“Bilmirəm, onunla 10 ildir necə yaşayıram”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az tanınmış şair Sevinc Çılğınla müsahibəni
təqdim e
dir.

– Sevinc xanım, sosial şəbəkədə yoxsunuz. Və buna görə
də sanki, bir ədəbiyyat adamı kimi varlığınız hiss
olunmur…

– Bəli, mən buna virtual intihar deyirəm. “Sosial şəbəkədə
yoxsansa, deməli, həyatda varlığın hiss olunmur” düşüncəsi isə
tamamilə yalnışdır. Real həyat mənim daha çox xoşuma gəlir və indi
özümü daha rahat hiss edirəm. Özünü kütlənin müdaxiləsindən qorumaq
lazımdır. Hələ az-maz tanınan adamsansa. Sosial şəbəkələrdəki
şöhrət, layklar mənə sabun köpüyü kimi gəlir. Məsələn, ilk dəfə
getdiyim bir kənddə tanımadığım adamlar məni gülər üzlə
salamlayırlar, çünki efirdə görüblər. Bu mənə daha xoş gəlir.

– Bəs necə oldu ki, sosial şəbəkələrdən uzaq durmağın
əslində, rahatlıq olduğunu anladınız?

– Hər şeydən tez bezən adamam. Bir paltarı üçüncü dəfə geyinəndə
belə canım sıxılır. Bilmirəm, Zahirlə on ildir necə yaşayıram
(gülür). Və hələ də bilmirəm ki, 4-5 il sosial şəbəkəyə necə
dözmüşəm. Ola bilər ki, başımı məişət məsələləri çox qatmışdı,
uşaqlar, xırda qayğılar və s. Buna görə də kütləni hiss etmirdim.
Bir də ayıldım və fikirləşdim ki, niyə bu insanlar mənim
şəkillərimi görməlidir? Niyə fikrimi onlarla bölüşməliyəm. Mən yazı
adamıyam, sözüm varsa, kitab yazaram da. Bir statusun ki, ömrü
yenisi yazılana qədərdir. Zatən dünya fanidir, gerçəyin kölgəsidir
deyirik. Sosial şəbəkələrsə gerçəyin kölgəsinin kölgəsi…

– Bəlkə həyat yoldaşınız Zahir bəy qadağa
qoyub?

– Əsla. Mən heç vaxt qadağa eşitməmişəm. Nə ailəmdən, nə də
Zahirdən. Mənim xoşbəxtliyim azadlığımdır. Sadəcə, çox
məşhurlaşmışdım. Bir şəklimə yarım saatın içində min beş yüz, iki
min layk gəlirdi. Bu, məni sıxırdı və telefondan asılılıq
yaradırdı. Mən asılılıq hiss etdiyim şeyi dərhal kəsirəm. Asılılıq
varsa, onu yaxşı tərəfə yönləndirmək lazımdır. Məsələn, indi elə
etmişəm ki, idmandan asılı qalmışam. Hər gün fitneslə məşğulam.

– Zamin Hacı da feysbukdan gedib. Deyir, orada qalmaq
mənasızdır.

– Düz deyir. İlk bir ay hələ təsirindən çıxa bilmirsən. Bir ay
sonra yavaş-yavaş uyğunlaşırsan. Bu mövzuda iki böyük yazı da
yazmışam. Narkotikdən asılı insan da onu tərgidəndə ilk həftələr
çətin olur. Müəyyən müddət sonra sənin gözündə feysbukdakı o
söhbətlər, münasibətlər, müzakirələr o qədər cılız, üzr istəyirəm,
o qədər bambılı görünür ki…

– Sevinc xanım, evdən çıxanda gözəl görünmək üçün nə
qədər vaxt sərf edirsiniz?

– Ümumiyyətlə, mən vaxtımın çoxunu özümə sərf edirəm. Hər gün
bəzənməyə ehtiyac olmur. Anadangəlmə bəzəkli doğulmuş adamam
(gülür). Sadəcə, təməl şeylər var. Daimi idmanla məşğul olmaq,
vaxtlı-vaxtında gözəllik prosedurlarından keçmək və s. Evdən
çıxmağasa 15-20 dəqiqə bəs edir, yetər ki, nə geyinmək istədiyimə
əvvəlcədən qərar verim.

– Paltarlarınız o qədər çoxdur?

– Xeyr. Ovqat məsələsidir. Tez-tez dəyişir ovqatım.

– Sizi tanımayıb qıraqdan baxan deyər ki, bu qadının
həyat yoldaşı olmaq üçün çox pul lazım olar. Zahir bəy bunların
öhdəsindən necə gəlir?

– Son zamanlar ən çox eşitdiyim sözdür bu, amma görüntü ilə iç
başqadır. Mənim bu cür görünməyim üçün nələrəsə xüsusi ehtiyac
yoxdur. Bəzən bir oğlan və bir qızın sevgisi evlənənə qədər olur,
sonra sevgi və nəvaziş bitir. Xoşbəxtlikdən Zahir bəy belə deyil.
Zahir bəy sahib olduqlarının qədrini bilir, sadəcə. Nəyə sahib
olduğunu anlayır və bunu dəyərləndirir. Və qarşılığını da görür.
Mən isə uşaqlıqdan buyam, bəlkə mənim normallarımla kiminsə
anormalları üst-üstü düşür, amma bu belədir…

– Əsas odur ki, xoşbəxtsiniz…

– Bəli… Bu sözü deməkdən də qorxuram, bilirəm, kütlə buna
fərqli münasibət göstərir. Nəzər deyilən şey də var. Mənim
xoşbəxtliyimsə azadlığımdır. Mənim öz azadlıq alanıma heç Zahir də
girə bilməz. Mən orda təkəm. Və kimsə ora müdaxilə etsə, qanadı
qırılmış quş kimi olaram.

– Deyirlər ki, məişət divarları arasında ölməyən sevgi
yoxdur. Qayğılar bir gün sevginin mənasını, mahiyyətini dəyişir,
itirir. Bəs Zahir Əzəməti 10 il ərzində sizin üçün maraqlı və
aktual edən, sizi bezməyə qoymayan nədir?

– Mən romantik adam deyiləm. Zahir mənə gül alanda gülürəm,
deyirəm ki, dəlisən, buna pul verirsən? Rasional adamam. Ailə
quranda sevgi və məntiqim bir arada özünü göstərdi. Məntiqsiz və
ağılsız atdığım heç bir addımım olmayıb. Bu yola isə ağlımla yox,
qəlbimlə girmişəm. Məndə qəribə balans var. Bilirdim ki, 10 il
sonra ilk günlərdəki kimi Zahirin əli əlimə dəyəndə içim
titrəməyəcək. Amma elə şeylər var ki, sevgidən önəmlidir. Zahir
bəyin mənə qadın, uşaqlarının anası kimi sevgisi, sayğısı, inamı,
hörməti hər şeydən vacibdir. Yəqin, o da çox müdrikdir ki, balansı
qoruya bilir. Zahir düz 7 il səy göstərib ki, məni özünə bağlasın.
İnanmıram ki, başqa adamla bu qədər müddət yaşaya bilərdim. O,
rahatdır, məni güldürür. Bir məsələ də var ki, biz bir-birimizi çox
az görürük, bəlkə də sirr bir az da burdadır, bir-birimizi
bezdirmirik. Bəzən ayrı otaqlarda ayrı kitablar oxuyub, ayrı
filmlər izləyə bilərik. Önəmli olan eyni nöqtəyə vura
bilməyimizdir.

– Deyirsiniz, azad bir dünyam var, ona heç kim müdaxilə
etmir, təkəm. Ola bilər ki, bir gün ayrılmaq qərarına gəldiniz,
Zahir bəy buna müdaxilə etməyəcək? Belə bir azadlığınız da
var?

– Əlbəttə, var. Bilirsiniz, o əvvəldən bilir ki, acından ölsəm
də, mən istəmədiyim yeməyi yemərəm. O bilir ki, istəməsəm, heç vaxt
onun yanında olmaram. Mən istəmədikdən sonra onun nəyinə lazımdır
ki, məni zorla saxlasın. Eyni şeyi o da mənə desə, deyərəm ki,
yaxşı yol.

– İkiniz də qələm adamısınız… Əvvəllər yazılarınız,
şeirləriniz tez-tez çap olunurdu. Amma evlənəndən sonra sanki,
birlikdə qərara gəldiniz ki, ədəbiyyata ömür sərf etməyə
dəyməz…

– Ədəbiyyatı ya yaşamalı, ya da yazmalısan. İnsan roman
yaşayacağı vaxtda niyə roman yazsın ki? Mən ömrümü yaşamaq
istəyirəm, ömrümü yazmağa sərf etmək istəmirəm. Bəlkə də bəhanə
edirəm. Yazı gələndə onsuz da adamı dəlib keçir. Mənim uşaqlarımla
əylənən, oynayan vaxtımdır. Yaşamağı seçirəm. Zamanın dadını
çıxarmaq istəyirəm. Məncə, yazmaq üçün hələ vaxtım var. Düzdür, hər
an hər şey ola bilər. Ölə də bilərəm. Nə bilim. Qayğılar da çoxdur,
yuvamız təzə qurulub.

– Neçə kitabınız var?

– Bir şeir, bir də hekayə kitabım var.

– Hazırda yaradıcılıqla məşğulsunuz? Nəsə
yazırsınız?

– Heç vaxt məhsuldar olmamışam. Arada tək-tək şeirlər olur.
Onların da çoxu özümü təkrarlayandır. Yarımçıq əlyazmalarım,
povestim var. Hər şey yarımçıqdır…

– Sevinc xanım, baxanda tamamilə yenilikçi qadın təsiri
bağışlayırsınız. Amma hərdən mənə elə gəlir ki, düşüncəniz,
daxiliniz xaricinizə uduzur. Klassiklərimizə qarşı da sayğınız
bəzən kor-koranə təsir bağışlayır.

– Mənim üçün belə bir prinsip var: nə olur olsun, mədəni olsun.
Mən Markesi bəyənmirəm. Bəlkə də bu sözümə kimsə gülər. Amma o
mənim yazıçım deyil. Professionallığını qəbul edirəm. Amma hiss edə
bilmirəm, zövq almıram. Bu, mənə o haqqı vemir ki, mən Markesi
söyüm. Klassikləri isə hamı kimi oxumamışam, tədrisini almışam. Və
mənim bütün tələbəlik illərim paralel olaraq onlarla bağlıdır.
İkinci sinifdən ərəb dilində əlyazmalar oxumuşam. Elə bil mən
klassiklərimizi söyməklə böyük gənclik və uşaqlıq xatirələrimə
söymüş oluram. Duyğularım buna imkan vermir.

İkincisi, guya onları söyməklə inkar etmək mümkündürmü? Əgər
yeni estetik dəyər yoxdursa, köhnələri niyə müzakirə edirsən?
Özlərini bu cür əsaslandırmağa çalışırlar ki, Axundov da Füzulini
inkar edirdi. Axı Axundov yeni estetik dəyərlər ortaya qoyurdu. Biz
yeni bir şey yarada bilmiriksə, acığımızı köhnələrdən çıxmalıyıq?
Hamını söy, bəs kim qalacaq? İstəmirsən, istəmə, zövq almırsan,
alma.

– Klassiklərimizə münasibət mövzusunda Elçin Əlibəyli də
veriliş hazırlamışdı. Orda siz özünüzə qarşı alçaldıcı bir hərəkət
görmüşdünüzmü? Sizcə, o, efirdə yazarlarımızı
alçaldırmı?

– Elçin Əlibəyli televiziya mühitində yeganə adamdır ki,
ədəbiyyata və ədəbiyyatçılara diqqət edir. Onları mütəmadi oxuyur
və özü qabağa gedirsə, onları da aparır. Öz adıma deyirəm, biz heç
kim idik. O, bizi davamlı olaraq efirə çağırırdı, biz isə öz
fikirlərimizi deyirdik. O zamanlar sosial şəbəkələr yox idi deyə,
yazıçı və şairlərimizin hamısı çayxanalarda idi. Saytlar da yox idi
və hamısı işsiz-gücsüz ortalıqda dolaşırdı. Elçin bəy onların
hamısını işə dəvət etdi, lakin heç biri bir-iki ay işləyə
bilmədi.

Şəxsən mən bu günə qədər Elçin bəydən yalnız sayğı görmüşəm. Özü
də etiraf edir ki, oxuyur. Bəyəndiyi və bəyənmədiyi şeyləri dilə
gətirən adamdır. İndi isə hamı məşhur olub, heç kim heç kimi
bəyənmir. Feysbuk hamıya tribuna verib və hamının öz “izləyici
kütləsi” var. Əvvəllər efirə çıxmaq, televiziyada görünmək üçün
sino gedirdilər. İndi isə vəziyyət tamam başqa cürdür. Nə zaman
Elçin Əlibəyli məni verilişinə çağırsa, orda heç kim olmasa belə
gedəcəyəm. Mənim ona vəfa borcum var. Məni heç kəs tanımayanda
Elçin bəy məni efirə çağırırdı. Deyirdi ki, belə bir şair, yazıçı
var. İndi adamlar feysbukda bir-iki şeir paylaşıb on layk qazanır,
sonra özü haqqında yazı göndərəndə deyir ki, tanınmış şair
filankəs. A bala, sən hardan tanınmış oldun axı?

– Sizi tanıyırlarmı?

– Tanıyırlar. Bu isə mənə zövq verir. Düzdür, tanınmağın mənfi
tərəfləri də var. Amma hansısa kənddə, rayonda tanımadığım
adamların məni tanımasından zövq alıram.

– Sevinc xanım, Azərbaycanda qadın hüquqsuzluğundan
tez-tez danışılır. Sizcə, bizdə qadın hüquqsuzluğunu bu qədər
şişirtmək düzgündürmü? Doğrudanmı, bizim cəmiyyətdə qadınlara qarşı
ciddi ayrı-seçkilik var?

– Deməzdim ki, şişirdiləcək səviyyədədir. Məsələn, bizdə bir çox
rəhbər işçilər qadınlardır, istənilən şirkətdə əsas işçilər
qadınlardır. Hətta taksi sürücüsü olan qadınlar da var. Bölgələrdə,
kəndlərdə, əyalətlərdə qadın hüquqsuzluğu var. Bu isə ata və anadan
asılı olaraq qız uşaqlarının erkən nikahları və s. kimi təzahür
edir. Yenə də hər şey qadının özündən asılıdır. Düzdür, 17 yaşlı
qıza qadın demək olmur. Amma öz haqqını bilənin haqqını necə
tapdalamaq olar ki?..

– Məsələn, siz məhz qadın olduğunuz üçün hüquqlarınızın
tapdandığını görmüsünüzmü?

– Mən bunu yalnız bir sferada hiss etmişəm. Bəzən sükan
arxasında olanda sürücü məhz qadındır deyə sıxışdırmaq istəyirlər.
Bu məqamlarda çox tədbirli davranıram.

– Yol polisləri ilə necə yola gedirsiniz,
cərimələyirlər?

– Polislər axı günahsız yerə heç kimi tutub cərimələmirlər. Amma
güzəşt də etdikləri olur. Düzü, bu, qadın olduğuma görə deyil. Olub
ki, məni saxlayanda təəccüblənib deyib ki, siz elə bir manevr
etdiniz, inanmazdım, sürücü qadındır. Bəzən tanıyıb hörmət edirlər.
Ümumiyyətlə, mən sükan arxasında qayda pozmağı xoşlamıram.

– Avtoşluq etməkdən xoşunuz gəlir?

– Bəzən hə. Yol boş olanda (gülür). İnsan həyatı söz
konusudursa, mütləq məsuliyyətli olmaq lazımdır.

– Sevinc xanım, avtobusda, metroda kişilər niyə
qadınlara yer verilməlidir? Bunu necə izah edərdiniz?

–Oturmağa ehtiyacı olan insana yer vermək lazımdır. Görürsən ki,
insanın üzündən əzab tökülür, işdən gəlir, yorğundur. Onun yanında
necə otura bilərəm? Bu, bir az vicdan məsələsdir. Amma zorunda da
deyiləm, yer verməyə də bilərəm. “Verilməlidir” deyə bir qayda
yoxdur, ümumiyyətlə, mən “-malı”, “-məli” şəkilçilərini sevmirəm.
Heç nə vacib deyil. Vacib olan həyatı yaşamaqdır.

– Maraqlıdır, uşaqlarınızın gələcəyini necə görmək
istəyirsiniz?

– Sadəcə, sağlam və gözəl insan olmaqlarını istəyirəm. İnsanlara
qarşı xeyirxah və vicdanlı olsunlar. Mən insanlara qarşı yanlış
etməməyə çalışıram. Bir də görürsən ki, biri aqressivdir, amma mən
daha müsbət cavab verməyə çalışıram. Çalışıram ki, insanlar mənə
qarşı etdikləri hərəkətə görə özləri üzr istəsinlər. Yaxşı olmağa
çalışıram, bir insana qarşı neqativim varsa, çalışıram, problemi
özümdə axtarım və düzəldim. Elə anlarda katarsis başlayır.

– Məşhur tribunalarda veriliş aparıcısı olmaq arzunuz
olubmu?

– Həmişə belə bir şansım olub. Bildiyin kimi 15 il televiziyada
redaktor işləmişəm. Bu cür imkanlarım çox olub. Amma mən bu iş üçün
yaranmadığımı hiss edirəm. Çünki aparıcılıq peşəsində
məcburiyyətlər var, məcburi üzə gülmək, kimisə məcburi tərifləmək.
Mən bunları bacarmıram.

– Sizcə, doğurdanmı qadın öz gücünə parlaya, uğur qazana
bilər? Bizdə nə vaxta kimi uğurlu xanımların arxasında bir kişi
təsəvvür ediləcək?

– Molla Nəsrəddin deyir, bizim millət belədir ki, eşşəyin
üstündə yol getsək, eşşəyə yazıqları gələcək. Amma yanında getsək,
deyəcəklər ki, axmaq o boyda eşşəyə minmir. Nə etsən, mütləq nəsə
deyən tapılacaq. Amma o adamların fikri mənə maraqlı deyil. Mənim
uğurlarımda Zahirin də zəhməti var, ən azından mane olmur. Mane
olmamağı əsas verir, deyəm ki, bəli, arxamda dayanan kişi var.

– Hiss eləmisinizmi, sizə Zahir Əzəmətə görə çox güzəştə
gediblər? Yəni tutaq ki, içində sizə qarşı deyiləsi çox sözü var,
amma Zahir bəyə görə dilə gətirmir… Məsələn, kimsə hardasa
müsahibə verir, Zahirə görə orda sizin də adınızı çəkir və ya
Zahirə görə deyə bilmir ki, Sevinc çox
istedadsızdır…

– Hələ ki, Zahirə görə adımı müsahibəsində çəkən olmayıb, day o
qədər də ürəkli deyillər (gülür). Məni Zahirdən əvvəl də
tanıyırdılar. Ondan əvvəl də Sevinc Çılğın idim, Zahirlə də Sevinc
Çılğınam, sabah Zahir olmasa da, Sevinc Çılğın olacağam. İkincisi,
qızıl onluq deyiləm ki, hamı məni bəyənsin, sevsin, istəsin. Bəlkə
kiminsə tərəzisində istedadsızam, bəlkə kiminsə də yanında
ağıllıyam və s. Önəmli olan özümün özüm haqqımda nə düşündüyümdür.
İnsan öz çəkisini biləndə nə tərifdən başı gicəllənir, nə də
tənqiddən narahat olur.

– Bəzən insan özü haqqında çox yüksək fikirdə
olur…

– Bəli, yüksək fikirdəyəm. İnsan kimi yüksək fikirdəyəm. Siz
ədəbiyyat müstəvisində soruşursuz?

– Hə, sırf yaradıcılıq baxımdan soruşuram.

– Xeyr, böyük iddialarım yoxdur. Əksinə, görürəm ki, yazdığı iki
statusla özünü böyük hesab edən insanlar var. Bu, mənə gülməli
gəlir. Bəlkə bundan sonra heç nə yazmayacağam. Və yaxud, bəlkə
yazdıqlarım yaxşı, professional oxucu olmaqdan ötrü atılmış
addımlar idi? Hamı yazır da.

– “Yumurta” kitabınız necə odu? İçindən cücə
çıxdı?

– Hələ ki, çıxmayıb. Çıxsaydı, səsini eşitmiş olardınız
(gülür).

– Dünyada bu qədər böyük şeylər varkən, niyə kitabınızın
adını “Yumurta” qoydunuz?

– Yumurta dünyanın başlanğıcıdır. Məgər biz özümüz yumurtadan
çıxmamışıq? O kitabda hər şey bir konsepsiya şəklindədir. Söhbət
real yumurtadan getmir. Hərə öz ağıl səviyyəsinə görə anlayır. O
kitab bütün lax yumurtalara ithafdır…

Kəramət Böyükçöl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp