“Xocalı 613” əsəri ilə Fransanı silkələyən məşhur bəstəkar: “Hələ də yas tuturam”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az-ın növbəti müsahibi məşhur Fransa bəstəkarı,
“Xocalı 613” əsərinin müəllifi Pyer Tiluadır (Pierre
Thilloy).

– Pyer Tilua kimdir?

– Bir neçə cümləyə sığdırmaq çox çətindir, amma özümü sizə belə
tanıda bilərəm – bəstəkar, səyyah, dadlı yeməklərin həvəskarı,
dünyadakı bütün gözəlliklərin aşiqi… Lakin nədənsə eşqimiz
artdıqca, ömrümüz qısalır.

– Amma bu yaradıcılıq sevgimizi söndürmür, əksinə daha
da alovlandırır. Duyğularınızın səsini ilk dəfə nə vaxt nota
köçürmüsünüz?

– Musiqi bəstələməyə kifayət qədər gec başlamışam. İlham
qaynağım da Bethoven olub. Onun əsərləri məni daim öz sehrinə
salıb.

– Niyə məhz musiqi dilində danışmağı
seçdiniz?

– Çünki musiqi dili insanların qəlbini qırmır, onları incitmir.
Bəzən düşündürür, bəzən sevməyə vadar edir, hətta zaman qatarına
mindirib, səyahətə aparır, amma əsla hisslərini alçaltmır. Musiqi
ürəyimizin dilidir.

– İmprovizasiya və kompozisiya arasında nə kimi fərq
var?

– Bunlar bir-birindən fərqli iki anlayışdır. İmprovizasiya bir
anlıqdır, dəyişkəndir. Kompozisiya isə özüldür, toxunulmazdır. Belə
bir deyim var: Sözlər uçub gedir, bizə məktublar qalır. Əgər
improvizasiya sözdürsə, kompozisiya da əlyazmadır.

Картинки по запросу pierre Thilloy

– Bəs necə düşünürsünüz, müasir kompozisiyalar
hisslərimizə hakim olacaq gücə malikdirlərmi?

– Çox çətin sualdır. Hətta deyərdim ki, estetika haqda diskusiya
üçün geniş mövzudur. Həmçinin dünya mədəniyyətinə, siyasətinə,
iqtisadiyyatına birbaşa aidiyyatı var. Lakin düşünürəm ki,
incəsənətin inkişafına öz bəhrəsini verən, ən azı buna cəhd edən
istənilən əsər təqdirəlayiqdir. Doğrudur, bu gün incəsənət
ustalarının istedadlarından çox səriştəsizliklərindən xəbər verən
minlərlə sənət nümunələri var. Vacib olan bilirsinizmi nədir,
müasir incəsənəti geniş auditoriyaya sevdirəcək qədər
təkmilləşdirmək.

– Çağdaş sənətkar kimi siz bunun üçün nə edirsiniz
?

– Əsərlərimi yazanda qarşıma bir məqsəd qoyuram. Bu kompozisiya
insanların hisslərini ovsunlaya biləcəkmi? Melodiya nə dərəcədə
onların yaddaşına hopa biləcək? Təəssüratları uzunmüddətli
olacaqmı?

– Sadaladıqlarınıza hər zaman nail ola
bilirsiniz?

– Bəzən bəli, bəzənsə əksini hiss edib, işimin üzərində
təkrar-təkrar çalışıram.

– Sizcə, bu gün keyfiyyətli musiqi yetərincə
dəyərləndirilmi?

– Təəssüf ki, xeyr. İş onda deyil ki, mən klassikanı digər
janrlardan daha çox sevirəm. Xeyr, heç də belə deyil. Sadəcə
olaraq, indi bütün dünyada aktual olan elektro və s. kimi janrlar
cəmiyyətin zövqünə, dünyagörüşünə simfoniyalar, sonatalar kimi
müsbət təsir göstərmir. Lakin yenə də hər şeyi zamanın axarına
buraxıb, bu musiqi savaşında hansı janrın qalib gələcəyini
gözləməliyik.

Картинки по запросу pierre Thilloy

– Sirr deyilsə, maddi gəliriniz barədə danışa
bilərikmi?

– İnsanlar bu haqda çox fantaziya qururlar, amma klassik əsər
yazan bəstəkarların güzəranı keçmişdə olduğu kimi indi də çətindir.
Lakin məhz onlar, belə deyək, dəbdən düşməyən brend sayılırlar. Çox
istərdim bir festival təşkil edim. Tədbir boyu müxtəlif
bəstəkarların əsərləri ifa olunsun. Lakin müəlliflərin adları
dinləyicilərdən gizlədilsin. Sonda isə hansı əsərlərin daha çox
sevildiyinə və sevilmədiyinə dair sorğu keçirilsin. Bunun
nəticəsini təsəvvür edirsinizmi? “Mən bəstəkaram” deyib, sinəsinə
döyənlər tez zamanda işsiz qalarlar.

– Bəs şəxsən siz maddi durumunuzu stabil saxlamaq üçün
nə edirsiniz?

– Mən sevdiyim musiqini bəstələyirəm. Əldə etdiyim gəlir
övladlarımın qayğısız böyüməsi üçün bir səbəbdir. Ancaq mən pul
xatirinə heç vaxt sifarişlə müsiqi bəstələmərəm. Bu cəhətimə görə
də çoxları məni sevmir.

– Bu sizi narahat etmir ?

– Təbii ki, xeyr. Əsas odur ki, mən azadam.

– Azərbaycanlı oxucularımıza sizin kimi azad ruhlu bir
neçə müasir bəstəkar adı sadalaya bilərsinizmi? Kimin musiqisini
dinləyək?

– Gözəl bəstəkarlar çoxdur, inanın. Ona görə də cəmi ikisinin və
ya üçünün adını deməkdə çətinlik çəkirəm. Bu sevindirici haldır.
Tək onu deyə bilərəm ki, sevmədiyiniz əsərləri belə dinləyin. Bu
sizə keyfiyyətli musiqini ayırd etməyə yardımçı olacaq. Həm də axı
hər musiqidə bir damla olsa belə gözəllik pay var.

– Əziz Pyer, “Xocalı 613” əsərinin müəllifisiniz.
Acımızı qəlbinizdə hiss etdiyiniz üçün şəxsən öz adımdan sizə
təşəkkür edirəm. Azərbaycanın bu qanlı tarixinə yaxından
bələdsiniz.

– İnsan taleyi əsrlər boyu siyasi və iqtisadi oyunların qurbanı
olub. Bu gün qardaş-bacı kimi yaşayan iki xalq sabah düşmənə
çevrilib, bir-birindən əsrlər boyu üz çevirə bilər. Musiqi dünyanın
ən müqəddəs dilidir və yalnız o eyni anda həm acıdan, faciədən,
nifrətdən, həm də əfvdən danışa bilər. Dünya isə bu haqsızlığa
susur və bu sükut mənim qulağımı batırır.

Bu yolverilməzdir axı. Əsərimlə Xocalıda həyatını itirmiş 613
qurbanın ruhlarını yad edib, həmin gecəyə qayıdıram. Ölənlərin
narahat ruhlarına unudulmadıqlarını, dünyanın onlar üçün hələ də
yas tutduğunu çatdırmaq istəyirəm. Bəlkə də nə vaxtsa bu əsər
sülhün rəmzinə çevriləcək.

– Bəs Fransadakı ermənilərin buna münasibəti necə oldu?
Bildiyimə görə, ailəniz dəfələrlə ermənilərin təzyiqinə məruz
qalıb.

– Gözləri və qəlbləri qəzəblə dolu olanların fikri mənim üçün
mənasızdır. Doğrudur, bu əsəri ərsəyə gətirəndən sonra karyeramda
və şəxsi həyatımda çox problem yaşadım. Amma müharibənin bitməsini
istəyənlər çoxdur. Məni bu maraqlandırır. Daim Azərbaycanı
dəstəkləmişəm və bunu hamı bilir.

– Demək ki, ölkəmiz və xalqımızla xüsusi bağınız
var.

– Düz 20 ildir ki, Azərbaycanla bağlı layihələr edirəm,
dəfələrlə ölkənizdə olmuşam. Düşünürəm ki, özümü sübut etməyə
ehtiyac yoxdur. Azərbaycanı da, millətinizi də sevirəm, çünki onlar
mənim həyat hekayəmin xüsusi hissəsidirlər. Ümid edirəm, zaman
yanılmadığımı sübut edəcək.

Картинки по запросу pierre Thilloy

– Çox primitiv, amma aktual sual: Gələcək
planlarınız?

– Gələcəklə bağlı o qədər planlarım, arzularım var ki… Ən əsası
həyatdan zövq almaq, bütün çətinliklərə rəğmən xoşbəxt olmağa
çalışmaq və ətrafımdakıların dediklərinə deyil, öz doğrularıma
inanmaq…

– Kaş ki, buna hər kəs inana…

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp