Bakıda bayram çadırları İŞƏ BAŞLAYIR
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün
çadırlar qurulub. Bu günlərdə çadırlarda bayram məhsullarının
satışına başlanması nəzərdə tutulub.
Bu barədə Publika.az–a Bakı Şəhər İcra
Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin
rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, artıq bir neçə rayon ərazisində çadırlar
qurulub:
“Proses mərhələli şəkildə davam edir. Bakının hər bir rayonu
ərazisində bu cür çadırların qurulması planlaşdırılır. Əvvəlki
illərdən də insanların alışdığı kimi çadırlar əsasən “Gənclik”,
“Elmlər Akademiyası”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Koroğlu”
və digər metro stansiyaları giriş-çıxışlarında quraşdırılacaq”.
Ə.Bağırovun sözlərinə görə, çadırlarda satışın təşkil
edilməsində məqsəd bayramöncəsi qiymətlərin tənzimlənməsidir:
“Bununla yanaşı şəhərin müxtəlif yerlərində pərakəndə şəkildə
satışın və antisanitariyanın qarşısını almaq üçün bu addım atılır.
Yarmarkalarda əsasən bayram atributları – şəkərbura, paxlava, qoğal
kimi şirniyyatlar, yumurta, çərəzlər satılacaq”.
Onun sözlərinə gğrə, bayram çadırlarında satış mart ayının
25-dək davam edəcək.
Gülxar