“Xocalıda qətliam törədənlər hələ də cəzalandırılmayıb”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının
qorunması Azərbaycanın ən vacib prioritetləri
arasındadır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci
sessiyasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, hökumət bütün insan hüquqlarından və əsas
azadlıqlardan tam yararlanmaları məqsədilə Azərbaycan vətəndaşları
üçün zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı
proqramlar həyata keçirir:

“Təhsil bizim daxili siyasətimizdə ən prioritetdir, çünki yaxşı
təsis edilmiş təhsilli cəmiyyət uğurlu və davamlı inkişafın
zəmanətlərindən biridir. Hər il 5 milyondan çox insan – ölkə
əhalisinin yarısı – dövlət büdcəsindən tam maliyyələşməklə tibbi
yoxlanışdan keçir. Azərbaycan hələ 1918-ci ildə müsəlman dünyasında
qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkə olub.
Azərbaycan gender bərabərliyini təmin etməyə və ictimai və sosial
həyatda qadınların rolunun artırılmasına çalışır. Misal üçün,
rəhbəri olduğum nazirliyimin heyət üzvlərinin 52 faizi qadındır.
Rəqəmsal dövrdə yaşadığımızdan qeyd etmək lazımdır ki, hazırda
Azərbaycan əhalisinin təqribən 80 faizini informasiya,
media-kommunikasiya və ideya və fikirlərin azad axını üçün ən
əlverişli və praktik vasitə olmuş internetə maneəsiz giriş imkanı
var”.

E.Məmmədyarov bildirib ki, cinayət hüququ sistemində də
beynəlxalq insan hüquqları standartlarına tam uyğun olması
məqsədilə islahatlar aparılıb: “Bu sahədə ən son hadisələrdən biri
cəza siyasətinin humanistləşdirilməsində və cəza sahəsində hüquqi
islahatların aparılmasını hədəfləmiş Azərbaycan Prezidentinin
2017-ci il tarixli sərəncamıdır”.

O vurğulayıb ki, Azərbaycan dünyanın tanınmış multikultural
mərkəzlərindən biridir: “Bütün etnik və dini icmalar Azərbaycanda
sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan
mədəniyyətlərarası dialoqun möhkəmlənməsini hədəfləmiş bir sıra
beynəlxalq tədbirlərə ev sahibliyi edib. İslam Əməkdaşlıq
Təşkilatının və Avropa Şurasının üzvü olaraq Azərbaycanın 2008-ci
ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoqu,
tərəfdaşlığı və əməkdaşlığı möhkəmləndirmək olan “Bakı Prosesi”nə
başladı”.

Nazir deyib ki, Azərbaycan inkişaf hüququna böyük əhəmiyyət
verir: “Mən bir daha ölkəmin İnkişaf hüququ bəyanatında təsbit
olunmuş prinsiplərə sadiqliyini təsdiq etmək istərdim. Azərbaycan,
xüsusən Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa
Yardım Agentliyi vasitəsilə beynəlxalq inkişaf təşəbbüslərində fəal
iştirak edir.

Biz insan hüquqlarının və davamlı inkişafın bir-birindən asılı
olduğunu və bir-birini tamamladığını bilirik. 2030-cu il Davamlı
İnkişaf Gündəliyi insan hüquqlarına hörmət, qanunun aliliyi və
yaxşı idarəetmə və effektiv ictimai institutlar əsasında
sülhpərvər, ədalətli və inkluziv cəmiyyətlərin qurulmasına ehtiyacı
tanıyır. Bununla yanaşı, Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə
birlikdə Azərbaycan şuranın hazırkı sessiyasında qəbul edilmək üçün
“Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidməti vasitəsilə insan
hüquqlarının və DİG-in təşviqi” adlı layihə qətnaməsi təqdim edib.
Bu fürsətdən istifadə edərək mən İHŞ üzvlərini qətnaməni
dəstəkləməyə çağırıram”.

XİN rəhbəri əlavə edib ki, Azərbaycan İnsan Hüquqları Şurasının
fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir:
“Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini
etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi
möhkəmləndirməsi məqsədilə onun fəaliyyətini müəyyən edən əsas
anlayışlar “dialoq”, “əməkdaşlıq” və “yardım” olmalıdır.

Azərbaycan bütün xüsusi prosedur mandat sahiblərinə xüsusi dəvət
göndərib. Biz onların üzv dövlətlərlə əməkdaşlıq və dialoq
vasitəsilə insan hüquqlarının təşviqində mühüm rolunu tanıyırıq.
Həmçinin Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və
2016-cı ildə aralıq hesabat təqdim edib. Bizim üçüncü UDH 2018-ci
ilin mayında nəzərdən keçiriləcək. Biz BMT-nin insan hüquqları üzrə
müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan
İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən müqavilə orqanlarına
tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülüb.

Dünyada insan hüquqlarını pozuntusu haqqında danışarkən ölkəmin
üzləşdiyi ən dəhşətli faciəni vurğulamaya bilmərəm. Ermənistanın
silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi
25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı
etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək
öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur edilib. Bu
gün Azərbaycan 1,2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10
milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün
sayına görə dünyada ən yüksək göstəricilər sırasında
qərarlaşıb”.

E.Məmmədyarov bildirib ki, Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən
Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti
sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam
etdirir:

“Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilmiş
və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı
insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin
613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü
yad edildi. 1992-ci ildə törədilmiş bu soyqırımın nəticələri açıqca
göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş
və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən
Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi
idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət
daşıyanlar hələ də cəzalandırılmayıb və hələ də ədalət mühakiməsi
qarşısına çıxarılmayıb”.

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda
törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən
cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi
köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir: “Buna görə
də biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik
Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq
azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan
hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə
çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları
Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan
hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm
sarsıdıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp