“Ermənilərin məni zorlamaması üçün bibim…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

– Sən ermənidən qorxmursan?

– Yox, qorxmuram. Onlar bizi əsir götürəndə, o qədər görmüşdüm
ki, indi biri qabağımı kəssə, heç yerimdən tərpənmərəm. Gecə ilə
kəndimizin bütün qadınlarını yığıb, apardılar. Mən də anamgildən
ayrı düşmüdüm. Yaxşı ki, bibim yanımda idi. Bizi buz kimi qaranlıq
bir yerə saldılar. Hərdən gəlib, gülə-gülə qapını açır, bir-iki
nəfəri götürüb, aparırdılar. İnanırsan, heç kimin yaşına da
baxmırdılar. Hamısını növbə ilə zorlayıb, gətirib, otağa atırdılar.
Sonra da qupquru çörək, azca su verirdilər. Onlar otağa hər girəndə
bibim məni qırmızı paltosunun altında gizlədirdi. Cəmi 9 yaşım
vardı. Elə eləyirdi ki, məni də aparmasınlar. Mənim yerimə özü
gedirdi.

***

Xocalı qətliamı hər dəfə bir yaş da böyüdükcə məktəbimizdəki o
qızın etinasız, qorxusuz şəkildə dilə gətirdiyi zülmət xatirələr də
beynimin bir küncündə boy atır. Qırmızı paltonun altına uşaqlığı,
məsumluğu gömülən o balaca indi 35 yaşlı qadındır. Bilmirəm, bəlkə
də təsəvvüründəki bütün kişilər elə o qara zirzəminin qapısını əcəl
kimi açan erməni əsgəridir. Bəlkə də ona görə bütün elçilərini geri
çevirdi?!

Məktəbimizdə bir qız da vardı. Uzun, buruq saçlarına tez-tez
rəng qoyurdı. Hərdən də dərsin ortasında çantasından yemək
çıxardıb, acgözlüklə yeməyə başlayırdı. Ya da qolunu açıb, özünə
iynə vururdu. Sonradan öyrəndim ki, o da Xocalıda basdırılan
uşaqlardandır. Atışmada elə qorxub ki, cəmi 5 yaşında saçları
ağarıb, üstəlik şəkərə tutulub. Ona görə insulini yanında
gəzdirir.

Kaş ki, erkən yaşda beynimə çızilən Xocalı portreti bununla tam
olaydı. Amma bu da hamısı deyil. Bir rəfiqəmin babasının gözü
önündə iki oğlunu doğramışdılar. Digər iki oğlundan hələ də xəbər
yoxdur. Biz məktəbdə oxuyanda deyirdilər ki, ermənilər girov
saxlayır, qaytaracaqlar. Bugünəcən səs-soraq yoxdur.

Похожее изображение

Təxminən 6 il əvvəl Brüsseldə Xocalı faciəsinin anım günü
keçirilirdi. Tədbirə Xocalı soyqırımının bir neçə canlı şahidləri,
daha doğrusu, canlı şəhidləri dəvət olunmuşdu. Gənc bir qadın
pərən-pərən olmuş ailəsindən danışırdı: Ermənilər atamı gözümüzün
önündə məcbur etdilər ki, onların bayrağını öpüb, bizimkini
tapdalasın. Atam dedi ki, düşmən bayrağını öpməyəcək. Üstünə nöyüt
töküb, gözümüzün önündə yandırdılar onu.

Xocalı qətliamını soyqırımı kimi qəbul etmək istəməyən
avropalılar qəhərdə boğulmuşdular, amma o susmurdu, gözündən bir
damla yaş da gəlmirdi. Çünki gördüyü vəhşət xatirində adiləşmişdi
artıq. Çıxışının sonunda isə titrək səslə, heç bir erməni uşağına
bu acını yaşamağı arzulamadığını bildirdi. Maraqlıdır, görəsən,
eyni müsibətləri bir erməni, yaxud avropalı yaşasaydı, odamı eyni
humanizmlə bitirərdi nitqini?!

Bu faciənin qurbanları ilə bir az söhbətləşəndən sonra cəhənnəmi
başqa yerdə axtarmağa gərək qalmır. Anlayırsan ki, bu qədərsiz
insanların kainata sığmayan acılarını paylaşmaq üçün ilin bir günü
deyil, dörd fəsli də yetmir.

***

Картинки по запросу xocalı genocide

İlk həmsöhbətim Mərdəkanın Günəşli sanatoriyasında məskunlaşmış
Xocalı ziyalısı Anahid Quliyevadır.

– Anahid xanım, ailənizin bir çox üzvü o gecənin qurbanı
olub. Yaranızı deşmək istəməzdim, amma xatırlamasaq da, unudulur
axı…

– O günləri anmaq həmin günləri bir daha yaşamaqdır mənim üçün.
Çox çətindir çox… O gecədən bir müddət əvvəl şəhəri blokadaya
almışdılar. Kimin əlində nə silah vardısa, gəlib götürmüşdülər. Nə
Ağdamla, nə digər rayonlarla əlaqə vardı. Ac-susuzluq idi. Bəzən
vertolyotlar un, ərzaq gətirir, gücləri çatdığı qədər qadın, uşaq
götürüb, şəhərdən çıxardırdılar. Amma bu da təhlükəli idi, çünki
məlum vertolyot qəzasından sonra camaat qorxu içində idi. Mən də 5
uşaqlı olduğuma görə gələn vertolyotların biri ilə Ağdama, qohum
evinə göndərildim. Atam, həyat yoldaşım, qardaşlarım, bacılarım,
onların ailələri geridə qaldılar. Hər günümüz bir ümidlə açılırdı
ki, yollar açılacaq, bu gərginlik aradan qalxacaq. Bilirsiniz, biz
asudə yaşamış insanlar idik. Torpağımızdan kənarda qala bilmirdik.
Ölsək də, Xocalıda ölmək istəyirdik. Amma 5 körpəm olduğuna görə,
məcbur Ağdamda qalmışdıq. Həmin gecənin səhəri qara açıldı. Əslində
üz-üzə gələndə onlar bizdən çox çəkinən millət idi. Ona görə
camaatımızı qırmaqlarına inana bilmirdik. Xocalı camaatı onların
qabağına əliyalın çıxmışdı. Yoxsa inanın, bunlar baş verməzdi.

– Bəs silahsız necə mübarizə aparırdılar?

– Atam Hüseynov Mürşid Səməd oğlu ovçu idi. Özünün silahı vardı.
Birinci dəfə fevralın 18-i rus ordusu gəlib, silahları yığdılar.
Onda da kim necə bacarıbsa, tüfəngini gizlədib. Gəlinimiz
qardaşımın silahını yatağın altında qoyub, özü də uzanıb ki, guya
xəstədir. Bax bu minvalla gözlərindən yayındıra bilib.

Fevralın 25-dən 26-na keçən gecə də ermənilər gəlib, rayonu 4
bir yandan mühasirəyə aldılar. Hər tərəfə nöyüt töküb,
yandırırdılar. Camaatı evlərdən çıxardıb, qumbara atırdılar. Bacım
da atamgildə idi. Atam aparıb, onu qayınatasıgilə qoyur ki, ora
daha təhlükəsizdir. Evi də qardaşlarıma əmanət edir. Geri qayıdanda
qardaşlarımı tapmır. Gedir bacımgilə, onlar da evlərində yox. Hamı
pərən-pərən olub, meşə ilə qaçıb, qurtulmağa çalışırlar. Qardaşım
Şikarın ayaqları donur. Yoldaşım atışmada ağır yaralanır. Bir
qohumumuz qarı yarasına basır ki, qanı kəssin. Qardaşlarım bir
dəstə ilə birtəhər yol tapıb, Ağdamın Abdal Gülablı kəndinə
çatırlar. Xəbər verirlər ki, yeznəmiz ağır yaralıdır, meşədə qalıb.
Tankla gəlib çıxarda bilirlər yoldaşımı. Sonra Bakıya hərbi
hospital gətirirlər. Xocalı camaatını o xəstəxanada görən adam ömür
boyu rahat yuxu yata biməz. Birinin əlləri yox, birinin ayaqlarını
don vurub, kəsiblər. Kiminin gözünü çıxardıblar. Nə bilim, adamın
dili söz tutmur…

Картинки по запросу xocalı genocide

Atam da bütün gecəni bacımı, qardaşlarımı axtarır, tapmır. O,
evin tək övladı olmuşdu. Biz uşaqları ona bacı-qardaş olmuşduq.
Əmisi qızını, qohumlarını mühasirədən çıxardıb, yenə bacımın
dalınca geri dönür. Yalvarırlar ki, qayıtma, atam qulaq asmır. İndi
düşünürəm ki, bəlkə atamın bacısı, anası olsaydı, onu yolundan
döndərərdi ki, geridə qalan balalarına sahib çıx. Bu mənim içimi
göynədir hələ də… Atam bir neçə kişi ilə geri qayıdır. Yanındakı
şahidlər danışırdı ki, biz də atırdıq, Mürşid dayı da. Amma onun
güllələrinin heç biri yan keçmirdi. Çünki illərin ovçusu idi atam.
Nə isə… gülləni tüfəngə dolduranda, snayperlə vurub,
öldürürlər.

Bacımgil də bu dəmdə qayınları, onların ailələrilə meşənin
sazaqlı yollarına düşürlər. Hamı yüngül ev geyimində yollara
səpələnir. Bacımın 3 oğlu vardı, 11 yaşlı Elçin, 8 yaşlı Elgiz, bir
də 4 yaşlı Mehdi. Köməkləşib, qaçırlar. Get-gedə hamı taqətdən
düşür, uşaqlar ac, susuz. Yolda neçə nəfər donub, ölür. Qarı
əridib, balalarının dodağına sürtürlər. Özü də tərslikdən fırlanıb,
yenə meşənin eyni nöqtəsinə qayıdırlar. Bacim ortancıl oğlunu,
yoldaşı Firdovsi böyük oğlunu belinə alıb, qaçırlar. Mehdini də
başqa bir qohumun belinə bağlayırlar. Dediyinə görə, həmin adam
qaçanda yıxılır, Mehdi başının üstündən düşüb, itir.

Картинки по запросу mehdi xocalı

Mehdi indi danışır ki, atam dalımca gəlirdi, amma atışma oldu,
səsi kəsildi. Odur-budur bacımın yoldaşından xəbər yoxdur. Mehdini
də ermənilər əsir götürür. Deyir, gözünün önündə qarı, qoca, cavan,
uşaq demədən hamısına əzab verib, güllələyirdilər. Bir möcüzə olur
ki, Mehdi sağ qalır. Bacım Heyranla böyük oğulları da meşədə donub
ölürlər. Xocalıda hər iki valideynini itirən 25 uşaqdan biri də
Mehdidir. Amma bu yeganə uşaqdır ki, salamat qalan bacı-qardaşı da
yoxdur.

Nə isə… qızım, Mehdi babası İsa ilə Ağdama gəldi. Babası mənə
dedi, götür, bala, tək bunu gətirə bildim. Anam Mehdini qucaqlayıb,
ağladı ki, şükür, ay Allah, balamın heç olmasa bir nişanəsi qaldı.
İkinci bacımın yoldaşı da aeroportda polis idi. O da yaralanıb,
soyuqdan şoka düşüb, keçinmişdi.

Babam Savalan İkinci Dünya Müharbəsi iştirakçısı olmuşdu. Faşıst
əsirliyində qalmışdı. Onun da ölməyi o gecəyə qalıbmış. Bir bibimlə
iki oğlü, digər bibimin hamilə nəvəsi… Saymaqla bitmir, qızım,
millətimizi qırdılar. Xalamın gözünün qabağında cavan balasını
güllələdilər.

Amma ən çox atama yanıram. Mən onunla nəfəs alırdım. Atam mənim
qardaşım, balam idi. Bir dəfə əlillər evinin yanından keçirdim.
Gördüm bir qoca kişi oturub əlil arabasında, iki ayağıı da dibdən
kəsilib. Fikirləşdim, kaş onun yerində atam olardı, qucağımda
gəzdirərdim bütün gün. Atamın məzarı Ağdamda qaldı. Anam dünyasını
dəyişəndə yanında atama da məzar düzətdik ki, ağlayıb, içimizi
boşaltmağa yerimiz olsun.

– Anahid xanım, Mehdi necədir indi?

– Yaxşıdır, şükür. Bir müddət bizimlə yaşadı. Sonra Goranboya,
babasıgilin yanına köçdü. Polis əməkdaşıdı. Yaxınlarda toyunu da
elədik. Amma bacımın bəxtsiz balasının ömrü tənha keçdi.

Biz ədalət istəyrik. Torpaqlarımıza qayıdıb, doğmalarımızın
ruhuna qovuşmaq istəyirik. Yer üzü belə müsibət görməsin bir
daha.

***

– Bənövşə xanım, siz necə xatırlayırsınız o
müsibəti?

– Cavan gəlin idim. 3 uşağım vardı. Atam rəhmətə getmişdi, ona
görə uşaqlar Bakıda anamla qalmışdılar. Qayınanamla evdə
oturmuşduq. Qaynım Şahin Haqverdiyev də aeroportda polis idi. Gəldi
bizə dedi ki, enin zirzəmiyə, küçəyə çıxmayın. Ermənilər şəhəri
mühasirəyə alıb. Düşdük zirzəmiyə. Qaynanam ağladı ki, bala,
uşaqlardan xəbər gəlmədi. Qalxıb, gizlincə baxdım ki, evdə,
həyətimizdə ermənilər gəzir. Onlara Livan ermənisi deyirdilər.
Burunlarına, qulaqlarına sırğa taxmışdılar. O müsibətdən indi də
danışanda həyəcanlanıram. Gecəyarı qaynanam, yoldaşım və mən meşə
ilə Ağdama tərəf qaçdıq. Qayınanam yaşlı qadın idi, artıq heydən
düşmüşdü. Dedi, məni qoyub, gedin. Ananı meşənin ortasında qoymaq
olar heç?! Yoldaşım paltosunu çıxardıb, anasını içinə qoydu.
Paltonu darta-darta birtəhər getdik. Yolda qaynanam donub, öldü.
Bizimkilər, bizə qranat vermişdilər ki, işdi, erməniyə rast
gəlsəniz, açın, ölün, amma girov düşməyin. Min bir zülmlə gəlib,
Ağdama çatdıq. Allahın bizə yazığı gəldi. Amma həmin gecə bir
qaynım da şəhid oldu. 5 uşağı yetim qaldı.

***

Mənsə düşünürəm ki, o gecə Allah Xocalıda ölən 613
nəfəri, hər iki valideynini itirən 25 uşağı, yer üzündən silinən 8
ailəni, öldüyü, qaldığı bəlli olmayan 1275 nəfəri unutmuşdu. O gecə
Allah Xocalını öz yaddaşından silib, bizim xatirimizə ömürlük qanlı
hərflərlə yazdı.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp