Qulaqları, başı, dırnaqları, körpə qızın isə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Xocalı insan məskəninə deyil, qarğaların sakin olduğu
məkana bənzəyirdi”.
Bu barədə ABŞ-dan olan yazıçı-publisist, Xocalı haqqında həqiqəti
ilk dəfə Qərb dünyasına çatdıranlardan olan Tomas Qolts qeydlərində
yazır.

Publika.az soyqırımın 25-cü ildönümündə
Xocalıdakı qətliam haqda xarici jurnalistlər və müşahidəçilərin
1992-ci ildə bəhs etdiklərini təqdim edir.

Amerikalı yazıçı Tomas Qolts qeydlərində
yazırdı: “Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq
ora getmək təkcə vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən
yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə
inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir hadisənin baş verdiyi
məlum idi. Vaxt itirmədən Londonun “İndependent” nəşrinin əməkdaşı
Xyu Poupla Ağdama yola düşdük. Sonuncu dəfə ora Əliflə getmişdik. O
deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir
işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki,
onların da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər
hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar. Eşitdiklərimizə
inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə
birləşərək fevralın 25-i gecəsi Xocalı şəhərini Yer üzündən silib,
yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri
cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri
çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki,
həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər,
qızı isə itkin düşüb”.

Amerikalı yazar Xocalıda öldürülənləri bildirçin ovuna
bənzədirdi. Yazırdı ki, min nəfər mülki şəxs onları müdafiə edən
bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran
edilmişdi: “Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda
qalmışdı. Xocalı insan məskəninə deyil, qarğaların sakin olduğu
məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, ola bilməzdi, belə şey
qeyri-mümkün idi. Amma bir qədər araşdırdıqdan sonra həqiqətən də
ölənlərin sayı ilə bağlı təxminimizdə yanılmadığımızı anladıq.
“Röyters”in müxbiri Elif Kaban gördüklərindən çox sarsılmışdı, o,
sanki ağılını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu.
Fotoqraf Oleq Litvin sadəcə susmuşdu, huşsuz adamlar kimi gəzirdi.
Dəhşətli şeylər danışırdılar. Meyitlərin başlarının dərisi
soyulmuş, əzaları, qıçları, qolları kəsilmişdi. Dəhşət idi”.

Xocalıda baş verənlərin şahidi olmuş İngiltərənin “Fant Men
News” telekanalının əməkdaşı R. Patrik daha sonra
deyirdi: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç
nə ilə haqq qazandırmaq olmaz”.

Xocalıdakı dəhşətlər haqqında Parisdə dərc olunan “Krua
Eveneman”
jurnalı yazırdı: “Ermənilər Xocalıya hücum
ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.
Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.

“Sandi Tayms” qəzeti “Erməni əsgərlər minlərlə
ailəni məhv ediblər”,
“Faynenşl Tayms” isə “Ermənilər Ağdama tərəf gedən
dəstəni güllələyiblər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar”
deyə yazırdı.

“Tayms” (London), 4 mart 1992-ci il: “Çoxları
eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il:
“Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının
sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.

“Le Mond” (Paris), 14 mart 1992-ci il: “Ağdamda
olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar
arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri
görüblər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu
reallıqdır”.

“İzvestiya” (Moskva), 13 mart 1992-ci il:
“Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm.
Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş
qadın, uşaq, qocalar görünürdü”.

“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci
il
: “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın
Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən
vertolyotlara malikdir. ASALA-nın Suriya və Livanda hərbi
düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman
kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv
ediblər”.

Livanlı kinooperator təsdiq edirdi ki, onun ölkəsinin varlı
daşnak icması Qarabağa silah və adam göndərir.

Jurnalist Yuri Poleneyev isə “Qarabağ qan
girdabında” kitabında yazırdı: “Xocalı hadisəsi Hitler faşizminin
Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi.
Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya
bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı
şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız
ölülər qaldı”.

Bunlar azərbaycanlıların deyil, azərbaycanlı olmayanların,
kənardan, dünyanın müxtəlif ölkəsindən, müxtəlif təşkilatından olan
insanların dedikləri həqiqətlərdir…

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp