Azərbaycanlıların qurultayı başa çatdı – FOTO/VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 27-də Amsterdamda Avropa Azərbaycanlıları
Konqresinin (AAK) növbədənkənar qurultayı keçirilib.

Axar.az xəbər verir ki, qurultayın işində Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad
İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev,
Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra
aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak
ediblər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov qurultayın açılışında çıxış edib.

Əli Həsənov deyib ki, Avropa Azərbaycanlıları Konqresinin hər
bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə
hesab olunur. Dövlətimizin inkişafını, diasporumuzun qarşısında
duran vəzifələrin aktuallığını, müzakirə olunan məsələlərin
vacibliyini nəzərə alsaq, bu qurultay tam vaxtında keçirilir.
Qurultayın indi keçirilməsi Avropa azərbaycanlılarının ötən
dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri
müəyyən etmək baxımından məqbul sayıla bilər.

Prezidentin köməkçisi fevralın 26-da Xocalı soyqırımının 26-cı
ildönümü ilə bağlı Amsterdamda keçirilən anım tədbirindən danışaraq
deyib: “Xocalı soyqırımı bir günün məsələsi deyil. Xocalıya gələn
yolun – ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən
artıq tarixi var. Ermənilər xarici havadarlarının dəstəyindən
istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət
qurublar. Ermənilər azərbaycanlıları zaman-zaman öz torpaqlarından
qovub, qətlə yetirib, soydaşlarımızın yaşadığı yerləri dağıdıblar.
Faktiki olaraq ermənilər böyük dövlət qurmaq arzularını
azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından
didərgin salınması, millət olaraq varlığına son qoyulması
istiqamətində aparmağa çalışırlar. Əlbəttə, bunlara yardım
edənlərin də öz məqsədləri var.

Xocalıda həlak olanlar dinc insanlar idilər. Ermənilər bu
soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, yaşadıqları
torpaqlardan kütləvi şəkildə qovmaq kimi mənfur məqsədlə
törədiblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu
ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Ermənilərin
xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş
vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün
dünyaya çatdırmaq həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin,
həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə, bunu həyata
keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir
anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın
ayrı-ayrı ölkələrində yuvalar qurub, buna dünyanın aparıcı media
nümayəndələrini cəlb ediblər. Onlar xarici ölkələrin antimüsəlman,
antitürk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni
lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarını da bu işə cəlb ediblər. Onların
lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki,
güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında
mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə
qarşısındayıq”.

Ermənilərin Dağlıq Qarabağda həyata keçirdikləri işğal
siyasətinin 30 illiyini utanmadan, çəkinmədən son vaxtlar “Artsaxı
tanıdaq” adı ilə dünyada qeyd etdiklərini diqqətə çatdıran Əli
Həsənov deyib: “Ermənilər böyük mərkəzlər yaradıblar. Bu
mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva,
biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı
ermənilər pul köçürürlər. “Artsaxı tanıdaq” kampaniyasının da
məqsədi dünyanın müxtəlif ölkələrinin səyyahlarını,
siyasətçilərini, keçmiş və indiki dövlət xadimlərini, məşhur
jurnalistləri, bloqqerləri Ermənistana aparıb oradan Dağlıq
Qarabağa keçirməkdir. Dağlıq Qarabağda yaradılan mövcud rejim real
vəziyyəti dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərir. Guya
orada formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir
və sair məsələləri təbliğ edirlər. Belə şəraitdə biz Xocalı
soyqırımının ildönümünü hər il keçiririk və keçirməliyik. Bu
məsələdə diasporumuzun üzərinə mühüm vəzifə düşür. Hər bir
azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı
fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu il Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinin tamam olmasından da ermənilər
anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər. Əli Həsənov deyib:
“Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçiliyimizin bir
parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik
dövlətçilik tarixi var. Amma ermənilər undurlar ki, onlar İrəvan
xanlığının ərazisində dövlət qurublar. İrəvan xanlığı Azərbaycan
dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimizin tarixi daha qədimə
gedir. XVI əsrdə artıq mükəmməl Səfəvilər dövlətinin olması buna
sübutdur”.

Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların
çıxışlarının verildiyini söyləyən Əli Həsənov deyib: “Bizim
qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin
əbədiyaşar olması vəzifəsi durur. Qarşımızda Azərbaycanın iqtisadi,
sosial, siyasi maraqlarının təmin olunması məqsədi dayanır”.

“Azərbaycan mətbuatı, diasporu dövlət maraqlarının qorunmasını
qarşısında məqsəd kimi qoyur və qoymalıdır”, – deyən Prezidentin
köməkçisi qeyd edib: “Biz 30 ildir Ermənistanın Azərbaycana qarşı
apardığı işğal siyasətini dünyaya çatdırmaqla yanaşı, Azərbaycanın
Cənubi Qafqazda sülh tərəfdarı olmasını da təbliğ etməliyik.
Diaspor bunu qarşısına vəzifə kimi qoymalıdır. Azərbaycan enerji,
nəqliyyat, kommunikasiya siyasətini təkcə öz xalqının maraqları,
firavan həyatı üçün istifadə etmir. O cümlədən digər bölgə
ölkələrinə, işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə elə
Ermənistana da şərait yaratmaq istəyir.

Azərbaycan bölgəyə sülh, firavanlıq, Ermənistan isə müharibə,
işğal, fəlakət gətirir”.

Azərbaycan diasporunun, həmçinin ölkənin transmilli, geosiyasi
maraqlarını təbliğ etməsinin zəruriliyini vurğulayan Əli Həsənov
deyib: “Bu gün Azərbaycan Avropa İttifaqının reallaşdıra bilmədiyi
“Nabucco” layihəsini Türkiyə ilə birlikdə həyata keçirir. “Cənub
Qaz Dəhlizi” layihəsi faktiki olaraq Avropaya ikinci enerji
təhlükəsizliyi nəfəsi verəcək. Bu istiqamətdə təbliğat
aparılmalıdır. Ermənilər bunlara mane olmaq istəyir, onların bu
əməllərini yaşadığınız ölkədə təbliğ edin. Ermənilər ayrı-ayrı
ölkələrin bəzi media orqanlarında bu layihələrin əleyhinə çıxış
edirlər. Hansı ki, o ölkələrin Azərbaycanın enerji resurslarına
həqiqətən böyük ehtiyacı var”.

Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın
maraqlarının əsas prioritetini təşkil edir. Bu gün Azərbaycan
Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti
yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri bunu aydın
göstərdi. Bu gün bizə mane olmasalar, yaxud da biz ermənilərin
Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, bir ay
ərzində torpaqlarımızı azad etmək gücündəyik. Bunun üçün əsas
resurs dövlətdir. Dövlətimiz inkişaf edir, möhkəmlənir. Prezident
İlham Əliyev 15 il ərzində Azərbaycanı inkişaf etdirərək dövlətin
mövcud imkanlarını azı 3,5 dəfə artırıb. Büdcə, sosial resurslar,
hərbi, iqtisadi, xarici siyasət resursları və sair buna aiddir. Bu
gün Azərbaycanın demək olar ki, həll edə bilməyəcəyi məsələ yoxdur.
Bizim həll edilməyən yeganə problemimiz Dağlıq Qarabağ məsələsidir
ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq
bütün sivil dünyaya haqlı olduğunu çatdırıb. Təəssüf ki, beynəlxalq
aləmin ikili standartlar səbəbindən hələ ki, son qərar
verilməyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin rəsmi resursları
ilə yanaşı, milli elita, media və diaspor da ölkənin xarici
siyasətinin, milli maraqlarının təbliğində xüsusi rola və gücə
malikdir.

Müasir dünyada gedən proseslərə toxunan Əli Həsənov bildirib ki,
indiki dövrdə biz birlikdə güclü ola bilərik. Odur ki, biz xarici
ölkələrdə yaşayan azərbaycanlılara inanırıq, güvənirik. Amma, eyni
zamanda, istəyirik ki, siz də Azərbaycan dövlətinə inanasınız,
güvənəsiniz. Bu il bizi çoxsaylı tədbirlər gözləyir. Düşünürəm ki,
bütün bu məsələlərdə siz öz enerjinizi, dəyərli vaxtınızı
əsirgəməyəcəksiniz. Azərbaycan dövləti də həmişə sizə dəstək olmağa
hazırdır. İnanıram ki, Azərbaycan dövlətinin xaricdə yaşayan
azərbaycanlıları birləşdirmək istiqamətində atdığı hər bir addım
sizin tərəfinizdən təqdir olunur, dəstəklənir və siz bu addımlara
söykənərək öz aranızda daha sıx birlik yaradacaqsınız, ana Vətən
olan Azərbaycanla birliyinizi möhkəmləndirəcəksiniz və Azərbaycanın
tərəfdaşları ilə çiyin-çiyinə verərək bizim maraqlarımızın ifadə
olunmasında iştirak edəcəksiniz.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
çıxışında soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və
mədəni həyatına daha çox inteqrasiya etmələrinin əhəmiyyətindən
danışıb. O bildirib ki, Avropada azərbaycanlıların yeni nəsli
yetişir. Azərbaycanlılar çalışmalıdırlar ki, yaşadıqları ölkələrdə
cəmiyyətə daha çox inteqrasiya etsinlər, yeni nəslə daha çox
imkanlar yaratsınlar.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dövləti
diasporun inkişafına maksimum dərəcədə dəstək verir və bu məsələ
Prezident İlham Əliyevin daim diqqətindədir. Harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı öz Vətəni üçün fəaliyyətini
gücləndirməlidir.

AAK-ın son dövrlər bir sıra uğurlu layihələr həyata keçirdiyini
vurğulayan Nazim İbrahimov bildirib ki, bu qurultay təşkilatın
tarixində yeni bir səhifə açmalıdır. “İndi bizim qarışımızda yeni
vəzifələr dayanır. Azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi
proseslərə təsir imkanına malik bir gücə çevrilməlidir. Azərbaycan
Prezidenti də dünya azərbaycanlılarının son qurultayındakı nitqində
bu məqamı xüsusi olaraq vurğulayıb. Hesab edirəm ki, biz bu
qurultayda yeni dövr üçün fəaliyyətimizin strategiyasını dəqiq
müəyyən edəcəyik”, – deyə o bildirib.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa
İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov
qurultayda çıxış edərək xaricdəki Azərbaycan diplomatlarının
diasporun dəstəyinə ehtiyacı olduğunu qeyd edib.

Səfir deyib ki, diplomatların fəaliyyətində nəticələrin əldə
edilməsində diasporun rolu güclü olmalıdır: “Mən xüsusilə
Avropadakı diasporumuzu bu məsələdə fəal olmağa çağırıram. Avropa
Parlamentində erməni diplomatları deyil, diaspor nümayəndələri
danışıqlar aparırlar. Bu səbəbdən diasporumuz üçün yerli
deputatlarla əlaqələrin gücləndirilməsi prioritet məsələ olmalıdır.
Azərbaycanın Avropadakı real fəaliyyətini genişləndirməliyik. Bu
gün Avropanın bir neçə ölkəsində Azərbaycan həqiqətləri ilə bağlı
abidə var. Bu, təbii ki, diasporun uğurudur, amma əlaqələrin
genişləndirilməsində daha fəal olmalıyıq. Mən açıq deyə bilərəm ki,
ermənilərlə mübarizənin diplomatik, hərbi və eyni zamanda, diaspor
cəbhəsi var. Diasporun qarşısında ciddi vəzifələr durur”.

Daha sonra AAK-ın prezidenti Sahil Qasımov geniş hesabat
məruzəsi ilə çıxış edərək təşkilatın 2017-ci ildəki fəaliyyəti
barədə qurultay iştirakçılarına məlumat verib. Avropadakı diaspor
fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın
ideya-siyasi birliyinin daha da gücləndirilməsi məqsədilə 2017-ci
ildə qitədə 4 yeni diaspor təşkilatının yaradıldığını qeyd edən AAK
prezidenti Konqresin V Qurultayından ötən dövr ərzindəki
fəaliyyəti, xüsusilə də Avropada yaşayan soydaşlarımızın
təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və
yaşadıqları cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətləri ilə
bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, diaspor
təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı
istiqamətindəki görülmüş işlər barədə məlumat verib.

Sonra AAK-ın VI qurultayının mandat komissiyası sədrinin
məruzəsi dinlənilib.

Qurultay Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə,
Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş
panellərlə davam edib.

Qurultay çərçivəsində Azərbaycan diasporunun fəaliyyətinə
verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya medallar və
fəxri fərmanlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp