Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi SƏS-KÜY YARATDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu
günlərdə 3 istiqamət – uşaqlar, əlillər və sosial qayğıya ehtiyacı
olan, sosial imkanları məhdud qrupların reabilitasiyası üzrə elan
etdiyi müsabiqənin nəticəsi açıqlanıb. Lakin sosial sifariş
əsasında keçirilən bu müsabiqənin nəticələri birmənalı
qarşılanmayıb. Müxtəlif qeyri-hökumət təşkilatı rəhbərləri, ictimai
sektorun fəal üzvləri müsabiqənin qaliblərinin uğurlu seçim
olmadığını, onların ictimai sektorda tanınmadığını vurğulayıblar.
Hətta bəziləri nəticələrin gülüş doğurduğunu bildirib.

“Çox tanınmadıqlarından axtarmağa dəyməz”

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin
sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə
Publika.az
a açıqlamasında müsabiqədə bütün QHT-lər üçün
informasiya əlçatanlığının təmin edilmədiyini düşündüyünü
bildirib:

“Bu, sosial sifariş əsasında keçirilən müsabiqə olduğundan ona
müsbət yanaşırıq. Bu həm QHT-lərin bazalarının genişləndirməsinə
imkanı verir, həm də təşkilatlar sırf özlərinə aid məsələlərlə
məşğul olurlar. Müsabiqənin ədalətli və ya ədalətsiz keçirilməsi
barədə birmənalı fikir deyə bilmərik. Lakin bu cür sosial
sifarişlərə informasiya əlçatanlığının daha çox olmasını
dəstəkləyirik. Məsələn, Pezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqə elan edəndə bu xəbər
geniş işıqlandırılır, təşkilatlara bərabər imkanlar yaradılır.
Bütün təşkilatların məlumatı olduğuna görə daha çox müraciət olur
və ən yaxşı layihələr qiymətləndirilir. Təklifim budur ki, bu cür
sosial layihələrlə bağlı məlumatlar da daha geniş informasiya
şəbəkələrində yayımlansın. Həmçinin sosial sifarişlərin sayı
artırılmalıdır ki, prosesə daha çox təşkilat cəlb olunsun. Bu həm
də QHT-lərin ixtisaslaşmasını təmin edəcək”.

Qalib təşkilatların hətta QHT rəhbərləri tərəfindən tanınmaması
ilə bağlı iddialara münasibət bildirən C.Hüseynzadə bunun vacib
məqam olmadığını deyib:

“Təşkilatın az tanınması onun qalib olmasına mane deyil. Düzdür,
həmin qalib təşkilat rəhbərlərinin adını axtarıb tapa bilərik,
lakin çox tanınmadıqlarından bunu axtarmağa dəyməz. Lakin az
tanınmaq qalib olmamaq üçün göstərici deyil. Əsas məsələ qalib olan
təşkilatın iş üzrə təcrübəsidir. Nəticələrə əsasən deyə bilərəm ki,
sözügedən müsabiqədə qalib gələn təşkilatların bu sahə üzrə
təcrübələri var. Amma məlumat daha çox olsaydı, o zaman daha çox
təşkilat müsabiqədə iştirak edər və ən yaxşı ideyalar
dəstəklənərdi”.

“Yeni təşkilatlar peşəkarlıq baxımından əvvəlkilərdən
heç də geri qalmır”

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin
icraçı direktoru Fərasət Qurbanov Publika.az
a
açıqlamasında qeyri-hökumət təşkilatlarının sayının ildən-ilə
artdığını və yeni təşkilatların iş baxımından əvvəlkilərdən heç də
geri qalmadığını vurğulayıb:

“Artıq QHT-lərin sayı 4 mini keçib. Bu say artan dinamika ilə
inkişaf edir. Bu artım təkcə say yox keyfiyyətdə də özünü göstərir.
Yeni təşkilatların yaranması, ayrı-ayrı mütəxəssislərin birləşib
bir icma yaradaraq sosial, uşaq problemlərinin həlli istiqamətində
işləməsi təbii haldır. Dövlət ictimai sektora diqqəti sayəsində bu
sahədə canlanma müşahidə olunur. Cəmiyyətimiz də hər zaman bu
inkişafı arzu edib. Yeni təşkilatların meydana çıxmasına
qısqanclıqla yanaşmaq olmaz. QHT-lər əvvəllər yaranmış
təşkilatlardan ibarət deyil. Yeni təşkilatlar məsuliyət və
peşəkarlıq baxımından daha öncə yaranmış təşkilatlardan heç də geri
qalmır”.

Müsabiqənin nəticəsinin belə müzakirəyə səbəb olmasına gəldikdə,
F.Qurbanov bildirib ki, bununla bağlı dəqiq fikir söyləmək üçün
qalib layihələrlə bir-bir tanış olmaq lazımdır:

“Bu müsabiqənin təşkil edilməsi və nəticəsi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin daxili işidir. Qrant müsabiqələrinin
təşkili qaydaları mövcuddur, ölkəmizdə donor institutlarının
fəaliyyət ənənəsi yaranıb, müəyyən təcrübə toplanılıb. Bu təcrübəyə
istinad edərək qrant müsabiqəsi təşkil edilir və qiymətləndirmə
aparılır. Bu, ayrı-ayrı QHT-lərin fərdi yanaşması deyil, hüquqi
qaydalara söykənən qərardır. Əlbəttə, daha dəqiq fikir yürütmək
üçün qalib təşkilatların təqdim etdiyi layihələrə baxmaq lazımdır.
Lakin hesab edirəm ki, müsabiqə qalibi olmaq sadə məsələ deyil.
Əgər QHT müsabiqənin qalibi olubsa, demək, o öz yanaşması, məsələyə
münasibəti və məsələnin həlli istiqamətində təklif etdiyi layihə,
büdcəyə yanaşması və təşkilatındakı mütəxəssislərlə digər
təşkilatlardan fərqlənir. Bu fərqi digər təşkilatların bilməməsi
mümkündür, lakin ekspert heyəti, müsabiqə komissiyası qərar
verərkən tələbləri nəzərə alır. Ona görə də QHT-lərimiz məsələyə
bir az tolerant yanaşmalıdır. Müsabiqə qalibinin Bakıda fəaliyyət
göstərən və ya bölgədə fəaliyyət göstərən təşkilatın seçilməsinin
fərqi yoxdur. Önəmli olan seçilən təşkilatın peşəkar olması
mütləqdir. Problemin həlli üçün daha çox tövhə verən təşkilatlar da
iştirak edib, qalib olsa daha yaxşıdır. Onun hansı bölgəni təmsil
etməsi mütləq deyil”.

“Açıq-aşkar qərəzli yanaşmanın nəticəsidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev
Publika.az
a açıqlamasında səsləndirilən fikirlərə
aydınlıq gətirib.

“Sosial sifarişlər əsasında çətin həyat şəraitində olan uşaqlara
sosial və reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan olunan
müsabiqələrin təşkili prosesi tam şəffaflıq şəraitində təşkil
olunur və ötən dövrdə bu sahədə qeyri-hökumət təşkilatlarına
münasibətdə hansısa ayrı-seçkiliyə yol verilməsi halı baş berməyib.
Bununla belə, kiminsə sosial şəbəkədə sosial sifarişlər üzrə sosial
xidmətlərin göstərilməsi üçün təşkil olunan müsabiqələrin
keçirilməsində guya qeyri-şəffaflığa yol verilməsi barədə heç bir
fakta, əsasa söykənməyən, subyektiv fikirlərin yer alması təəssüf
doğurur. Qeyd olunan meyarlara cavab vermədiyi, sosial xidmətlərin
göstərilməsi üçün yetərincə potensialı olmadığı üçün müsabiqədə
iştirak hüququnun verilməməsindən, yaxud müsabiqədə qalib
gəlməməkdən dolayı hansısa QHT təmsilçisinin həmin müsabiqə prosesi
barədə narazılığını böhtan şəklində ifadə etməsi açıq-aşkar qərəzli
yanaşmanın nəticəsidir”.

Şöbə müdiri vurğulayıb ki, nazirliyin bütün fəaliyyət
sahələrində olduğu kimi, bu sahədə də şəffaflığın və sosial
xidmətlərin göstərilməsi işlərinə cəlb olunacaq QHT-lərin müəyyən
olunmasında bərabər yanaşmanın təmin olunması diqqətdə saxlanılır:
“Hər il nazirlik tərəfindən çətin həyat şəraitində olan uşaqların
və ailələrin ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunması
üçün fəaliyyət istiqamətləri müəyyən olunaraq, həmin istiqamətlər
üzrə müsabiqələr elan olunur. Bütün müsabiqə elanları, eləcə də
müsabiqələrin nəticələri nazirliyin rəsmi internet saytının
(www.mlspp.gov.az) ön səhifəsindəki “Sosial sifarişlər üzrə
müsabiqələr” bölümündə təqdim edilir. Yəni ilk növbədə bu sahədə
bütün işlər barədə məlumatların cəmiyyətə açıqlığı, o cümlədən
sosial xidmətlər göstərməkdə maraqlı tərəflərin bu məlumatlara
çıxışı təmin olunur”.

Şöbə müdiri diqqətə çatdırıb ki, sosial sifarişlər üzrə
müsabiqələrin təşkili prosesi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı ilə
təsdiq edilmiş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin
bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət
təşkilatlarına verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir:
“Müvafiq Komissiya tərəfindən müsabiqəyə müvafiq sosial xidmət növü
üzrə tam və ya qismən ixtisaslaşmış, həmin sahədə peşəkarlıq və
təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə
səriştəsi, etibarlılığı olan, vergilər və digər icbari ödənişlərlə
bağlı vaxtı keçmiş öhdəlikləri olmayan təşkilatlar buraxılırlar.
Müsabiqə prosesi də aşkarlıq şəraitində, müraciət etmiş
təşkilatların nümayəndələrinin iştirakı ilə, tam bərabər yanaşma
əsasında, müvafiq kateqoriyadan olan uşaqlara daha keyfiyyətli
sosial xidmətlər göstərə bilən QHT-lərə üstünlük verilməklə,
ədalətlilik prinsipi əsasında keçirilir”.

E.Babayev əlavə edib ki, nazirliyin sosial sifarişləri üzrə
ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət
layihələrinin sayı son beş ildə iki dəfədən çox artaraq 70-i
ötüb:

“Onlardan 67 layihə sağlamlıq imkanları məhdud olan və ya sosial
təhlükəli vəziyyətdə olan uşaqlarla bağlıdır. Layihələr
çərçivəsində çətin həyat şəraitində olan uçaqlar üçün müxtəlif
bölgələrdə günərzi qayğı və icma əsaslı reabilitasiya
xidmətlərinin, habelə Portec metodikası ilə sosial reabilitasiya
xidmətlərinin eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji
xidmətlərin, autizm xəstəliyi olan uşaqlara defektoloji və
psixoloji yardımların, əqli geriliyi olan sağlamlıq imkanları
məhdud uşaqlara psixo-sosial dəstəyin göstərilməsi və s.
istiqamətlərdə işlər aparılır. Həmin layihələr üzrə sosial xidmət
göstərilən uşaqların sayı da 2017-ci ildə əvvəlki illə müqayisədə
iki dəfədən çox artaraq 4,1 min nəfərə çatıb”.

Qeyd edək ki, müsabiqə 3 istiqamət – “Uşaqların dövlət uşaq
müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat
şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının
təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin
göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi,
Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı rayonları
üzrə)”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Şəmkir,
Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı,
Ağdaş, Zaqatala, Ağstafa, Saatlı, Balakən, Göyçay, İmişli, Gədəbəy,
Sumqayıt, Mingəçevir, Şirvan, Qəbələ, Kürdəmir və Samux şəhər və
rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin
fəaliyyətinin təşkili”, “Əlilliyi olan şəxslərə sanatoriya-kurort
putyovkalarının (yollayışların) alınması”nı mövzularını əhatə
edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp