Xocalıda öldürülən 63 uşağın xatirəsi əbədiləşdirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq
məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası
keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət
nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini
ifa edib.

Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.

Sonra aksiya iştirakçıları müxtəlif dillərdə “Uşaqlar və
müharibə” mövzusunda çıxış ediblər.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya
iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini
əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər.

Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və
yaşı əks olunmuş lövhələr asılıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu
hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən
unudulmamasına yönəlmiş aksiyaya Azərbaycan Uşaqlarının IV
Ümumrespublika Forumunun 120-yə yaxın iştirakçısı, o cümlədən
ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar
qoşulub.

Qeyd edək ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə
kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start
verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı
beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp