Xocalı sakinləri BMT, ATƏT və AŞPA-ya müraciət ünvanladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı
Goranboy rayonunun Aşağı Ağcakənd ərazisində Xocalı soyqırımı
şəhidlərinin xatirəsi yad edilib, BMT, ATƏT, AŞPA və digər
beynəlxalq qurumlara müraciət ünvanlanıb.

Publika.az xəbər verir ki, tədbir iştirakçıları
əvvəlcə Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzüb,
şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının
müavini Lamiyə Qarayeva Xocalı soyqırımının nəticələrindən danışıb,
o dəhşətli gecədə baş verənləri bir daha yada salıb.

Bildirilib ki, bədnam qonşumuz ermənilər tarixən
azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçiriblər.
Xocalı soyqırımı isə ermənilərin törətdiyi vəhşiliklər içində ən
dəhşətlisidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə
kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı
qüvvələri keçmiş sovet ordusunun 366 saylı motoatıcı alayının
köməyi ilə Xocalının işğalını həyata keçirdilər. Xocalı soyqırımı
nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb,
613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə
yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov
götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın
taleyi bu günədək məlum deyil. Ermənistan silahlı birləşmələri
tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan
dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan
vurulub. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli
soyqırımının əsl mahiyyəti yalnız Azərbaycan xalqının xilaskar
oğlu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi
hakimiyyətə qayıdışından sonra açıqlanıb, 1994-cü ilin fevralında
Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verib.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!”
beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində soyqırımının
tanıdılması istiqamətində mühüm işlər görülür. Bunun nəticəsi
olaraq Xocalı faciəsi bir sıra ölkələrdə, ABŞ-ın 20-dən çox
ştatında soyqırımı kimi tanınıb.

Xocalı soyqırımının şahidləri çıxış edərək gördükləri
vəhşiliklərdən danışıblar.

Anım mərasimində Xocalı şəhər əhalisinin dünya dövlətlərinə,
xalqlarına və beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, AŞPA
və digər qurumlara müraciəti oxunub.

Sonra Xocalı rayon məktəblilərinin hazırladıqları səhnəcik
nümayiş etdirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım
mərasimi Goranboyun Yeni Yaşayış massivində davam etdirilib.
(Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp