danışıb.

Publika.az Millət vəkilinin Ovqat.com-a
müsahibəsini təqdim edir:

– Qüdrət bəy, seçki prosesi başladı və siz də seçkidə
namizəd kimi iştirak etməyə qərar verdiniz. Amma seçkini boykot
edənlər də var. Niyə hesab edirsiniz ki, seçkidə iştirak
cəmiyyətimiz üçün daha faydalıdır?

– Ümumiyyətlə, siyasi partiyalar seçkidə iştirak etməlidir,
hətta şərtlər onun üçün əlverişli olmasa belə… Ona görə ki, seçki
kampaniyasından istifadə edib seçicilərlə daha sıx əlaqələr yarada,
platformanı, fikirlərini insanlara çatdıra bilirsən. Bəzilərinin
fikrincə, qalib gəlmək şansın yoxdursa, seçkilərə qatılmaq da
mənasızdır. Mən isə belə düşünmürəm. Seçkilərdə iştirakı idman
yarışına bənzədirəm. Hansısa bir çempionatda zəif, imkanları məhdud
komandalar yarışı tərk etmədiyi kimi, siyasi partiyalar da
seçkilərdən yayınmamalıdır. Bəzi siyasilər bu arqumentlə də
razılaşmır, hakimi ədalətsiz olan bir yarışa qatılmağın
faydasızlığına inanırlar. Bu mülahizədən də eyni məntiq ortaya
çıxır: bir komanda hakimin ədalətsizliyini düşünüb yarışdan imtina
edirsə, deməli, bəri başdan məğlubiyyətlə razılaşır.

Üstəlik, hakimin ədalətsiz və ya ədalətli olacağı yarış prosesi
zamanı müəyyənləşir. Hətta hakimin ədalətsizliyinə yüz faiz əmin
olsan belə, yenə də yarışıa qatılmaq lazımdır.
Seçkiyə qatılmaq üçün vacib deyil ki, öz namizədinlə iştirak
edəsən. Başqa namizədi də dəstəkləyə bilərsən. Partiyalar bütün
hallarda seçkilərdə iştirak etməlidir. Çünki seçkilərdə iştirak
çoxpartiyalı sistemin inkişafına, siyasi mədəniyyətin, demokratik
ənənələrin formalaşmasına töhfə verir. Bu baxımdan, düşünmürəm ki,
seçkiləri boykot cəmiyyət üçün daha faydalıdır. Əksinə, boykot
taktikası siyasi mübarizəni dinc müstəvidən ayırıb hansısa
qarşıdurmalara aparmaq cəhdindən başqa bir şey deyil. Baxmayaraq
ki, Azərbaycanın indiki reallığında bu cür gərginliklər yaratmaq da
mümkünsüzdür.

– Səhv etmirəmsə, boykot taktikasına üstünlük verənlərin
məqsədlərindən biri də Azərbaycan hakimiyyətinin beynəlxalq arenada
qeyri-demokratik imicini möhkəmləndirmək istəyindən qaynaqlanır.
Bununla da hakimiyyətin xarici dəstəyinin kəsiləcəyinə və nəticə
etibarilə zəifləyəcəyinə inanılır. Necə fikirləşirsiniz, bu taktika
uğur qazana bilməzmi?

– Bu taktikadan ermənilər də istifadə edirlər. Onlar da düşünürlər
ki, Azərbaycan hakimiyyətinin qeyir-demokratik imici
formalaşdırılsa, Dağlıq Qarabağ problemini öz xeyirlərinə həll edə
bilərlər. Ermənilərin zənnincə, rəsmi Bakının bu imici
möhkəmlənərsə, beynəlxalq birlik Dağlıq Qarabağ üzərində
Azərbaycanın suveren hüquqlarının bərpasına imkan verməyəcək. Sözdə
Azərbaycanın ərazi bütövlüyündən danışılsa da, real adımlar
atılmayacaq. Uzun illərdən bəri ermənilər məhz bu prinsipi
əllərində rəhbər tutublar. Bizim hakimiyyət ehtirası ilə alışıb
yanan bəzi insanlarımız isə öz səhv siyasi taktikalarıyla bu
arqumentə haqq qazandırırlar.

Mən, əlbəttə, bu fikirlərimlə “biz problemlərimiz barədə
danışmamalıyıq” da demək istəmirəm. Fikrimcə, bu vəziyyətdə ən
optimal yol problemləri ölkə daxilində çözməyə
çalışmalıyıq.İnsanları marifləndirməklə,demokratik cəmiyyət üçün
hazırlamaqla. Bu çox vaxt aparsa belə… Seçkilərin verdiyi
imkanlardan faydalanıb problemləri ictimailəşdirərək, həllinə nail
olmaq özü-özlüyündə bir qələbədir. Siyasi partiyaların qələbəsi
təkcə qazandığı mandatlarla ölçülmür. Həm də həll edə bildiyi
problemlərlə ölçülür. Bəzən bu nailiyyətlər əsl siyasi dividentə
çevrilib partiyalara yaxın gələcəkdə hakimiyyət də qazandırır.
Seçkilərdən kənarda dayanıb xarici qüvvələrə bundan istifadə imkanı
vermək isə ölkənin milli maraqlarına zidd olduğu üçün siyasi
partiyaları da xalqın gözündən sala bilər.
Bir də açığını deyim ki, seçkilərin önə çəkilməsi özlərini barışmaz
adlandıran qüvvələr üçün göydəndüşmə oldu. Çünki payızda
keçiriləcəyi gözlənilən seçkilərdə çox ağır məğlubiyyətə uğrayacaq
və öz tərəfdarları qarşısında bunun hesabatını verəcəkdilər. Amma
indi əllərində yaxşı bəhanələri var. “Seçkilərin vaxtı 6 ay önə
çəkildiyi üçün boykot yolunu seçdik” deyib indiki statuslarını
qoruya biləcəklər. İndiki statusları isə onları, yaxınlarını və
ailələrini tam qane edir.

– Elədirsə, sual yaranır; hökumət niyə o zaman radikal
müxalifətin əlinə oynadı?

– Hökumətin bu qərarı verərkən radikal müxalifətə nə qazandırıb nə
qazandırmayacağını hesaba qatdığını düşünmürəm. Bu addımın atılması
tamamilə başqa problemlərdən qaynaqlanırdı və kifayət qədər incə
düşünülmüş, ağıllı qərar idi. Bizim partiya üçün əlverişli
olmamasına baxmayaraq, ölkənin maraqları baxımından bu addım
atılmalıydı. Ona görə ki, biz hələ bilmirik, qarşıdakı 6 ayda qonşu
ölkələrdə hansı proseslər baş verə və Azərbaycana necə təsir edə
bilər. Yaxud payızda hansı dövlətin Azərbaycanla bağlı nə kimi
planları var.

Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, həm Qərb
dövlətlərinin, həm də regional güclərin burada maraqları toqquşur.
Belə bir mürəkkəb vəziyyətdə hökumətin bir nömrəli vəzifəsi
stabilliyi qorumaqdır. Bəzi müxalifət nümayəndələri deyirlər: nə
baş vermişdi ki, hökumət növbədənkənar seçkilərə getdi? Məncə isə,
hökumətin borcu nəyinsə baş verməsini gözləmədən ölkəni mümkün
təhlükələrdən sığortalamaq üçün önləyici qərarlar qəbul etməkdir.
Növbədənkənar seçkilər də bu cür qərarlardan biridir.

Fikrimcə, növbədənkənar seçkilərin Dağlıq Qarabağla bağlı
danışıqlar prosesiylə də ciddi əlaqəsi ola bilər. Bilirsiniz ki,
Ermənistanda və Rusiyada seçkilər yazda keçiriləcək. Onlarda yeni
hökumət təsdiqlənən kimi, Azərbaycanda seçki prosesinə start
veriləcəkdi. Payızda seçki olacaq, seçkidən sonra isə yeni hökumət
qurulacaqdı. Həm Rusiya və Ermənistanın, həm də Azərbaycanın başı
tam bir il seçki prosesinə qarışacaqdı və Dağlıq Qarabağ
probleminin müzakirəsində 2018-ci il tamamilə itirilmiş dövr kimi
tarixə düşəcəkdi. İndisə seçkilər Ermənistan və Rusiya ilə
təxminən, eyni vaxtda keçiriləcək. Bu isə imkan verəcək ki,
seçkilərdən sonra Azərbaycan Dağlıq Qarabağ məsələsində özünün qəti
tələb və şərtlərini ortaya qoysun.
Düşünürəm ki, seçkiləri önə çəkməklə Azərbaycan hökuməti həm də
ciddi islahatlara start verə biləcək…

– Seçkilərdən sonra nə kimi islahatlar
gözləyirsiniz?

– Seçkilərdən sonra həm siyasi, həm iqtisadi, həm hüquqi, həm də
kadr islahatları gözlənilən və arzuolunandır.
Bilirsiniz ki, Azərbaycan müxalifəti parlamentin idarə olunmasında
heç bir şəkildə iştirak etmir, hər hansı fraksiya yarada biləcək
gücdə deyil və bu xüsusiyyətimizlə Qafqazda yeganə ölkəyik. İlk
növbədə bu problemin aradan qaldırılması istiqamətində ciddi işlər
görülməlidir.
Eyni zamanda hökumət yenidən formalaşdırılacaq. Zənnimcə, bəzi kadr
dəyişikliklərinə çox ciddi ehtiyac var və yəqin ki, yeni hökumətin
qurulması zamanı bu istiqamətdə də önəmli addımlar atılacaq.
Növbədənkənar seçki prosesi də bu islahatların 6 ay əvvəl
başlamasına imkan verəcək. Müəyyən sahələrdəki problemlərin həlli
xeyli dərəcədə kadrlardan asılı olduğundan hökumətin zaman
məsələsinə bu cür həssas yanaşması başadüşüləndir.
Hər halda seçkilərin tamamlanmasına o qədər də uzun zaman qalmayıb
və nələrin baş verəcəyini seçkidən sonra daha aydın görəcəyik.

– Bayaq maraqlı bir məqama toxundunuz. Dediniz ki,
xaricdən də
Azərbaycana hansısa təhlükə gözlənilirdi. Yəni, təhlükə o qədər
ciddi idi ki, hökumət seçkilərin zamanını 6 ay qabağa
çəkdi?

– Bəli. Siz fikir vermişdinizsə, keçən seçki öncəsi Rusiyada
“Milyarderlər İttifaqı” adlı qurum yaradıldı. Hamı da bilirdi ki, o
qurumda təmsil olunan insanların əksəriyyətinin bizim Prezidentlə
şəxsi münasibətləri vardı. Onlardan bəzilərinin, ümumiyyətlə,
ictimai-siyasi fəaliyyəti yox idi. O adamlar könüllü olaraq heç
vaxt eyni qurum ətrafında birləşməzdilər.

Üstəlik, həmin qurum, guya, Rusiyada yaşayan azərbaycanlıların
problemləriylə məşğul olmağı qarşısına məqsəd qoymuşdu. Halbuki, o
adamların əksəriyyətinin indiyə qədər elə bir qayğılarının olmadığı
da bəlli idi. Aydın şəkildə görsənirdi ki, bu qruplaşmanın
arxasında başqa niyyətlər var. Məqsəd onlar vasitəsilə Azərbaycana
təzyiq etmək idi.
Soruşa bilərsiniz ki, bənzər proseslərin bu seçki ərəfəsində də baş
verəcəyini hardan bilirsiniz?
Bu suala cavab olaraq, adicə bir misal çəkim; son zamanlar,
xüsusilə növbədənkənar seçki elanının ardınca sosial şəbəkələrdə
necə iyrənc bir kampaniyanın başladıldığından, yəqin ki, sizin də
xəbəriniz var. Hökumət nümayəndələrinə, onlar kimi düşünməyən
ayrı-ayrı şəxslərə qarşı təhqiramiz söyüş kampaniyası aparılır. Çox
aydın sezilir ki, bu iyrənc kampaniya vahid bir mərkəzdən idarə
olunur. Üstəlik, bu iyrənc kampaniyanı aparanların da ümumiyyətlə
siyasətə dəxli yoxdur. Yəni biri var, Azərbaycanda siyasətlə məşğul
olub, təzyiqlərə məruz qalasan, istədiklərini ala bilməyəsən, biri
də var, ümumiyyətlə təsadüfi adam olasan. Bu iyrənc kampaniyanı
aparanların böyük əksəriyyəti təsadüfi adamlardır. Və bu adamlar
birdən-birə xaricdən ləyaqətsiz formada hücum kampaniyası
aparırlar. Hesab edirəm ki, seçkilər payızda keçirilsəydi, bu
hücumlar daha kəskin xarakter alacaqdı. Hətta bəlkə başqa
təxribatlar da, planlar da hazırlanmışdı. Azərbaycan hakimiyyəti
növbədənkənar seçkilərə getməklə faktiki olaraq, bu təxribatçıları
da hazırlıqsız yaxaladı. Xarici kəşfiyyat orqanlarının
hazırladıqları təxribatların bir çoxunun qarşısı alındı. Onların da
təhqir kampaniyasından başqa heç bir imkanları qalmadı.

Qaldı ki xarici kəşfiyyatın əlində maşaya çevrilən ləyaqətsiz
adamların fəaliyyətinə, hesab edirəm ki, bu əxlaqsız kampaniya,
xüsusilə siyasi mübarizənin ailə müstəvisinə keçirilməsi
Azərbaycanın siyasi atmosferini eybəcərləşdirmək istəyən
düşmənlərin işinə yarayır. Qərbdə də ölkəmizi istəməyən xeyli
qüvvələr var və onlar yaxşı anlayırlar ki, Azərbaycan nə qədər
Avropaya inteqrasiya xətti tutsa da, Şərq mentalitetinin
daşıyıcısıdır. İslam dinin müqəddəs dəyərləri bizim
mentalitetimizin formalaşmasında mühüm rol oynayıb. Bu mentalitetdə
ailə dəyərlərinə böyük əhəmiyyət verilir. Xarici kəşfiyyat
orqanları da məhz bu damarımızdan istifadə edərək, Azərbaycan
siyasi hakimiyyətini çətin vəziyyətdə qoymaq, nüfuzdan salmaq
istəyirlər. Onların bu siyasətinin alətinə çevrilənlər isə öz
ləyaqətsiz davranışlarıyla düşmən dəyirmanına su tökürlər. Nəticədə
Azərbaycanda siyasi atmosferi korlanmaqla yanaşı, həm də mənəvi
dəyərləri dağıtmaq istəyirlər.

– Haqlısınız. Amma gəlin razılaşaq ki, bu təhqir
kampaniyasını yürüdənlər təkcə hakimiyyətdən narazı qüvvələr də
deyil. Hakimiyyətin özü də zaman-zaman müxaliflərinə qarşı eyni
metoddan istifadə edir. Sizə elə gəlmir ki, Sizin kimi orta yol
tutan siyasilərdən biri çıxıb bütün tərəfləri ləyaqətli mübarizə
müstəvisinə dəvət etməli və bu istiqamətdə bütün səylərini
əsirgəməməlidir?

– Mən dəfələrlə bu təşəbbüslə çıxış etmişəm. Məsələn, bu yaxınlarda
verdiyim müsahibələrimdən birində demişdim ki, hazırda əxlaqlı
siyasətdən danışan insanlar həmin o söyüş söyən, ləyaqətsiz yol
tutan, cəmiyyətin “tualet böcəkləri” adlandırdığı ünsürlərlə
aralarına məsafə qoymalıdırlar. Mən sizin də saytınız vasitəsilə
bir daha bəyan edirəm ki, heç vaxt ən rəzil və şərəfini itirmiş
birisinin belə ailəsi üzərindən siyasi mübarizədə iştirak etməmişəm
və bu cür ləyaqətsiz yol tutanların mənim yanımda yeri olmayıb və
olmayacaq da – nə dünən, nə indi, nə də gələcəkdə. İstərdim ki, bu
sözü Əli Kərimli, İsa Qəmbər və digərləri də bəyan etsinlər. Məhz
bu zaman həmin söyüş kampaniyası aparanları cəmiyyətdən təcrid edə
bilərik. Onlar ictimai qınaqla üzləşdiklərindən islah olunarlar.
Anlayarlar ki, hətta hakimiyyət dəyişilsə belə, onların yeni
iqtidar komandasında yeri olmayacaq və ləyaqətsiz adamları heç bir
düşərgə qəbul etməyəcək.

Amma gördüyünüz kimi, heç biri açıq şəkildə bu cür bəyanat
vermirlər, “tualet böcəkləri ilə arada heç bir məsafə saxlamırlar.
Niyə? Çünki rəqiblərinə qarşı aparılan bu mübarizəni özlərinin
maraqlarına uyğun hesab edirlər. Bu ləyaqətsiz qarşıdurmalardan
faydalanmaq istəyənlərə üzümü tutub deyirəm ki, cəmiyyətdə mənəvi
abu-hava çirklənərsə, bundan hamı zərər görər. Çirkli cəmiyyətdə
sən təmiz gəzə bilməzsən. Hamı kimi, sən də bu çirkaba
bulaşacaqsan. Bu həm də hakimiyyətin daha sərt siyasət yürütməsinə
gətirib çıxaracaq. Əhali də bu sərt dəsti-xətti dəstəkləyəcək. Bunu
da sizin saytınız vasitəsilə bəyan etmək istəyirəm. Təhqiramiz
kampaniyalar demokratiyaya heç bir töhfə verə bilməz. Çünki
demokartik mühitin formalaşması üçün alternativ fikirlər
səsləndirilməlidir.Bütün keyfiyyətlərin ilə rəqiblərindən üstün
olduğunu göstərməlisən. Ləyaqətsiz kampaniya aparanlar isə heç bir
alternativ düşüncə ortaya qoymur, ancaq söyüş yağdırırlar. Normal
insanlar da düşünürlər ki, ilahi, bu əxlaqsız insanlar, “tualet
böcəkləri” hakimiyyət orqanlarına doluşsalar, Azərbaycanın axırı
necə olacaq.
Sən bu hökumətdən narazı ola bilərsən, haqsızlıqlarını,
qanunsuzluqlarını da görə bilərsən. Amma bu sənə o haqqı vermir ki,
etiraz etmək əvəzinə təhqir yağdırasan. Siz uzun illər ölkənin
ictimai-siyasi həyatında yer almış jurnalistsiniz, sizdən
soruşuram: harda görünüb ki, qanunsuzluğa qarşı əxlaqsız mübarizə
aparasan və qalib gələsən?

– Təbii, əxlaqsız mübarizə metodu siyasi yol deyil. Hər yol
öz hədəfinə doğru gedərsə mənzilə aparıb çıxarar. Siyasi mübarizə
də siyasi müstəvidə olmalıdır. Amma bir məsələ də var. Hakimiyyət
də gərək müxaliflərə qarşı mübarizədə nəzakət çərçivəsini qorusun.
Zaman-zaman müxaliflərin, o cümlədən Əli Kərimlinin də üzərinə ailə
müstəvisindən hücuma keçilir…

– Mən heç kimə qarşı əxlaqsız kampaniyanı müdafiə etməmişəm və
etmirəm. Amma qarşı tərəfdən hansısa qanunsuzluq baş verirsə, bu
sənin də eyni qanunsuzluğu ondan da kobud formada davam etdirməyinə
əsas ola bilməz. Belə deyək, bir adam sənin ailə üzvlərini ağır
şəkildə təhqir edib. Sən də onun səviyyəsinə düşüb heç bir günahı
olmayan qadınlar haqqında əxlaqsız sözlər danışmalısan?

– Təbii, olmaz.

– Söhbət bundan gedir. Söhbət həm də ondan gedir ki, bu ləyaqətsiz
mübarizə metodu casusluq fəaliyyətilə əlaqədar ola bilər. Ölkənin
hüquq-mühafizə orqanları ilə yanaşı, ictimai xadimləri də bu
fəaliyyətə qarşı mövqelərini ortaya qoymalıdırlar. Çünki, söhbət
təkcə hansısa hakim zümrəyə mənsub insanların şəxsindən yox, həm də
dövlətimizin təhlükəsizliyindən gedir. Açıq deyəcəyəm; məncə, bu
ləyaqətsiz mübarizə metodunu seçənlər bəlkə də xarici xüsusi xidmət
orqanları tərəfindən əməkdaşlığa elə pis formada cəlb olunublar ki,
ailələrini düşünmədən bu addımı atmağa məhkumdurlar. Bəlkə də
haqlarında elə materiallar var ki, yayımlansa, başlarına güllə
sıxmalıdırlar. Görünür, onlar da ölümdənsə, şərəfsiz yaşamağa
üstünlük verirlər.

Düşünürəm ki, istər hökumət içərisindən olsun, istərsə də müxalifət
düşərgəsindən, kimlər ki bu kampaniyaya dəstək verirlərsə, bir daha
cəmiyyətimizin hara getdiyi barədə oturub ciddi-ciddi
düşünməlidirlər. Bu kampaniyaya son verilməlidir. Siyasi mübarizə
siyasi metodlarla aparılmalıdır. Kimlərsə, mümkündür ki, bu
metodlarla ədalətli, demokratik cəmiyyət qurula biləcəyini
düşünürlər. Ancaq bu kampaniya cəmiyyətimizi əks istiqamətə
sürükləyir. Bizi hədəflərdən daha da yayındırır, hakimiyyətin sərt
siyasi xətt yürütməsinin önünü açır, ən əsası isə bu siyasətə
xalqın dəstəyini təmin edir.

Fikrimcə, hökumət üzvləri də bu cür əxlaqsız mübarizə metoduna eyni
qaydada cavab verməməlidir. Çörçilin məşhur bir sözü var, deyir ki,
“dayanıb yol kənarından sənə hürən hər itə daş atsan , mənzil
başına gedib çata bilməzsən”. Çünki başın it qovalamağa
qarışar.

– Qüdrət bəy, bu çirkin kampaniya ilə bərabər
cəmiyyətimizdə ortaya çıxan bir tendensiya da narahatlıq doğurur.
Bəzən görürsən ki, “tualet böcəkləri” adlandırılan adamların bu
hərəkətlərinə görə valideynləri, qohum-əqrəbaları məsuliyyətə cəlb
edilirlər. Bəs, bu nə dərəcədə qanunidir?

– Azərbaycan qanunvericiliyinə görə, cəza fərdi xarakter daşıyır.
Heç kim ailə üzvünün qanunsuz əməllərinə hüquq müstəvisində
cavabdeh deyil. Amma onun mənəvi məsuliyyətini də inkar edə
bilmərik. Hər kəsin ailəsinin hər hansı üzvü ailəni rüsvay edən,
ona başucalığı gətirməyən bir əməl törətsə, ailə üzvləri ona
adekvat addımlar atır və o ləkəni yumaq istəyir. Görürsən ki, bu
əməli törədənlərin yaxınları baş verənlərə görə öz qohumlarından
imtina edirlər. Bəzi müxaliflər isə bunu başqa amillərlə,
hakimiyyətin təzyiqiylə əsaslandırır. Nəticədə ləyaqətsiz adamlara
sanki qahmar çıxılır. Zənnimcə, bu məsələyə də diqqət yetirilməli,
öz vicdanlarının səsinə qulaq asanlara ictimai təzyiq
göstərilməməlidir. Eyni zamanda onların hüquqi cəhətdən günahkar
olmadıqları da qəbul edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp