“Azərbaycan Cənubi Qafqaza sülh, barış gətirmək istəyir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam
olur. Əlbəttə ki, bu 100 illik bizim dövlətçilik tariximizin kiçik
bir parçasıdır. Bu gün ermənilər bundan da istifadə edib
anti-Azərbaycan siyasəti həyata keçirilər. Deyirlər ki,
Azərbaycanın cəmi 100 illik dövlətçilik tarixi var və guya biz
İrəvan xanlığının ərazisinə iddia irəli sürürük.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi,
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Avropa
Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən qurultayındakı
çıxışında bildirib. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın çox qədim
dövlətçilik tarixi var:

“Sasanilər imperiyası dövründən Azərbaycan ərazisində
şimallı-cənublu, o cümlədən, Avrasiya ərazisində mövcud olan
mərkəzləşmiş Azərbaycan Səfəvilər dövləti olub. Avropada
mərkəzləşmə hərəkatı 16-cı əsrdən başlayıb, 18-ci əsrdə tamamlanıb,
amma bizdə mərkəzləşmə 16-cı əsrdə artıq tamamlanmışdı,
mərkəzləşmiş türk-Azərbaycan dövləti – Səfəvi dövləti var idi.

Yəni biz Azərbaycan dövlətçilik tarixini deyil, respublika
tarixinin 100 illiyini qeyd edirik. Bu baxımdan da ilki biz
yaratmışıq. Bütün müsəlman dünyasında cümhuriyyəti, ilk demokratik
respublikanı biz qurmuşuq. AXC 1918-ci ildə yarandı və 23 aydan
sonra süqut etdi. Bundan sonra bu dövlətin ideyaları üzərində böyük
Atatürk Türkiyə Cümhuriyyətini qurdu və AXC-nin başlayıb sona
çatdıra bilmədiyi ideyalar Türkiyə Cümhuriyyətində davam etdirildi.
Biz bunun 100 illiyini qeyd edirik”.

Prezident köməkçisi qeyd edib ki, diaspor qurumları
dövlətçiliklə bağlı yaxşı nümunələri, yazıları, tarixi
araşdırmaları, milli elita nümayəndələrinin çıxışlarını,
bəyanatlarını yaşadıqları ölkələrdə yaymalıdır:

“Yaşadığı və vətəndaşı olduğu ölkələrdə Azərbaycan
dövlətçiliyinin tarixinin tanıdılması və müvafiq dəyərlərinin
təbliğ olunması üçün öz imkanlarınızdan istifadə etməlisiniz.
Azərbaycan mediasında Azərbaycan dövlətinin maraqları barədə
yazılar, dövlət rəsmilərinin müsahibələri, ziyalılarımızn,
ayrı-ayrı politoloqların, millət vəkillərinin çıxışları olur.
Azərbaycanın qarşısında duran əsas öhdəliklər dövlətçiliyimizin
qorunması, əbədiyaşar hala gətirilməsi, Azərbaycan dövlətinin
iqtisadi-siyasi-sosial təhlükəsizlik maraqlarının təmin olunması,
dövlətimizin maraqlarının xarici aləmin, o cümlədən, bizim
tərəfdaşlarımızın maraqları ilə uyğunlaşdırılması, Azərbaycanın
bölgənin aparıcı dövlətləri sırasında öz yerini möhkəmlətməsi üçün
zamanın, qloballaşan dünyanın müasir çağırışlarına uyğun olaraq
dünya enerji, nəqliyyat, kommunikasiya, logistika, informasiya,
texnologiya və s. sahələrdə onun yerinin getdikcə
möhkəmləndirilməsidir.

Bir sözlə, Azərbaycanın dövlət maraqlarını biz zaman-zaman
mediada, mətbuat orqanlarında, televiziyalarda dövlət rəsmilərinin,
bizim milli elita nümayəndələrinin dilindən səsləndiririk. Bu
vəzifələrə müvafiq olaraq diaspor təşkilatları da öz
fəaliyyətlərini qurmalıdır”.

Ə.Həsənov vurğulayıb ki, bu il Azərbaycan-Ermənistan
münaqişəsinin 30 ili tamam olur:

“Bu ərəfədə, əlbəttə, işğalı, işğalın nəticələrini dünyada
təbliğ etməlisiniz ki, Azərbaycan Cənubi Qafqaza sülh, barış
gətirmək istəyir. Azərbaycan özünün enerji, nəqliyyat,
kommunikasiya siyasətini təkcə Azərbaycan xalqının maraqları,
firavan həyatı üçün istifadə etmir, o cümlədən, digər bölgə
ölkələrinə, elə Ermənistana da – işğal siyasətindən əl çəkəcəyi
təqdirdə – şərait yaratmaq istəyir. Biz bölgəyə iş yerləri, firavan
həyat, əmin-amanlıq, barış gətiririk, ermənilər isə müharibə,
fəlakət, qarşıdurma gətirir.

Bunlar təbliğ olunmalıdır. Ermənilərin militarist siyasəti bizi
bəzən məcbur edir ki, dinc məqsədlər üçün istifadə edəcəyimiz vacib
maliyyə vəsaitini silahlanmaya yönəldək. Çünki Azərbaycanın
təhlükəsizliyi bizim üçün önəmli məsələdir”.

Ə.Həsənov diaspor nümayəndələrinə ünvanlanan çıxışında bu
istiqamətlər üzrə təbliğat aparılmasının vacibliyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp