“Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə
verib.

Publika.az xəbər verir ki, müsahibə fevralın
26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən
reportajında yer alıb. Müsahibəni təqdim edirik.

Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı
düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan
oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni
xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə
bu gün buraya gəlmisiniz?

Prezident İlham Əliyev: İlk növbədə, belə bir
gündə bizimlə birlikdə olmaq və Azərbaycan xalqının faciəsinə
münasibət bildirmək üçün Bakıya gəldiyinizə görə sizin telekanala
təşəkkür etmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və
buna görə sizə minnətdaram. Bu gün Azərbaycan xalqının tarixində ən
qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu
günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt
unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı
soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb,
onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir
düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150
dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş
sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin
müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto
materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi
var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü
idi.

Bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir.
Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir.
Bu günlər Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət “dəyirmi
masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video
sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu
xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt
təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu
matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz – hər bir
azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə
dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi
möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç
vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi
potensialını möhkəmləndirməliyik.

Müxbir: İlham Heydər oğlu, bu müsahibəyə,
bizimlə vaxt tapıb görüşdüyünüzə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Müxbir: Bu, dövlət üçün kədərlidir.

Prezident İlham Əliyev: Bu gün bizimlə burada
olduğunuza görə bir daha sizə təşəkkür etmək istəyirəm. Çox sağ
olun.

Müxbir: İştirak etməkdən məmnun olduq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp