Su çərşənbəsində nə etməli?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Əzəl çərşənbə” gəldi

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam
edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir.
İnanca görə, ilk çərşənbə günü su və su mənbələri təzələnir, ikinci
çərşənbədə yandırılan od yeni həyatın, baharın və istiliyin
gəlişinə işarə edir, üçüncü çərşənbədə isti külək bütün canlılara
nüfuz edir. Dördüncü çərşənbədə isə torpaq oyanır, otlar cücərir,
ağaclar tumurcuqlayır. Beləliklə, bahar gəlir…

Bu gün ilk çərşənbədir. Su çərşənbəsinə “Əzəl çərşənbə”, “Sular
Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələrini
təmizləmək, arxları qaydaya salmaq, su hövzələrində abadlıq işləri
görmək, su ilə bağlı müxtəlif şənliklər keçirmək adətdir. Su
çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan
hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su
çiləyir, su üstündən atlanırlar.

Xalq inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər il
boyu xəstəlikdən uzaq olarlar. Həmin gün qədim türklərdə su
Tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su
çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanc, fal, türkəçarə, bayatı,
əfsanə və rəvayətlər mövcuddur.

Su çərşənbəsi ilə bağlı inanclar:

Su çərşənbəsi ilə bağlı ən maraqlı inanclar belədir:

*Süfrəyə su dağılması aydınlıqdır.

*Su içən adamı qəfil vurmazlar.

*Su içən adamı ilan çalmaz.

*Lal axan sudan keçərkən “suyum irəlilə” deyərlər.

*Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin
küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti
daş kimi yerindən tərpənməsin, bol olsun.

Bu gün fala baxanlar…

Su çərşənbəsində gənc qızlar su fallarına baxarlar.

Su fallarından biri belədir:

Su çərşənbəsində insanlar bulaqdan evə su gətirərlər. Buna el
arasında “lal su” deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca
görə, bu suyun özgə hikməti var. Onu bir neçə qaba töküb
saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz
bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına
toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına
bərabər ildən sonra gəlin köçəcək. Hər bir bölgənin özünəməxsus su
falları var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq
dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr
piyalədə bir-birinə toxunsa, demək, sevgililər tezliklə bir-birinə
qovuşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp